1404
18:57
26 May 2019

Uşaqları dənizə apararkən diqqətli olun - Həkim məsləhəti

Yayın ən sevilən istirahət yerlərində biri dəniz kənarı istirahət məkanlarıdır. Günəşin qızmar çağında öz ailələri ilə dənizdə çimib, isti qumda günəşlənərək istirahət edənlər heç də az deyil. Dənizi tək böyüklər deyil, uşaqlar da çox sevir.
Bəs uşaqları dənizə apararkən nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablandıran pediatr Afət İbrahimli bildirdi ki, uşaqların dərisi çox incə olduğu üçün onları günəş şüasında çox saxlamaq olmaz.
“Bildiyiniz kimi zəmanəmizdə bir çox uşaqlar D vitamini çatışmazlığından əziyyət çəkir. D vitamininin sümük quruluşunun inkişafında xüsusi rolu var. Bu vitamin çatışmazlığından əziyyət çəkən uşaqları tez-tez dənizə aparmaq tövsiyə edilir. Bu istirahət növü uşaqlara və böyüklərə çox faydalıdır. Ancaq müəyyən saatlar var ki, o saatlarda uşaqları dənizə aparmaq olmaz. Səhər 11-dən axşam saat 6-ya qədər uşaqları günəş şüasında saxlamaq təhlükəlidir. 6 aydan balaca uşaqların günəş şüasında çox olmasını ümumiyyətlə məsləhət görmürəm. Günəşin tərkibində ultra bənövşəyi şüalar var ki, həmin şüa uşaqlarda və elə böyüklərdə də, dəri xərçənginin əmələ gəlməsinə, şəkərli diabetə meyillilik varsa, şəkər xəstəliyinə səbəb olar. Sonra bir sıra insanlarda müəyyən xəstəlik var ki, bu şüalar onu daha da xroniki hala çevirib kəskinləşdirə bilər. Ultra bənövşəyi şüaların dərinin üstünə çox düşməsi dəridə bir neçə qatı zədələyir və bir sıra problemlər yaranır. Uşaqlar dənizə gedən zaman mütləq qoruyucu kremlər, kepka və günəş gözlüyü istifadə edilməlidir”-deyə A.İbrahimli bildirdi.