591
12:12
22 May 2019

72 nəfərə pul "atan" türkiyəlinin işi: "Canın çıxsın, qaytar..."

72 nəfəri aldatmaqda ittiham edilən türkiyəli iş adamı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş şəxs qismində dindirilən Araz Vəlizadə qeyd edib ki, 2014-cü ildə Hikmət Yiğitdölün rəhbərlik etdiyi binadan ev alıb və bunun müqabilində 110 min dollar pul verib:

“İki aya evi təhvil verəcəklərini dedilər. Amma dedikləri sözün üstündə durmadılar. Öyrəndim ki, evi bir neçə nəfərə satdılar. Sonra da bizə olmayan bir binadan ev verəcəyini dedilər. Həmin binanı 16-cı mərtəbədən yuxarı tikməyə icazə verməyəcəklər. Camaata da 21-ci mərtəbədən ev veriblər".

Təqsirləndirilən Hikmət Yiğitdöl isə buna etiraz edib. Deyib ki, vətəndaşlara ev satsa da sonradan işləri Qabil Əliyevə təhvil verib:

"Mən Türkiyəyə gedəndən sonra Qabil bunları aldadıb. Deyib ki, Hikmət sizin pullarınızı alıb ölkədən qaçıb".

Hikmət Yiğitdöl ondan mənzil tələb edən vətəndaşlara bildirib ki, heç kimə pul ödəmək fikri yoxdur: "Tikintiyə nəzarəti Qabil edir. İndi bina tikir və evləri təhvil verəcək".

Zərərçəkmiş Araz Vəlizadə isə söyləyib ki, həmin binanın tikintisinə icazə verilmir: "Digər binalarla sıxlıq yaratdığı üçün tikintisinə icazə verilmir. Necə ev verəcəklər? Hikmət, mən pulu sənə vermişəm. Canın çıxsın, qaytar".

Hakim zərərçəkmişi təqsirləndirilən şəxsi təhqir etməməsi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib.

Bildirək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.