1316
15:55
22 May 2019

Nazirlik: "Havaya nəqliyyatın təsiri ən çox Lökbatan dairəsində özünü göstərir"

"Atmosfer havasına nəqliyyatın təsirlərini müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolunda monitorinq keçirilib. Monitorinqin nəticələrinə görə, adları çəkilən ərazilərdə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb".
ONA -nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, havaya nəqliyyatdan olan təsirlər özünü ən çox Lökbatan dairəsində göstərir: "Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub. Bu da Neft Emalı zavodunun təsiri ilə əlaqəlidir. Eyni zamanda Bakı şəhəri Heydər Əliyev adına Neft Emalı zavodunun ətrafında da monitorinq aparılıb. Monitorinqin nəticələrinə görə, orada çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə müqayisədə daha yüksək olub".
U. Tağıyeva qeyd edib ki, Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb: "Bu ərazilər havanın keyfiyyətinə görə təmiz ərazilərdir".