1590
15:44
26 May 2019

Günəş ləkələrindən necə qorunaq? – Dermatoloq AÇIQLAYIR

Yay aylarında insanlar arasında çox yayılan problemlərdən biri də dəridə olan ləkələrdir. Günəşdən düşən bu ləkələr isə insanların bir çoxlarında kompleks yaradır.
Bəs günəş şüasından yaranan ləkələrdən necə qorunmaq olar?
Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan dermatoloq Leyla Mirzoyeva bildirib ki, günəş ləkələrindən qorunmaq üçün, qoruyucu kremlərdən istifadə etmək vacibdir:
“Günəş ləkələri adətən ağdərili insanlarda daha çox baş verir. Gənc insanlarda bu ləkələr yay aylarında çoxalır, qışda isə solur və ya tamamilə yox olur. Yaşa dolduqda isə bu ləkələr ciddi problemə çevrilir.
Günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu kremlərdir. Bu kremlər evdən çıxmazdan bir neçə dəqiqə əvvəl çəkilməlidir. Kremin qum, su, dəsmal və ya tər ilə təması zamanı silinmə xüsusiyyətinə görə, onu hər 2 saatdan bir təkrar tətbiq etmək lazımdır”.
Dermotoloq həmçinin qeyd edib ki, sözügedən kremlərin nazik qatla çəkilməsi düzgün deyil:
“Həmin kremləri istehsal edən firmalar laboratoriyalarda test edərkən qalın qatla çəkib onun SPF (Günəş Əleyhinə Müdafiə Formulası (Skin Protection Formula) faktorunu çıxardırlar. Bu səbəbdən də deyə bilərəm ki, kremlər üzə çox tətbiq edilməlidir.
50% SPF faktor olan kremi nazik çəkdiyimiz zaman 30% SPF kimi üzü qoruyur. Ona görə də yüksək faktorlu kremi alıb tez-tez simaya sürtmək daha məsləhətlidir.
Günəşdən qoruyucu vasitələr fiziki, kimyəvi baryer və ikisinin də tərkibi olmaqla üç tipə ayrılır. Məsələn, fiziki baryer kremlər köhnənindir və tərkibində sink oksidlə dəmir oksid olduğu üçün onu dəriyə çəkərkən görünür. Əgər dəriyə çəkəndə krem hiss olunmursa, deməli, bu kimyəvi baryer, yəni yeni nəsil kremlərdir”.
L.Mirzoyeva kremlərlə bağlı məsləhət də verib:
“Mən hamıya kimyəvi baryer kremlərdən istifadəni məsləhət bilirəm. Əgər artıq üzdə ləkə yaranıbsa, bu problemlə qışda mübarizə aparılmalıdır, çünki ləkələrin yox olması üçün yayda edilən prosedurlar əks təsir göstərə bilər. Belə ki, bu zaman yenidən günəş şüasından bu ləkələrin yaranma və ya tündləşmə ehtimalı ola bilər”.