2037
12:56
26 May 2019

Düzgün aparılmayan İXTİSAS SEÇİMİ abituriyenti yarı yolda qoya bilər - NƏLƏRƏ DİQQƏT ETMƏLİ?

Ali məktəblərə qəbul imtahanlarının ən vacib mərhələlərindən biri də ixtisas seçimi ilə bağlıdır. Düzgün edilməyən seçim bəzən illərin əziyyətini boşa çıxara bilir.

Bu məsələdə abituriyentlərə və onların valideynlərinə diqqətli olmağı məsləhət görən ekspertlər bəzi tövsiyələrini də verirlər.

Təhsil eksperti Elxan Nəcəfov Lent.az -a bildirdi ki, bu il qəbul qaydalarında dəyişiklik olduğu üçün ixtisas seçimi ötən illərlə müqayisədə bir az fərqli olacaq:

“700 bal tutumu qorunub saxlanılsa da, bu balı toplamaq yolları çox dəyişilib. Abituriyent buraxılış imtahanından 300, qəbuldan 400 bal toplamalıdır. Bu il keçid balının aşağı düşəcəyi ehtimal olunur. Bu da ondan irəli gəlir ki, keçirilən imtahanda yüksək nəticələr keçən illə müqayisədə aşağı düşüb. Buna görə də abituriyentlər ixtisas seçimində daha diqqətli olmalıdırlar".

Ekspert bu il ötən illə müqayisədə ixtisaslarda keçid balının 50 bal fərq edəcəyini ehtimal edir: "200 minumum keçid bal həddi qorunub saxlanılsa da, yuxarı keçid balı olan ixtisaslarda düşəcək. Keçən il 550 balla keçidi müəyyənləşən ixtisasların bu il 500 bal olma ehtimalı çoxdur. Tövsiyə edərdim ki, abituriyentlər tələsməsin. Bütün imtahanların nəticələri bilindikdən sonra ixtisas seçmini tez etməsinlər. Beş-altı gün araşdırsınlar, bu işi daha yaxşı bilən təcrübəli şəxslərlə məsləhətləşsinlər”.

8-10 ildir ixtisas seçimi prosesində abituriyentlərə kömək etdiyini qeyd edən E.Nəcəfov bəzi hallarda uğursuz ixtisas seçimində, şagirdin arzuladığı ixtisasa düşə bilməməsində yanlış kodlaşdırma amilinin rolu olduğunu deyir: “Olub ki, abituriyent istədiyi ixtisasa düşə biləcəyi halda, yanlış kodlaşdırmadan buna nail ola bilməyib. Yaxud da orta səviyyəli bal topladığı halda, heç bir ixtisasa düşmək imkanı olmayıb. Bunlar hamısı tələsməkdən və yaxud da iddialı olub, risk edib öz balından yüksək ballı ixtisasları yazmaqdan irəli gəlir. Orta məxrəc belədir ki, şagird topladığı baldan 50 bal yüksək, 100 bal aşağı ixtisasları seçib, kodlaşdıranda hər hansı bir ixtisasa düşmək şansı yüksək olur”.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Lent.az -a açıqlamasında bildirdi ki, bəzən qəbul imtahanından yüksək bal toplayan abituriyentlər ixtisas seçimində səhvə yol verirlər:

“Müsabiqə şərtlərini ödəyən şəxslər topladıqları bala və istəklərinə uyğun olaraq ixtisas seçimi edəcəklər. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti ixtisas seçimi edərkən ixtisasın adına, cəmiyyətdə formalaşan pafoslu fikirlərə önəm verirlər. Hüquq, beynəlxalq münasibətlər ixtisaslarını seçən abituriyentlər həddən artıq çoxdur. Həmin abituriyentlər ali məktəbi bitirdikdən sonra əmək bazarında işlə təmin olunmaqla bağlı ciddi problemlərlə üzləşirlər. Çünki bu meyarlar özünü doğrultmaya bilir. Sevindirici haldır ki, son illər ərzində texniki ixtisaslar üzrə kadrlara əmək bazarında ciddi ehtiyac yaranıb. Abituriyentlərin bir qismi trend olan ixtisaslara yönəlib".

K.Əsədovun sözlərinə görə, universiteti bitirdikdən sonra tələbələrin yalnız 42 faizi işlə təmin olunur. Onların əksəriyyəti qeyri-ixtisas sahəsi üzrə işləyir. Ekspert hesab edir ki, bu da düzgün seçim etməməyin nəticəsidir. Dediyinə görə, eyni zamanda, onların təhsil aldığı ixtisas artıq əmək bazarının tələbinə cavab verə biləcək səviyyədə kadr hazırlığını həyata keçirmir.

K.Əsədov bildirib ki, biz dünyada gedən qlobal proseslərdən geri qalırıq. Onun sözlərinə görə, ixtisas seçimi zamanı bütün bunlar dərindən təhlil edilməlidir: “Hal-hazırda Azərbaycanda ayrı-ayrı təhsil müəssisələrindəki ixtisasların böyük əksəriyyəti zamanın tələbinə cavab vermir. Dünyadakı ali təhsil müəssisələrində texniki sahələr üzrə tədris olunan vacib texniki ixtisasların çoxu bizdə yoxdur. Universitetlərimizdə 174 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Amma say çox olsa da, bu ixtisasların çoxu əmək bazarının tələbinə cavab vermir. Buna görə də qəbul imtahanlarında keçid balı toplayan şəxslər ilk növbədə məzun olduqdan sonra işlə təmin olunma məsələsinin reallığına diqqət etməlidirlər. Texnologiya, xidmət sektoru ən çox tələb olunan sahələrdəndir. Bu sahə üzrə təhsil alanların işlə təmin olunması daha realdır. Bizdə isə texniki sahələrə aşağı bal toplayan tələbələr daha çox meyl edir. Məlumdur ki, neft erası başa çatır. Alternativ enerji ilə bağlı ixtisaslara yönəlmək lazımdır. Ona görə də bu sahə üzrə düzgün tədqiqat işi aparılmalı, abituriyentlərlə maarifləndirmə işi həyata keçirilməlidir. İxtisaslar haqqında ətraflı materiallar hazırlanmalıdır. Hər bir ixtisasın dərinliyi haqqında məlumatlar olmalıdır”.