2537
16:08
24 May 2019

"Altı ay burda qalacağımı eşidəndə dəli olmaq dərəcəsinə çatdım..." - Həyatın acısını dadanların şirin əl işləri

Bir anlıq təsəvvür edəndə adamın tükləri biz-biz durur. Əlimiz-ayağımız düz, ağlımız başımızda, amma bəzən sevdiyimiz işimizdən də bezirik, həyatdan da. Baş götürüb harasa-özünü tapacağın, hüzura qovuşacağın bir yerə qaçmaq istəyirsən. Sağlamlıq imkanları məhdud gənclər var – ayaqları yoxdur, yaxud gözləri dünyanı görmür, ya eşitmir, ya fiziki cəhətdən istədiyi görkəmdə deyil, daha nələr. Təsəvvür edirsiniz, nə isə iş görmək istəyir, musiqi dinləmək istəyir, dünyanı seyr etmək istəyir, əzizlərini görmək, insanlarla doyunca ünsiyyətdə olmaq istəyir. Bunlardan məhrum olan insanlar - gənclər tanıyırıq hamımız. Belə insanlara əl-ayaq, göz, qulaq, dayaq olan, sığınacaqları, hüzur tapacaqları bir yer var, nə yaxşı ki, var.

Gəlib müxtəlif kurslara yazılırlar, istəklərinə, bacarıqlarına görə. Elə bil səhrada susuz, istiqamət bilməyən bir kəs suya, yaşıllığa çıxır. Həmin anda onun anlamı nədirsə, bu gənclər də istədikləri bacarıqlara sahib olandan sonra həyatın anlamı odur onlar üçün. Burdan çıxıb həyata atılanda artıq qarşıda onları gözləyən həyat -istiqamət bəlli olur.

“Ayağım yoxdur, əlim yaxşı işləyir”

Əvvəldən yerini bilməyən adam çətin gedib tapar, əsas yoldan çıxandan sonra çox dolanbaclar keçməli olursan. Tapandan sonra adama asan gəlir.

Darvazada bizi polis saxladı. Dedi, müəssisənin rəhbəri desin, buraxaq. Əlaqə yarada bilmədilər, özüm zəng vurdum...

Keçdik içəri. Gül gülü, bülbül bülbülü çağıran bir bağçaya düşdük. Adam istəyir samovar qoyub, palaz sərib, otursun bu kölgəliklərdə. Bizi qarşılayan xanım dedi ki, axşamlar uşaqlar samovar da qoyurlar, palaz da sərirlər, çalıb-oxuyurlar.

Uşaqlar dediyi sağlamlıq imkanları məhdud gənclərdir, 15 yaşdan başlayaraq bacarıqlarına görə burda ixtisaslaşır, gələcəklərini müəyyən edir, həm də reabilitasiya olunurlar.

90-cı illərdən 2 saylı Psixonevroloji müəssisə kimi fəaliyyət göstərirdi. 2011-ci ildən - əsaslı təmirdən sonra Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Burda sağlamlıq imkanları məhdud gənclər həm müxtəlif peşələrə cəlb olunur, həm də cəmiyyətə inteqrasiya olurlar. Eynilə əmək bazarına da yol tapırlar. Sağlamlığı məhdud gənclər bilik və bacarıqlarına görə yönləndirilir. İndiyə qədər 1700 gənc burada öz həyat yolunu müəyyən edib. Bu faktları müəssisənin rəhbəri Rəhilə xanım Həsrətova ilə dəqiqləşdirəndən sonra uşaqlarla tanışlıq üçün otaqlara baş çəkməyə qərar verdik.

Sədaqət Xəlilova toxuculuq müəlliməsidir. Onunla söhbətləşmək istəyimizi bilib, tez arabasından masa arxasındakı kətilinə keçdi. 2013-cü ildə kurs fəaliyyətə başlayandan burda işləyir: “Kooperasiya Kollecində idarəetməni oxuyanda həm də müxtəlif kurslara gedirdim. Toxuculuğu da kursa gedib öyrənmişəm, daha doğrusu, məktəbdə müəlliməm öyrətmişdi, kursda təkmilləşdirdim.”

- Burda kursdakı uşaqlar öyrənə bilirlər toxumağı?

- Bir neçə qrupa bölünürlər gənclər. Eləsi var ki, yaxşı öyrənir, çətin yerlərinə gəlib çıxanda tənbəllik edir. Eləsi də var, heç nə öyrənə bilmir, sadəcə ünsiyyətçildir, ona ehtiyacı var. Ortababı var, yaxşı öyrənəni var, heç öyrənməyəni var. Elələri var ki, artıq bu işi özünün peşəsinə çevirib, ondan qazanır. Bir şagirdim olub - Elçin. İndi toxuyub metrolarda satır. Nübar, Leyla Türkiyədə toxuculuqla məşğuldurlar. Toxuyub satanlar çoxdur.

- İşinizi çox sevirsiniz - simanızdan, gözlərinizdəki işıqdan üzünüzdən bəllidir...

- İşimi də sevirəm, uşaqları da. Lap heç nə bacarmayanı da sevirəm, önəmli olan insanın tərbiyəsidir. Ən çətin gənc də bir müddət sonra burdan ayrılmaq istəmir. İmtahandan sonra Rəhilə xanıma yalvarırlar ki, qoyun bir az da qalaq burda.

“Anama öz əlimlə hədiyyə düzəltdim”

Aygül Səfərova Sumqayıtdan gəlib. Anasının rəfiqəsi onlara məsləhət görüb ki, belə bir yer barədə eşitmişəm, Aygül ora getsə yaxşı olar: “Təzə gələndə çox darıxdım, hər şey mənə çətin gəldi. Altı ay burda qalacağımı eşidəndə dəli olmaq dərəcəsinə çatdım. Mən evimizdən uzaq uzun müddət qalmamışam, heç iki gün də olmayıb. Ona görə mənə ağır gəldi, amma hər gün toxumağı öyrəndim. Öyrənməyə ilmə atmaqdan başladım” – deyir və dərhal da yanlış ifadə etdiyini zənn edib, düzəltməyə çalışır – “atmaq dedim, zarafat elədim, yəni ilmə vurmaq”.

“Narahat olma” - deyirəm, - “düz dedin, ilmə atmaqdır”.

Arxayınlıqla gülümsəyib sözünə davam edir: “Nə isə, toxuduqca bağlandım bura. İndi mənə çox maraqlıdır. Düzdür, hamının iki günə öyrəndiyini mən 15 günə ancaq öyrənə bilirəm, amma öyrənirəm”. Balaca, üstünə 55 yazılmış xalçanı göstərib bunu müəllimədən xahiş etdim, anamın yubileyi münasibəti ilə toxumağıma icazə verdi deyir: “İşlərimin hamısını sosial hesablarımda paylaşıram, bəyənirlər”.

- Çoxdan burdasan?

- Az qalıb, imtahandan sonra gedirəm. İndi də getmək istəmirəm. Burda qalmağı da, insanlarla ünsiyyət qurmağı da burda öyrəndim.

- Öyrəndiklərini harda tətbiq edəcəksən?

- Evdə artıq mənə ad günü hədiyyəsi kimi hana alıblar. Gedib toxuyub dost-tanışa əvvəl hədiyyə edəcəm, sonrasına baxarıq.

Onunla eyni müəllimdən dərs alanLeylaAbbasova Mərdəkandan gəlib. Cəmi iki aydır öyrənir. Deyir əlifbadayam. Darıxmır, çox maraqlıdır-deyir.

Tikməni öyrənənlər 9 qızdır. 3 ay müddətində Səltənət müəllimə ilə Ziba müəllimədən tikmənin bütün sirlərini öyrənirlər. Kimsə gec götürsə, onun müddətini uzadırlar. Müəllimənin dediyinə görə, sonra o sənəti gedib işlədənlər daha çoxdur. Evdə, yaxud atelye açıb işləyənlər də var, amma dediyinə görə səhlənkarlıq edib öyrəndiyini işlətməyib unudanlar da olur.

Tərsin də düzələn yeri var

Qonşu otaqda ağac üzərində oyma öyrənirlər. Nardaranlı Hüseyn adlı oğlan oturub həvəslə taxta üzərində nə isə oyur. Hüseynə oymanın yeni üsulunu öyrətməyə qərar verib müəllimi. Nahar vaxtına düşmüşdük, müəllim tapşırığını verib yeməyə getdiyindən Hüseyn sərbəst işləyirdi, amma nədənsə narazıdır. İki gündür gəlib hələ öyrənməli çox iş var, Deyəsən, Hüseyn hamısını birdən öyrənmək istəyir, ona görə də narazıdır. Deyir oymanın İran üsulu ilə maraqlanıram. Nə bilim, Hüseyn deyirsə, yəqin o da var. Taxtanın üstündə ərəb əlifbası ilə nə isə yazıb bizə izah etməyə çalışdı. Məni Azərbaycan əlifbası ilə yazmaması qıcıqlandırdı. Ona görə də izahından heç nə anlamadım. Bizi müşayiət edən Vüqar müəllim deyir ki, Hüseynin istədiyi də öyrədiləcək ona, hələ təzədir, əlifbadan başlanmalıdır ona. Onun narazılığı ilkin günlər üçün təbii haldır-deyir.

Keçdik rəssamların otağına, daha doğrusu rəssamlığı öyrənənlərin. İçəri girən kimi bir tərəfdə rəngli qumlarla portret düzəldən qız diqqətimi çəkdi. Dedi Suraxanı rayonundan gəlmişəm, adı Aygündür: “Əvvəldən marağım vardı bu sənətə, amma nə öyrənmişəmsə burda öyrənmişəm”. Kifayət müəllimə deyir özünün qabiliyyəti, həvəsi olmasa öyrənmək mümkün deyil: “Aygünün həvəsi dizaynerliyədir. Yəqin aşağıda gördünüz Nəsiminin portretini də Aygün işləyib”.

Onun mavi gözləri

Aygündən bir az kənarda kətan üzərində bayaq gördüyümüz tikiş müəlliməsinin portretini işləyən isə Aytəndir. Niyə öz müəllimənin yox, tikiş müəlliməsinin portretini çəkirsən?- soruşdum. “Diqqətimi o, cəlb edib” dedi. Aytən işlədiyi portretdən, portret Aytəndən gözəldir. Mas-mavi gözləri var. Deyəsən, bizim fotoqrafın də fikrini onun gözləri daha çox cəlb edib ki, qızın əllərini yox, gözlərini kameraya götürüb.

Səltənət müəllimənin üzünün ifadəsini elə verib ki, peşəkar rəssamlar hər dəqiqə o məna məsələsini ala bilmirlər. Aytən Rəssamlıq Akademiyasının qabiliyyət imtahanına hazırlaşır. Məncə, tam hazırdır, belə portret işləyən gənci ora götürməsələr, bəs, kimi götürəcəklər?) Ona uğurlar arzulayıb davam edirik.

Növbəti otaqlarda uşaqların əl işləri sərgilənir. Rəsmləri, toxuduqları, tikdikləri, oymaları, düzəltdikləri müxtəlif bəzək əşyaları adamı heyran edir. Çox optimist ayrıldım Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən, ordakı həyat eşqi mənə də sirayət etdi.

Girəndə - çıxanda, dəhlizdə, həyətdə rastlaşdığım gənclərin oxumaq, öyrənmək maraqları, ürəyimi açdı. Biri məndən Qənirə Paşayeva ilə, biri Çingiz Abdullayevlə görüş keçirməyi xahiş etdi. Biri yaxınlaşıb adımla müraciət edib yazılarımı oxuduğunu, bir dəfə mühazirəmi dinlədiyini dedi.

Hadi Rəcəblini görmək istəyən də var. Bir də axşam istirahət vaxtlarında kinoya, tamaşaya baxmaq istəyirlər. Onların teatra, kinoya getməkləri asan deyil, amma kino, teatr özü onların yanına gedə bilər. Bircə, hər birimiz vətən, cəmiyyət, insanlıq qarşısında borcumuzu, məsuliyyətimizi his edə bilsək...

İnsan deyilən məxluq heç bir halda yararsız deyil. Hardasa, hansı sahədəsə sərhədsiz istedadı, bacarığı var. Əsas olan odur ki, yerinə düşsün, özünü tapsın cəmiyyətdə. Ondan-cəmiyyətdən təcrid olmaq lazım deyil, cəmiyyət də kimisə təcrid olunmağa yol verməsin gərək, hər kəsin bir yeri var. Hər kəs həyatda yerini tapsın - o mütləq var.

Fotoların müəllifi: Ehtiram Cəbiyev