581
14:28
24 May 2019

Yığmamızın baş məşqçisi gözəl oyun, voleybolçusu qələbə vəd edib

“İlk oyunumuzu evdə Rumıniya millisinə qarşı keçirəcəyik. Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstan yığması ilə bir neçə yoldaşlıq görüşündə gücümüzü yoxlamışıq”.
ONA -nın məlumatına görə, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.
Gənc mütəxəssis sabah start götürəcək Gümüş Avropa Liqasında baxımlı oyun göstərməyə çalışacaqlarını açıqlayıb.
O bildirib ki, ilk turda Rumıniyaya qarşı kapitan Aleksey Çervyakov meydana çıxmayacağından ikinci toppaylayıcıya şans verəcək:
“Yoldaşlıq görüşlərində bütün voleybolçularımıza öz oyunlarını göstərmələri üçün şans verildi. Bəzi oyunçularımız 10-15 gün öncə milli komandanın düşərgəsinə gəliblər. Rumıniya ilə qarşılaşmaya ikinci oyunqurucusu Tural Həsənlini buraxacağıq. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti oyunlarda komandamıza kömək edə biləcək. Matç haqqında öncədən danışmaq istəməzdim. Yalnız onu deyə bilərəm ki, Avropa Liqasında bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərməyə çalışacağıq”.
Yığmamızın voleybolçusu Vüqar Bayramov isə komandamızı çətin və gərgin oyun gözlədiyini deyib: “Avropa Liqasına hazırlıqlarımıza ölkə çempionatı bitdikdən bir neçə gün sonra başladıq. İlk oyunun doğma meydançamızda olması bizim üçün böyük üstünlükdür. Hər zaman olduğu kimi, yenə qələbə üçün meydançaya çıxacağıq”.
Qeyd edək ki, Azərbaycan – Rumıniya matçı Voleybol Mərkəzində olacaq. Görüş saat 17:00-da başlayacaq.