15313
16:42
24 May 2019

Əksəriyyət ona kompensasiya düşdüyündən xəbərsizdir - NAZİRLİK

““Azərpoçt” MMC-nin respublika üzrə bütün şöbələrində 77 000-ə yaxın insan nağd vəsaitlərin (500 manatadək) ödənilməsi həyata keçirilir”.
Lent.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova Real TV-yə məlumat verib.
O bildirib ki, 45 000-ə yaxın vətəndaş icra prosesinin sonuna qədər qeyri-nağd (500 manatdan çox kompensasiyası olanlar) formada, yəni kartla qurumun ayırdığı 77 şöbədən əldə edə bilərlər:
“May ayının 23-nə olan statistika belədir ki, 57 000-dən çox şəxs artıq 500 manatadək olan kompensasiyanı əldə edib. Onlar “Azərpoçt”un ayırdığı 1497 şöbədən 15 milyona yaxın vəsaiti əldə ediblər. 3 milyona yaxın vəsait isə nağd olaraq şöbələrdə qalır, çünki 19 minə yaxın vətəndaş bu məbləğləri gəlib şöbələrdən götürməyiblər.
Bundan əlavə, 500 manatdan çox, yəni qeyri-nağd formada kompensasiya alacaq vətəndaşlardan isə 39 000-dən çoxu bunu əldə ediblər. Bu vəsait təxminən 48 milyona yaxındır ki, onun 46 milyonu da artıq nağdlaşdırılaraq, götürülüb. 6 000-dən çox kart isə şöbələrdə qalıb.
Qeyd edim ki, il sonuna qədər kompensasiya nadlaşdırıla bilər. Gələn ildən etibarən isə kartın istifadəsi bitir. Bu cür hal baş verərsə, mütləq yenidən müraciət edilməlidir”.
Mətbuat katibi əlavə edib ki, bəzi vətəndaşlar onlara kompensasiya düşdüyündən xəbərsizdirlər:
“Bu, bizim araşdırmamıza görədir. Vətəndaşlara müraciət edirəm ki, devalvasiya dövründə kredit götürən şəxslər mütləq şəkildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından və ya “Azərpoçt” MMC-nin rəsmi internet saytlarında məlumatlarını yoxlasınlar. Əminəm ki, bunun sayəsində sizə kompensasiya düşəcəyini öyrənəcəksiniz”.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb, bunun icrası isə "Azərpoçt" MMC-yə tapşırılıb.