2831
12:13
25 May 2019

“Aldadıb evinə girdim, məni hamama dəvət etdi...” – Agentə çevrilən oğrunun etiraflarıIII HİSSƏ

Əvvəli: http://news.lent.az/news/314213

Cinayəti zəiflər törədir, güclü və xoşbəxt insanların buna ehtiyacı yoxdur

Ejen-Fransua Vidok qatı cinayətkar olmaqla, dueldə adam öldürməkdən zövq alan, dövrünün ən məşhur oğrusu olub, kriminalistika və detektivin əsaslarını yaratmaqla dünyaya zəngin praktik təcrübəyə əsaslanan irs bəxş edib. Öz nümunəsi ilə sübut edir ki, hətta ən qatı cinayətkar belə islah oluna, cəmiyyətin faydalı üzvünə çevrilə bilər. 150 ildən artıqdır ki, 1775-ci il təvəllüdlü və 1857-ci ildə dünyasını dəyişən E.Vidokun həyatı, əməliyyat-axtarış işinin öyrənilməsində və tətbiqində yaçdığı memuarlar tədris olunur, öyrənilir. Lent.az “Polis” qəzetinə istinadən Vidokun memuarlarının tərcüməsinin üçüncü hissəsini təqdim edir.

***

Müfəttişlər heç bir cavab verə bilmir və susurdular. Amma görünürdü ki, onların mənə olan düşmənçiliyi zaman keçdikcə daha da güclənir. Buna görə polis prefekti məni onların tabeçiliyindən azad etməyə qərar verdi. Bu vaxtdan etibarən azad idim və nəyi necə uyğun bilirdimsə, o cür də fəaliyyət göstərirdim. Yalnız cənab Anridən tapşırıq alırdım və ona hesabat verirdim.

İmkan olsaydı, səylərimi ikiqat artırardım. Cənab Anri narahat deyildi ki, işə sədaqətim və işgüzarlığım zəifləyəcək, ancaq mənə nifrət edən və o biri dünyaya göndərməyə çalışan adamlar varıydı, buna görə uzaqdan məni izləyən və təhlükə olduqda xəbərdar etməli olan köməkçi vermişdi. Mənə verilən imtiyaz iş üçün xeyirli oldu, çoxdan bəri ədalət mühakiməsindən gizlənən oğruları yaxaladım. Yenə əvvəlki kimi tabeçilikdə işləsəydim, bu cinayətləri aça bilməzdim. Çünki müəyyən adamlar var idi ki, mənə mane olurdu. Onlar işləmir, imitasiya edirdilər. Amma iş orasındadır ki, çox işlədikcə, artıq daha çox tanınırdım. Oğrular öz aralarında məndən yaxa qurtarmaq üçün razılığa gəlmişdilər. Dəfələrlə onların qurbanına çevrilmək təhlükəsiylə üzləşmişdim. Amma fiziki gücüm və cəsarətli davranışımla yanaşı, şəxsi təhlükəsizliyimə diqqətli olmağım faydalı olurdu. Heç vaxt bir küçədən ikinci dəfə keçmirdim. Heç vaxt eyni saatlarda müəyyən olunan yerə getmirdim. Bilirdim ki, mənim məhv olmağım çox adama sərf edir. Bu, qeyri-adi tələlərdən qurtulmağa imkan verdi. Onların bir neçə cəhdinin boşa çıxması göstərmişdi ki, həyatımı heç də ucuz satmaq fikrində deyiləm.

Musiqi müəlliməsi - şübhə edilməyən cinayətkar

Çox nadir hallarda olur ki, məhkum islah olunmaq niyyətilə qaçsın. Bir qayda olaraq, o, yalnız paytaxta tez çatmaq və həbsxanada öyrəndiyi məharətləri göstərmək fikrində olur. Belə ki, bizim həbsxanalar daha çox başqasının əmlakını mənimsəməyin öyrədildiyi məktəb rolunu oynayır. Demək olar ki, tanınmış oğruların çoxu özlərinin yüksək məharətini məhz həbsxanada uzun müddət qalaraq öyrəniblər. Öz bacarıqları ilə tanınan, müxtəlif vaxtlarda Parisdə olan bir çox oğrular 4-5 dəfə həbsdə yatıblar, “Viktor Debua”, “Baraban” ləqəbli oğrular kimi. Onlar müxtəlif vaxtlarda Parisdə xalq arasında çox danışılan əməllər törədiblər. Xalq arasında bu işlər haqqında cəsarət və qəhrəmanlıq kimi danışırdılar. Bu şəxslər uzun illər ərzində dəfələrlə həbsxana və katorqaya göndəriliblər, amma onlar hər dəfə qaçmağı bacarırdılar və Parisə gəlirdilər.

Polisə bu barədə məlumat verilmişdi və mən dərhal axtarışlara başladım. Əldə olan məlumatlar göstərirdi ki, onların digər heç də az təhlükəli olmayan məhkumlarla əlaqələri var. Oğlu Noel tanınmış quldur olan musiqi müəlliməsindən şübhələnirdik. Bu qadının bütün cinayətkarlara sığınacaq verdiyi deyilirdi. Xanım Noel savadlı, təhsilliydi, onu öz qızlarına dərs deməyə dəvət edən orta sinif nümayəndələri arasında yaxşı, virtuoz musiqiçi kimi tanınırdı. O, Sen-Deni kvartalına dərs deməyə gedirdi. Zərif maneralar, gözəl danışmaq qabiliyyəti, bəzək-düzəkdə, paltarlarda zövqlü olması, hətta taleyin sürprizlərinin də silə bilmədiyi zəriflik və məğrurluq, deməyə əsas verirdi ki, o, inqilabdan sonra müflis olan çoxsaylı kübar ailələrdən birinə məxsusdur. Xarici görkəm cəhətdən xanım Noel çox maraqlı və balaca xanımıydı. Həmçinin onun taleyində mübhəm məsələ vardı, ərinin taleyi heç kimə məlum deyildi. Bəziləri deyirdi ki, o, cavan yaşından dul qalıb, bəziləri isə deyirdi ki, əri onu atıb, yaxud məşuqu onu yoldan çıxarıb. Bilmirəm, bunlardan hansı həqiqəti əks etdirirdi, bilirdim ki, xanım Noel balaca, canlı, işvəli gözləri olan qaraşın xanımıydı, çox məlahətli səsi varıydı. Onda mələk və zalım ruhun keyfiyyətləri birləşmişdi, ikinci daha çox hiss olunurdu. Xanım Noel yalnız ədalət mühakiməsi ilə problemi olan şəxslərə qarşı mərhəmətli və qayğıkeşiydi, onları əsgər oğlunu qarşılayan ana kimi sevinclə qəbul edirdi. Onun xoş münasibətini görmək üçün yalnız sevimli oğlu Noel ilə bir çevrəyə malik olmaq lazım idi.

Oğluna sevgidən, həm də ozünün xarakterinə uyğun olaraq xanım Noel bu cür şəxslərə yardım etməyi sevirdi. Buna görə, ona himayədar kimi baxırdılar. Xanım Noel onların qeydinə o qədər qalırdı ki, hətta iş axtarırdı, pasport lazım olanda, onu əldə edənə qədər sakitləşmirdi.

Xanım Noelin qadınlardan ibarət geniş tanışlar çevrəsi varıydı, adətən pasport onlardan birinin adına alınırdı. Bu pasportda xüsusi məhlul ilə adı, soyadı, əlamətləri silir və başqalarını yazırdılar. Xanım Noel hər ehtimala qarşı bu cür pasportların bütöv kolleksiyasını saxlayırdı.

Bütün katorqaçılar - residivistlər xanım Noelin övladlarıydı, amma o, daha çox oğlunun tanışları, yoldaşlarına qayğı göstərirdi. Onun evinin qapıları bütün qaçaq katorqaçıların üzünə açığıydı, onlar da xanım Noeli sevirdilər, hətta ona bir dəfə baş çəkmək üçün riskə getməkdən belə çəkinmirdilər. Xanım Noel onların bütün sirlərini, gizlinlərini, planlarını, qorxularını bilirdi. Onlar xanım Noelə tam etibar edirdilər, ümid edirdilər, sadiqliyinə sarsılmaz qaya kimi güvənirdilər.

Xanım Noel heç vaxt məni üzdən görməmişdi, üz cizgilərim ona tanış deyildi, amma adımı tez-tez eşitmişdi. Buna görə, şübhə doğurmadan onun yanına gedə bilməzdim. Amma mən qarşıma məqsəd qoymuşdum ki, axtardığım adamların harda gizləndiklərini ondan öyrənməliyəm. Hiss edirdim ki, planımı həyata keçirmək üçün çox çalışmalı olacağam. İlk növbədə özümü onun oğlu və yaxud oğlunun yoldaşlarının yaxşı təqdim etdiyi qaçaq oğrulardan biri kimi qələmə verməyi qərarlaşdırdım. Bundan əlavə, görkəmcə özümü ona oxşatmalıydım.

Hər cinayətkar bir qiyafənin altında gizlənib

Tanıdığım bütün katorqaçıları yada saldım, amma xanım Noelin oğlu ilə yaxşı münasibətdə olan heç kim yoxuydu, yaddaşımı qurdalayaraq “Kapitan” ləqəbli Jermenin üstündə dayandım. O, Noel ilə yaxınıydı, amma heç mənə oxşamırdı, buna baxmayaraq, onun adından istifadə etməyə qərar verdim. O da mənim kimi dəfələrlə katorqadan qaçmışdı, aramızda tək oxşarlıq bundan ibarət idi. O, arığıydı, mən isə kifayət qədər cüssəliydim, o, qarayanızıydı, mən isə ağbəniziydim. Jermenin uzun burnu varıydı, burnunda danışırdı. Jermen rolunu oynamaq üçün çox zəhmət çəkməli oldum.

Amma çətinliklər məni qorxutmurdu, katorqaçıların tərzində qısa kəsilən saçlarım qara rəngə boyandı, bir həftə ərzində saxladığım saqqal da qara rəngləndi. Çevrilməmi tamamlamaq, sifətimin rəngini qarayanız etmək üçün qoz qabığı məlhəmindən istifadə etdim, burunda danışmağı da məşq etdim. Ayaqlarımın da üzərində işlədim, özümə Brestdən verilən resept əsasında süni şiş düzəltdım. Buxovların da izini düzəltməyə nail oldum. Bu əməliyyatlar bitdikdən sonra vəziyyətimə uyğun gələn paltar geyindim. Mənə orijinala oxşamaq imkanı verən heç bir cizgini yaddan çıxarmadım. Q.A.L. həflərinin həkk edildiyi alt paltarı, ayaqqabıları da unutmadım. Səfillərin, dilənçilərin yaşadığı yerlərə xas olan həşəratlar çatmırdı, onları da satın aldım. Hər şey hazır olduqdan sonra Noel xalagilə yollandım.

Evə gəldim və qapını döydüm, o, özü qapını açmağa çıxdı. Mənə zillənən bir baxış ona hər şeyi açıq deyirdi.

Ah yazıq! - o, həyəcanla dedi. Sizin haradan gəldiyinizi soruşmağa ehtiyac yoxdu. əminəm ki, acından ölürsünüz.

Özü də necə! Necə ac olmamaq olar ki, iyirmi dörd saat ərzində ağzıma bir tikə qoymamışam.

Söhbətə davam etmədən və əlavə izahat gözləmədən o, getdi və kolbasa, bir butulka şərabla gəldi. Mən acgözlüklə yeməyə başladım. Kolbasa yoxa çıxmışdı, mən isə bir kəlmə belə danışmamışdım. Xanım Noel mənim iştahamdan vəcdə gəlmişdi. Hər şeyi yeyib bitirdikdən sonra o, mənə qəlyan gətirdi.

- Ah, xalacan - onun boynuna sarılaraq dedim - siz mənim həyatımı xilas edirsiniz - siz çox xeyirxahsınız.

Mən ona oğlu ilə on səkkiz gün əvvəl görüşdüyümü dedim, onu maraqlandıran dustaqlar barədə məlumatlar verdim. Mən məlumat verdiyim təfərrüatlar o qədər həqiqətə bənzəyirdi ki, yalan danışmağım ağlına belə gəlmədi.

- Siz yəqin, mənim haqqımda çox eşitmisiniz - mən davam etdim - çox əziyyət çəkmişəm. Adım Jermendi, ləqəbim isə “Kapitan”. Mənim adım, yəqin ki, sizə tanışdır.

- Necə tanış olmaya bilər - o, dedi - sizi doğmam kimi tanıyıram. Allahım! Oğlum və dostları, sizin başınıza gələn bədbəxt hadisələr barədə mənə danışıblar. Allahım! Siz hansı vəziyyətdəsiniz. Bundan belə bu vəziyyətdə qala bilməzsiniz. Sizi, deyəsən, pis həşəratlar narahat edir, icazə verin sizə təmiz alt paltarı verim, yaxşı geyindirim.

Mən xanım Noelə necə bacarırdımsa təşəkkür etdim, sözarası soruşdum ki, Viktor Debua və yoldaşı Monjene indi haradadırlar.

- Debua və Baraban! Əzizim yaxşı olar ki, onlar haqqında danışmayasınız - bu alçaq Vidok onların kürkünə duz səpib. Jozef (Jozef Lonvil - keçmiş polis məmuru) küçədə görəndə deyib ki, bu kvartalda polis onları axtarır. Bundan sonra buralarda gözə dəymirlər.

- Necə? Bəlkə Parisdə deyillər? - deyə soruşdum.

- Yox, narahat olmayın. Uzaqda deyillər. Hərdən onları görürəm, ümid edirəm ki, tezliklə mənə bir-iki saatlığa baş çəkəcəklər. Sizi görəndə necə sevinəcəklər...

- Yəqin ki, məndən çox sevinməyəcəklər. Xəbər verə bilsəniz ki, buradayam, mənimlə görüşməyə tələsərlər.

- Bilsəydim ki, hardadırlar, özüm də onları gətirməyə tənbəllik eləməzdim. İş orasındadır ki, bilmirəm, harada yaşayırlar, siz gərək səbirli olasınız və gözləyəsiniz.

Yeni gələn adam kimi xanım Noelin bütün diqqəti mənə yönəlmişdi.

- Sizi Vidok və onun iki xəfiyyəsi - Levek və Komper tanıyırmı? - o, soruşdu.

- Bilirsiniz, təəssüf ki, məni iki dəfə həbs ediblər.

- Onda özünüzü gözləyin, Vidok çox məharətlə başqa adam kimi geyinir, sizin kimi bədbəxtləri tələyə salmaq üçün maskalanır.

Biz iki saat danışdıqdan sonra, nəhayət, məni hamam otağına dəvət etdi. Razılaşdım, üstümü dəyişən zaman az qala huşunu itirəcəkdi.

- Sizə necə yazığım gəlir! - o, ana nəvazişi və həyəcanı ilə dedi. Dizi üstə çökərək ayaqlarımı yoxlamağa başladı, hər qabarın üzərinə məlhəmli sarğı qoydu. Bu qayğı və qonaqpərvərlikdə nəsə bir idealizm vardı, daha yaxşı effekt üçün mənim məşhur səyyah, onun isə xeyirxah naməlum qadın olması çatmırdı. Sarğını bitirdikdən sonra təmiz alt paltarı, ülgüc verdi və dedi ki, saqqalımı qırxmağı yaddan çıxarmayım.

- Sonra sizə Tampldan işçi paltarı almaq lazımdır - dedi - Tampl sizin kimi bədbəxtlərin sığınacağıdı. Hərdən oradan lap təzə paltar almaq olur.

Yuyunandan sonra xanım Noel mənə yataq otağını göstərdi. Bu otaq saxta açarların düzəldilməsi üçün emalatxana kimi istifadə edilirdi. Otağın qapısı asılqandan asılan pərdəylə maskalanmışdı.

- Bax budur, sizin çox yoldaşınızın yatdığı yataqdır - o dedi. Rahat yatın, sizi polis burada heç cür tapa bilməz.

- Buna əminəm, icazə verin gedim yatım - dedim.

O, məni tək buraxdı. Onunla danışanda gərək ehtiyatı əldən verməyəydim, katorqaçılara xas o vərdiş, adət, hərəkət yoxuydu ki, beş barmağı kimi bilməsin. Nəinki bütün gördüyü oğruları yadda saxlamışdı, onların həyatının və məişətinin təfərrüatlarını da bilirdi. Onlardan ən məşhuru, qeyri-adi dərəcədə sevdiyi, ilahiləşdirdiyi oğlu haqqında hekayəni böyük həvəslə danışırdı.

(Ardı var...)