3278
19:49
24 May 2019

Qapısı bağlanan stadion, qadağan olunmuş ərazidən REPORTAJSƏBUHİ MƏMMƏDLİ YAZIR

… - Maral heykəli yadında?

- Hə. Bəs qurbağaların? Ağızlarından su çıxırdı e, o fontan necə, yadındadı?

- Hələ sən asfalt stadionu de, evdə itəndə heç yerdə axtarmırdılar, bilirdilər ki, burdayıq.

- Yadında, ağacların başına çıxıb “letni zal”da “Tansor disko”ya baxırdıq axşamlar?

- Ay da... nə qədər iydə, tut ağacları vardı. Qap-qara olardıq, qara tutun altından çıxanda…

Dostum, Biləcəri 5 saylı məktəbdə sinif yoldaşım olmuş Ehtiramla danışırıq. İndi nə Ehtiram Biləcəridə yaşayır, nə mən. İndi çoxumuz dağılışıb getmişik bu qəsəbədən. Ehtiram yarızarafat deyir ki, indi Biləcəridə biləcərilik qalmayıb. Razılaşıram. Elə bayaqdan haqqında danışdığımız parkdan da parklıq qalmayıb. İndi həmin o maral da “qaçıb” gedib parkdan. Qurbağalar da. Parkın içindəki mədəniyyət evinin yay zalı isə çoxdan dağıdılıb. Elə o ağacların çoxu da kəsilib, yerində restoranlar, kafelər tikilib. Və indi həmin restoran və kafelərin qarşısında elə beləcə yazılmış lövhələr qoyulub: “Restoran ərazisində gəzmək qadağandır”. Təsəvvür edin, QADAĞANDIR. Dövlətin parkında, onun yerini zəbt et, özün üçün pul qazan, hələ bir qadağa da qoy! Bax, belə bir vəziyyət yaranıb Biləcəri qəsəbəsi Mədəniyyət və İstirahət parkında. Keçmiş dəmiryolçular parkında...

***

Parkın əsası 1957-ci ildə qoyulub. Sovet vaxtı Bakının ən gözəl parklarından sayılırdı. Parkda Mədəniyyət evi, qış və yay kinozalları, meyvə bağı, attraksionlar vardı. Hə, bir də stadion.

O stadion ki, Biləcəridə yerləşən 4 orta məktəbin uşaqlarının cəmləşdiyi ortaq məkan idi.

O stadion ki, qəsəbənin məktəblərarası bütün futbol yarışları orada keçirilirdi.

O stadion ki, Azərbaycan futboluna, yığmasına Bəxtiyar Musayev, Aslan Kərimov, Rizvan və Fuad Fərzəliyev kimi futbolçular bəxş edib.

O asfalt stadionu deyirəm. Sübh tezdən qaş qaralana qədər boş qalmayan o stadion. Dostumuz Anar Şabanoğlu demişkən, “sən unutmusan yəqin, Cahangir Həsənzadə, Mirbağır İsayev başqaları da daimi sakinləri olub, o stadionun. Hətta Əhməd Ələsgərovun “Neftçi”si bütün heyətlə tez-tez yığışıb orda öz aralarında futbol oynayıb...

Və...

Və həmin stadionun qapısına indi qıfıl vurublar. Dövlətin, xalqın tarixi stadionunu indi üzümüzə bağlayıblar.

***

4 hektar ərazisi olub parkın. İndi də elədir. Amma bu 4 hektarın bir hissəsi zəbt olunub. Əslində, sovetlər dağıdılandan sonra park acınacaqlı günə düşmüşdü. Baxımsızlıq, özbaşına zəbtetmə dəmiryolçular parkını rəzil günə salmışdı. 2011-ci il aprelin 11-də prezident İlham Əliyev Biləcəri qəsəbəsində olmuşdu. O zaman sakinlər vaxtilə qəsəbənin ən böyük istirahət mərkəzlərindən olan Dəmiryolçular parkının yenidən qurulması xahişi ilə dövlətimizin başçısına müraciət etmişdilər. Parkdakı mövcud vəziyyətlə tanış olan Azərbaycan Prezidenti sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması və bütövlükdə bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı göstəriş vermişdi.

Prezident bura bir də 2013-cü ildə gəlmişdi. Yenidən qurulan parkın açılışını etmişdi. Doğrudan da park inanılmaz hala gətirilmişdi. Yəni mən inanmıram ki, dənizkənarı bulvarı çıxmaq şərtilə Bakıda belə gözəl bir park olsun. Elə cənab prezident də parkın açılışı zamanı düzgün qeyd etmişdi:

- Mən çox şadam ki, biz Biləcəridə belə gözəl parkı yenidən qura bildik. Mən buraya iki il əvvəl gəlmişdim. Yaxşı bilirsiniz ki, o vaxt bu parkın vəziyyəti o qədər də yaxşı deyildi. Qərara gəldik ki, gözəl bir park yaradılmalıdır. Artıq bu park deyə bilərəm ki, Bakının ən gözəl parklarından biridir. Çox gözəldir, rahatdır.

Biləcəri sakinləri də həmin vaxt prezidentlə görüşdə belə gözəl parkın ərsəyə gəlməsi münasibətilə ona öz təşəkkürünü bildirmişdilər.

***

Bəli, mən razıyam, parka istirahətə gələnlər üçün ictimai-iaşə obyektlərinin, konkret desək, kafe və restoranların olması da vacibdir. Amma heç kim sənə ixtiyar verməyib ki, açdığın və idarə etdiyin restoranın ərazisinə girişə icazə verməyəsən. Fotolarda da göründüyü, kimi dəmir çərçivələrlə hasara alasan. Təsəvvür edin, adı belə bəlli olmayan, qapısına sadəcə “Restoran” yazılmış obyektin sahibi, əslində parka məxsus olan, lakin restoranın stolları düzülmüş ərazinin yaxınlığında sakinlərin istirahət etməsinə qadağa qoyub. Hətta böyük plakat da hazırlayaraq, parkın bir hissəsini zəbt edib. Halbuki, plakatdan sonrakı ərazidə qoyulmuş skamyalar məhz sakinlər üçün nəzərdə tutulub. Amma sakinlərin həmin əraziyə girişinə imkan verilmir.

***

Bu sətirlərin müəllifi qadağanın səbəbini öyrənmək üçün parkda olub.

Restoranın müdiriylə görüşmək istəyirik. Müdir ənənəvi bəhanəylə, “iş yerində yoxdur”. Başqa bir görəvliylə danışmaq məcburiyyətində qalırıq. Və həmin şəxs bu qeyri-qanuni qadağaya nə bəhanə gətirsə yaxşıdır?

- Bilirsiz, müəllim, uşaqlar parkda velosiped, maşın (uşaq maşınları - S.M.) sürürlər, bir də görürsən girirlər restoranın həyətinə. Müştərilərimizin çoxu da maşınla gəlir restorana, qorxuruq vurarlar.

Başqa bir sual ünvanlayırıq:

- Bu restoran qanuni fəaliyyət göstərir? Özəl mülkdürmü? Axı bu dövlətin parkıdır! Bu suallara isə “mən heç nə deyə bilmərəm” cavabını verir.

***

Məsələylə əlaqədar Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq. İcra başçısının müavini Aygün Əliyeva bizi diqqətlə dinləyəndən sonra həmin parkdakı vəziyyətlə bağlı ona da çoxlu şikayətlərin olduğunu deyir:

- O park bizim balansımızda deyil. Amma problemdən xəbərdarıq. Həm sakinlər, həm də siz də daxil olmaqla media qurumları bu problemlərlə bağlı bizə müraciət edir. Park Mədəniyyət Nazirliyinin tabeçiliyində olduğundan biz heç nə deyə bilmərik.

***

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə saxladıq. Həmkarımızın dediyinə görə, bu məsələyə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi aydınlıq gətirə bilər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Pərvin Muradzadə isə sorğumuza cavabında bildirdi ki, əvvəllər onların balansında bir neçə park olub: “Eləcə də bu park. Amma bir müddət əvvəl həmin parklar onların əlindən alınıb yerli icra hakimiyyətlərinə verilib”.

P. Musazadənin dediyinə görə, park hansı rayonun ərazisindədirsə, onun da balansındadır.

Bir sözlə, əsl labirint. Və bu labirintdə qalan tək biz deyilik. O boyda park da labirintdə əldən gedir…