1342
19:17
24 May 2019

Türkiyəli ekspertlər "S-400" probleminin həlli yollarını açıqlayıb - SORĞU

“Türkiyə özü havadan müdafiə silahları istehsal etməyincə problemi həll olunmaz”
“ABŞ-ın Türkiyəni Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini almamaq tələbinin arxasında siyasi, hərbi, iqtisadi və texniki maraqlar dayanır. Hazırda Türkiyə ilk növbədə siyasi addımlarının tənzimlənməsinə son dərəcə diqqətli olmalıdır. Çünki siyasət güc və silah istifadə etmədən problemi çözmə sənətidir”.
Bu sözləri ONA -nın Türkiyə bürosuna açıqlamasında türkiyəli hərbi ekspert, istefada olan general-mayor Osman Aydoğdu deyib.
Rusiyanın S-400 raket əleyhinə müdafiə sistemi ilə ABŞ-ın “Patriot” zenit-raket kompleksinin və F-35 təyyarələrinin fərqini izah edən hərbi ekspert Türkiyənin nədən silah üçün Rusiyaya müraciət etməsinin səbəbini də açıqlayıb: “S-400 də, “Patriot” da raket əleyhinə uzunmənzilli müdafiə sistemidir. Amma S-400-lərin“Patriot”dan fərqli olaraq hərbi təyyarələr əleyhinə də havadan müdafiə etmə funksiyası var. F-35 isə ABŞ tərəfindən hazırlanan yeni nəsil döyüş təyyarəsidir. ABŞ “Patriot”un Türkiyəyə satılması məsələsində problem yaratdıqdan sonra Türkiyə S-400-ləri almağa qərar verib. 2004-cü ildə Türkiyə ABŞ-a “Patriot”un bir hissəsi olan 4 “Awacs Radar” (Havadan erkən xəbərdarlıq və nəzarət) təyyarəsi üçün müraciət etdi. Buna görə ümumilikdə 1,5 milyard dollar da ödədi. Lakin “Awacs Radar” Türkiyəyə gec - 2015-ci ildə verildi.
S-400 və "Patriot" və ya SAMP/T batareyaları Yunanıstan, Bolqarıstan, İngiltərə və Fransa xaric digər Avropa ölkələrində, eləcə də Suriyada, İraqda yoxdur. Regionda yalnız İran və Rusiyada, daha uzaq xaricdə isə Çin, Hindistan, Şimali Koreya və ABŞ-da var.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin S-400-ləri almamaq tələbində ABŞ-ın "Düşmənlərə sanksiyalar yoluyla mübarizə aktı’’ndan (CAATSA) bir bənd da xatırladılıb. CATTSA-nın həmin bəndinə görə, Rusiyanın müdafiə və ya kəşfiyyat sektoru ilə mühüm əməliyyatlar həyata keçirən şəxslərə və ya təşkilatlara qarşı sanksiyalar tətbiq olunur.
Ayrıca qərar mətnində F-35 proqramı xaricində olacaq sanksiyaların təsir edəcəyi müdafiə təchizatı proqramları arasında “Patriot”, CH-47F Chinook helikopterləri, UH-60 Black Hawk helikopterləri və F-16 təyyarələri də var. Bu halda sual doğur ki, Türkiyə Rusiyadan aldığı S-400-ləri Rusiyaya qarşı istifadə edəcəkdimi? Silah sistemlərindəki gizli kodların açılmasına Rusiya izn verərmi? İllərdir, Qərb silah sistemlərini və texnologiyasını istifadə edən Türkiyənin inkişaf etmiş bir texnologiyanın mövcud infrastrukturuna və sisteminə necə inteqrasiya edəcəyi məlum deyil”.
"Türkiyə S-400-ləri alarsa, Türkiyə-ABŞ, almazsa Türkiyə-Rusiya münasibətləri necə olacaq" sualına aydınlıq gətirən ekspert iqtisadi baxımdan Türkiyənin Rusiya və ABŞ-a ödəyəcəyi məbləği də açıqlayıb: “Türkiyənin S-400-lər üçün ödəyəcəyi məbləğ 2,5 milyard dollara yaxındı. ABŞ-ın F-35 istehsalı proqramına daxil olmaqla isə Türkiyə 11 milyard dollar ödəyəcək. Türkiyə S-400-ləri alacağı təqdirdə, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən verilən qərara uyğun olaraq F-35-dən kənarlaşdırılacaq və CAATSA sanksiyalarına məruz qalacaq. S-400-ləri alarsa, Türkiyənin qazanacağı yeganə şey F-35-lər üçün 11 milyard dolları xərcləməməsi olacaq. Amma Türkiyə F-35-dən kənarda qalsa, artıq ömürlərini başa vuran F-16-lar yerinə, hansı təyyarələrdən istifadə edəcəyi problemi də var. Xüsusilə CAATSA sanksiyaları tətbiq olunsa, Türkiyə iqtisadi baxımdan çox böyük itkiyə məruz qalacaq. Onsuz da ABŞ-la davam edən “Xalqbank”, “Rza Zərrab” problemləri də hələ çözülməmiş qalıb”.
Ekspert hesab edir ki, NATO Türkiyənin asan ayrıla biləcəyi təşkilat deyil. Çünki hazırda Türkiyənin söz haqqı olan tamhüquqlu üzv olduğu yeganə qurum NATO-dur: “O səbəbdən də Türkiyənin verəcəyi qərar hərbi, müdafiə və texniki yox, siyasi qərar olaraq dəyərləndirilməlidir. Əgər Türkiyə S-400 almaqda qərarlı olsa, Türkiyə-ABŞ, Türkiyə NATO və Türkiyə-Qərb əlaqələri zərər görəcək. Bundan sevinib qazanan isə Rusiya olacaq. Türkiyə isə bu üçtərəfli əlaqələrini pozmaqla ideoloji prinsiplərlə aldığı S-400-lərin faydasını görə bilməyəcək. Ancaq müqavilə imzalanıb. Rəsmi Türkiyə hər fürsətdə bu sistemi alacağını xatırladır. Müqavilə pozulacağı təqdirdə isə Türkiyə Rusiyaya bəzi iqtisadi və siyasi güzəştlərə getmək məcburiyyətində qalacaq”.
"Bütün silahlardan heç də xoş niyyətlər üçün istifadə olunmur" deyən ekspertin fikrincə, silah yardımı alan və ya silah satın alan ölkələrin hər zaman silah istehsal edən ölkələrin hegemonluğu altında olması səbəbindən Türkiyə bu problemi yaşayır: “Bu səbəbdən də Rusiyanın və ya Şərq Blokunun (Şangay beşliyi kimi) Türkiyəyə verəcəyi heç bir siyasi və mədəni gələcək yoxdur. Yağışdan çıxıb yağmura düşən Türkiyə iki məqbul olmayan yoldan birini seçmək məcburiyyətindədir. Problemə baxıldıqda, Türkiyənin özünün havadan müdafiə sistemi silahları istehsal etməsi günün mövzusudur. Güc və silah istifadə etmədən siyasi yolla bu problemi həll etmək üçün isə yeganə yol “Yurda sülh, cahanda sülh” deyən Qazi Mustafa Kamal Atatürkün təcrübəsindən yararlanmaqdır”.
“Türkiyə 15 milyard dollar xərcləməklə..."
Ankarada Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Həsən Oqtay isə ONA -ya bildirib ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engelin sərt çıxışından sonra Türkiyənin həm Rusiya, həm də ABŞ-la razılığa gəlmək üçün müvafiq addımlar atdığı görünməkdədir: “Türkiyə kimi bir dövlətin havadan müdafiə sisteminin çox aktiv olması lazımdır. Bunun üçün də Türkiyə həm S-400, həm də F-35-ləri almaqla bögədə təhlükəsizliyini təmin etmək durumundadır. Bunların ikisindən biri əksik olarsa, Türkiyənin müdafiə problemləri yaranar. Ölkəmiz hər iki sistemə inteqrasiya etmək istəyir və buna nail olacağı müşahidə olunur. Türkiyənin müdafiəsi möhkəmlənərsə, bu, əlbəttə ki, regiondakı dövlətlərə də müsbət təsir edə bilər. Özəlliklə biz bunu qardaş Azərbaycan baxımından dəyərləndirdikdə Ermənistan istər-istəməz problemlə üzləşmiş olur. Amma Türkiyə bu iki müdafiə sisteminin birindən vaz keçərsə, bu ətrafdakı dövlətlərə də mənfi təsir edər”.
Ekspertin fikrincə, Türkiyə iqtisadi zərbəyə məruz qalsa belə, həm Rusiya, həm də ABŞ-ı razılıq müstəvisinə gətirmək məcburiyyətindədir: "Bunun üçün ümumilikdə 15 milyard dollar xərclənə bilər, qarşılığında Türkiyə bölgədə güclü dövlət olmaq şansını itirməməlidir”.
“Klintonla Trampın hakimiyyət davası Türkiyəyə də təsir edir”
Politoloq Ərgün Dilər isə ONA -ya açıqlamasında Türkiyənin mövcud durumunu hazırda ABŞ-ın prezidentlik seçkilərində üz-üzə olan Hillari Klintonla Donald Trampın mübarizəsi ilə əlaqələndirib. Politoloqun fikrincə, bu mübarizədə yaranan qruplaşmanın bir tərəfində Hillari Klinton olan "Sərmayə qrupu", digər tərəfində isə Donald Tramp olan "Silah qrupu" dayanır.
Politoloq bu məsələdə böyük oyunçular olan şirkətlər arasında rəqabətin rolunu da istisna etmir: “Patriot”u istehsal edən “Raytheon” şirkətidir. F-35-ləri isə “Lockheed Martin” şirkəti istehsal edir. Onlardan başqa, qlobal oyunçular olan “Northpor Grunnman”, “Roockwell Collins” və “Boenig” şirkətlər də var. Zatən ABŞ daxilindəki şimali-cənub müharibəsindən üzü bəri dövlət bu rəqabət və model fərqliliyi üzərində qurulub, möhkəmlənib. ABŞ-da bu gün yaşanan Hillari Klintonla Tramp arasındakı çəkişmə hər yerə təsir edir, Türkiyəyə də... Bu məsələlərin Türkiyədəki seçkilərlə də əlaqəsi olmamış deyil. ABŞ bu didişmə içində olduğu halda sərmayə davası Londona, Moskvaya, Pekinə qədər gedib çıxır”.