1322
12:10
25 May 2019

Bakının heç bir rayonunda hələ ki, 100 faiz fasiləsiz su təminatı yoxdur - RƏSMİ

"Bakının heç bir rayonunda hələ ki, 100 faiz fasiləsiz su təminatı yoxdur. Ümumi Bakı üzrə fasiləsiz su alan ərazilər 81,5 faiz təşkil edir".

Bu barədə Lent.az -a açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, rayonların bəziləri 90 faiz, bəziləri 80 faiz civarında fasiləsiz su ilə təmin olunur:

“Yasamal, Binəqədi, Nəsimi, Nizami, Nərimanov kimi rayonlar ən çox fasiləsiz su alan rayonlardır. Ən az fasiləsiz su alan abonentlər isə Xətai, Suraxanı, Sabunçu ərazilərindədir. Ümumiyyətlə, hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti 24 saat su alır. Həyət evlərinin də kəsintisiz su alanı çoxdur. Səbail rayonun 20-ci sahə arazisi, Badamdarın bir hissəsi 24 saat su almır. Yasamalın Yeni Yasamal hissəsi, Şərifzadə küçəsi kimi ərazilər hələ ki, saatla su alır. Xətai rayonunun Köhnə Günəşli deyilən ərazisinin böyük bir hissəsi hələ də fasiləli su alırlar. Yeni Günəşli qəsəbəsinin bir massivi 24 saat su ilə təmin edilibsə də, bir massivində su fasilələrlə verilir. Qaraçuxurun böyük bir hissəsinə 24 saat su verə bilirik”.

A.Cəbrayıllı bildirib ki, fasilələrlə su verilməsinin iki səbəbi var. Səbəblərdən biri bəzi ərazilərdə su həcmlərinin kifayət qədər olmamasıdır: “Bakı şəhərinin şərq hissəsində (Suraxanı, Sabunçu) su çatışmazlığı var. Ona görə gələcəkdə Ceyranbatandan Maştağa istiqamətində üçüncü bir su kəmərinin çəkilməsi planı var. Bu kəmər vasitəsilə insanları fasiləsiz su ilə təmin etmək mümkün olacaq. Digər bir səbəb isə texniki imkanların yetərsizliyidir. Məsələn, Yeni Yasamalda 24 saat su ilə təmin edə bilmədiyimiz ərazilərdə texniki imkanlar yoxdur. Həmin ərazilərdə anbarlara su yığılır və nasoslara verilir. Ona görə də həmin yerlərə hər axşam olmaqla su verilir. Yəni elə yer var ki, su yoxdur. Elə yer də var ki, su olduğu halda texniki imkanımız yoxdur. Bu istiqamətdə işlər davam edir. Hər il yeni-yeni ünvanları 24 saatlıq rejimə keçirə bilirik. Ən son 24 saatlıq rejimə keçirdiyimiz yer Qaraçuxur qəsəbəsində böyük bir ərazi oldu”.

A.Cəbrayıllı bildirib ki, elə kəndlər var ki, vaxtilə orda çəkilən primitiv şəbəkələr fasiləsiz su təminatında problemlər yaradır: “Mehdiabad, Məhəmmədli kəndlərində, Zabratda su günaşırı verilir. Bəzi yerlərdə primitiv şəbəkələr var ki, o xəttlər həmin ərazilərə 24 saat su verilməsini mümkünsüz edir. Qışda həmin ərazilərdə elə yer var ki, 24 saat su verə bilirik. Amma yayda həmin primitiv şəbəkə insanları 24 saat su ilə təmin etməyə imkan vermir”.