734
writer1

Səbuhi Məmmədli

Məqalə sayı

724
13:15 29 May 2019

Avropa, farağat! Diqqət Bakıya! - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Yuxu kimi gəlir, eləmi? Kimin ağlına gələrdi ki, nə vaxtsa Azərbaycanda, Bakıda Avroliqanın finalı keçirilər. UEFA 2017-ci ildə bu hüququ Bakıya verəndə çoxları ağız büzdü, çoxları bacarmayacağımıza işarə etdi. Amma…

Amma Azərbaycan verdiyi sözü tutdu. Bakı Olimpiya Stadionu, elə paytaxtın özü də Avroliqanın finalına tam hazırdı. Finalqabağı təxribatlar belə işə yaramadı. Bir neçə saatdan sonra azarkeşlər möhtəşəm London derbisinə şahidlik edəcəklər. İngiltərənin iki nəhəng komandası - “Çelsi” ilə “Arsenal” paytaxtımızda münasibətlərinə aydınlıq gətirəcək. Bu yerdə bir məqamı xatırladaq ki, hər iki finalçıyla bərabər, yarımfinalçıların biri də Avroliqa və Çempionlar Liqası çərçivəsində Bakıya gəlib. “Çelsi” və “Arsenal”la yanaşı, digər yarımfinalçı - Almaniya “Ayntraxt”ını da məhz “Qarabağ” Bakıya gətirib. “Çelsi” Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığından, “Arsenal” üçün Avropa Liqasının qalibi olmaq ikiqat əhəmiyyət kəsb edir. Çünki Unay Emerinin yetirmələri yalnız bu yolla gələn mövsüm ÇL-də iştirak hüququ qazanacaq.

Bununla Emeri həm də tarixə düşə bilər. “Sevilya” ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispaniyalı mütəxəssis bu gün Bakıdan eyni nailiyyətlə ayrılsa, turnirin 4 qat qalibi olacaq və yeni rekorda imza atacaq.

Bu arada, hər iki komanda oyuna itkilərlə çıxacaq. “Çelsi”də Ruben Loftus-Çek, Kallum Hadson-Odoi, Antonio Rüdiger və Etan Ampadu Bakıda meydana çıxa bilməyəcək. Müdafiəçi Qari Keyhill və yarımmüdafiəçi Nqolo Kantenin durumu isə qeyri-müəyyəndi. “Arsenal”a gəlincə, “topçular”da Aaron Remsi, Denis Suares, Ektor Bellerin, Rob Holdinqin komandaya kömək etməyəcəyi dəqiqdi. Hücumçu Danni Uelbekin iştirakı isə sual altındadı.

Bakı finalı bir neçə əlamətdar məqamlarla da tarixə düşəcək. Məsələn, axşamkı final matçı dünyanın ən böyük ekranında nümayiş olunacaq. Görüş Moskvada Music Media Domenin ən böyük proyeksiya ekranında göstəriləcək.

UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında da videotəkrar (VAR) sistemindən istifadə edəcək. Bu, Avroliqa finalı üçün bir ilkdir. Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu Azərbaycan üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq. Təsəvvür edin, UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. İndiyədək Avroliqa tarixində 100-dən artıq ölkədə bilet satılmamışdı. Ermənistan istisna olmaqla, Avropanın bütün ölkələrinin vətəndaşları Bakı finalına bilet alıblar. Bura finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) daxil deyil.

Avropa Liqasının final qarşılaşması ilə əlaqədar stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış olub. Bu da özünəməxsus məqamdır.

İndiyədək Avroliqanın final matçı heç bir postsovet ölkəsində keçirilməyib. Bakı bu cəhətdən də bir ilkdir.

Bu gün səhərə olan məlumata görə, satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir. 

 

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada İtaliyanın "Parma" və "Latsio" komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib.

 

Dünyanın bir çox futbol ulduzu, Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi, ötən il dünyanın ən yaxşı futbolçusu seçilmiş Luka Modriç, onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də Azərbaycan paytaxtındadırlar və bu gün Bakı Olimpiya Stadionunda oyunu izləyəcəklər. Bundan başqa PSJ və “Yuventus”un prezidentləri də Bakıya oyuna baxmağa gəliblər. Bax, belə...

 

Və bir neçə saatdan sonra 63 mindən çox azarkeş stadionda, 1 milyarda yaxın insan isə televiziya qarşısında bu möhtəşəm finalı izləyəcək. Təsəvvür edin, bir milyard insanın gözləri Bakıya zillənəcək: Bakı Olimpiya stadionuna. Hə... Avropa farağat! Diqqət Bakıya!...Biz bu finalı uğurla yola verəcəyik. Və nə vaxtsa Çempionlar Liqasının finalını da keçirəcəyimizə inanıram. O məşhur futbol şüarında necə deyilirdi?

 

Niyə də yox?...