274
02:28
03 İyun 2019

Moskvada böyük türk şairi Nazim Hikmətin xatirəsi anılıb - FOTO

Rusiya paytaxtında böyük türk şairi Nazim Hikmətin ölümünün 56-cı ildönümü qeyd edilib.
ONA -nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya-Türkiyə İş adamları Birliyi (RTİB) tərəfindən təşkil olunan anım mərasimi “Rus mahnı teatrı”nda baş tutub.
“Nazimi anırıq” adı altında böyük türk şairinin ölümünün 56-I ildönümü mərasimində Nazim Hikmət Fondunun nümayəndəsi Zeynəb Oral, Nazimi Hikməti anma Komitəsinin sədri Əli Qalip Savaşır, RTİB sədri Naki Karaslan, türkiyənin tanınmış sənətçiləri Edip Akbayram, Zülfü Livaneli, Burhan Şeşen və digər tanınmış simalar iştirak ediblər.
Mərasimdə çıxış edən RTİB həmsədri Ə.Q.Savaşır bu il Nazim Hikmətin Türkiyə vətəndaşlığını geri qaytarılmasının 10-cu ildönümünü də qeyd etdiklərini söyləyib: “Böyük şairin Türkiyə vətəndaşlığı Rusiyadakı türk cameəsinin və Türkiyədəki dostların
dəstəyi ilə qaytarılıb. Bunun ortadan qaldırılmasından çox şadıq”.
Türkiyənin tanınmış müsiqiçisi, ictimai-siyasi xadim Zülfü Livaneli isə çıxışında sevilmiş insanların həyatı və adının təkcə özlərinə aid olmadığını bildirib: “Belə insanların həyatı və adı həm də xalqa məxsusdur. Nazim Hikmət bu adı şərəflə daşıyıb. Bütün ömrü
boyu mübarizə aparıb”.
Çıxışlardan sonra “Nazim Hikmət Dostluq mükafatı” sahiblərinə təqdim olunub. Bu il bu mükafata Türkiyənin tanınmış sənətçisi Edip Akbayram və rusiyalı türkoloq alim Dmitri Vasilyev layiq görülüblər.
Mükafatı Zülfü Livanelinin əlindən alan Edip Akbayram 50 illik sənət həyatında aldığı mükafatlar arasında bu mükafatın ayrı bir yerinin və dəyərinin olduğunu söyləyib: “Həm Nazim Hikmətin adını daşıyan mükafat olduğu üçün, həm də Zülfü Livanelinin əlindən mükafatı aldığıma görə sənət həyatımın ən nəmli anlarından birini yaşayıram”.
Mərasim Türkiyənin məşhur rok qrupu olan “Moğollar”ın konserti ilə davam etdirilib. Konsertdə Edip Akbayram da çıxış edib.
Qeyd edək ki, “Nazim Hikməti anma günləri” hər il böyük türk şairinin ölümünün ildönümündə təşkil olunur.