3550
14:00
03 İyun 2019

“Həkim çıxıb dedi ki, ürəyi tikə bilmirəm...” – 13 ilin nisgili

İnsan dünyaya gələndə mələk kimi gəlir - saf, günahsız. Nə olursa ona, həyatda olur. Cəmiyyət, yaşadığı, düşdüyü mühit, ətrafındakı insanlar onu mələk kimi qalmağa qoymur. Onun materialından nə düzəldirsə, həyat düzəldir. O, günahkar deyil, cavabdeh də deyil; biz ondan nə düzəldəcəyik - insanmı, şeytanmı, qatilmi?... Təbii ki, genetika da rol oynayır...

Şamaxının Talış kəndində anadan olub. İndi o kənd durur, amma orda yaşayan yoxdur, sürüşmə zonasıdır. Elə sürüşdüyünə görə də kəndi köçürüblər Ağsu ərazisinə. Ailədə 4 qardaş, bir bacı olublar. Əslində iki bacı demək olar, çünki ata-anası kənddə kimsəsiz qalan bir qızı da götürüb saxlayıb.

Övladlarından ən çox kiçiyinin - Mikayılın bənzədiyi ataları Şahvələd kişi sadə kolxozçu imiş, amma sinəsi dolu nağıl, şeir, rəvayət. Bu kişi hansı şənlikdə olardısa, baş rolda olardı. Onun alovlu çıxışları ilə keçərmiş həmin məclis. Sovet hökuməti təzə qurulanda Şahvələd kişi bir müddət qaçaq olub düşüb dağlara, sovetlərlə mübarizə aparıb. Sonra “ram edib”, gətiriblər onu arana. Əkinlə-biçinlə məşğul olarmış. Mikayıl da onun kimi məcrasını tapmaq üçün özünü dağa-daşa çırpan dağ çayı idi. Ona görə də bu gün onu təqdim etmək üçün birinci hansı sözü işlədim, bilmirəm - aktyormu, millət vəkilimi, ictimai-siyasi xadimmi? İçimdən aktyor demək keçir. Aktyor Mİkayıl Mirzə. Məncə, Tanrı onu bu missiya ilə gətirmişdi həyata.

Anası Susay, dediklərinə görə, Səfəvilərin şəcərəsindəndir. Ərdəbildən gəliblər Qubaya, sonra Şamaxıya və Ağsuya köçüblər. Qarabuğdayı, hündür qadın imiş. Mikayıl üzdən ona bənzəyirmiş.

Qardaşları xarrat, sürücü, müəllim olublar. Mikayıl şəhərə gedib oxumaq istədiyini bildirəndə atası etiraz edib və ona şəhərə getməsi üçün pul da verməyəcəyini deyib.

Mikayıl cibində olan 10 manat pulla kənddən çıxıb. Sənədlərini verib Pedaqoji İnstitutun jurnalistika fakültəsinə (o vaxt orda belə fakültə olub). İmtahan götürənlərdən biri Xəlil Rza imiş, qrammatikadan kəsilib Mikayıl. Xəlil Rza deyib ki, onun yaxşı potensialı var, beyni doludur, xırda səhvə görə kəsməyin, alınmayıb. Deyiblər ki, get, rayona dəy, gəl. Mikayıl “mən rayona yalnız səlahiyyət sahibi kimi qayıdacağıma söz vermişəm, gedib dəyə bilmərəm” - deyib.

Rayonla bağlı arzularından biri də Ağsuya su çəkdirmək olub. Deyirmiş:

Ağsu - adında su, dodağında su yanğısı...

Rasim Balayev, Səməndər Rzayev və Mikayıl Mirzə Ağsuda məktəbdə bir yerdə oxuyublar. Səməndər artıq İncəsənətdə təhsil alırmış, deyib Mikayıla ki, gəl bura, burda səni götürəcəklər. Məktəbdə bütün tədbirlərdə üçü çıxış edirmiş. İncəsənət bu çılğın, mütaliəli və çoxlu hekayə, şeir baqajı olan gənci qəbul edir. Həm də bəxti müəllim sarıdan gətirir, sənət müəllimi Mehdi Məmmədov olur. Həmçinin Müxlis Cənizadədən və Ağaəli Dadaşovdan dərs alır.

Mikayıl uşaqlıqdan çox mütaliə edən olub. Saysız dərəcədə şeir bilirmiş. Məktəb istehsalat briqadasında qızlar onun da əvəzinə pambıq yığarmışlar ki, sən ancaq bizə şeir de, sənin də pambığını yığarıq. Oğlu Mətin Mirzə deyir, nənəm danışardı ki, atan İncəsənət İnstitutunun yataqxanasında qalanda kitabxananın açarının üzünü necəsə çıxartdırıbmış, gecələr girib orda şam işığında kitab oxuyurmuş.

Cəfər Cabbarlı Mikayıl Mirzənin çox sevdiyi dramaturq olub. Ümumiyyətlə, Mikayıl Mirzə milli düşüncəli insan idi. Milli düşüncə ilə bağlı insanlar, sənətkarlar, onların yaradıcılığı onu həmişə özünə cəlb edib. Sovet dövründə yaşamasına rəğmən, bu hökumətin bütün siyasətini qılınclayarmış.

Demək, bu dağılmış dağılmalıdır

Yeni bir cəmiyyət qurulmalıdır – deyirdi.

Dostu Vilayət Quliyev: “Bir görüşdən çıxıb, Mikayılın o dövr üçün hələ, İlf və Petrovun dedikləri kimi, hərəkət vasitəsindən daha çox, cah-cəlal nişanəsi sayılan "Jiquli"sinə əyləşdik və yaradıcılıq gecəsinin qeyri-rəsmi hissəsinə yollandıq.

Bakı yollarının vəziyyəti o vaxt da yaxşı deyildi. Maşın hər dəfə çala-çuxura düşəndə Mikayıl cani-dildən sovet hökumətini söyürdü. Təbii, mən bu adi məişət detalını gözəl aktyorumuzun dissidentliyi, rejimə qarşı mübarizəsi kimi qələmə vermək fikrindən uzağam. Sadəcə, Mikayılın təbiətindəki üsyankarlığın, barışmazlığın, haqlı narazılığın ən adi məqamlarda da kəskinliklə üzə çıxdığına diqqəti çəkmək istəyirəm. O, yaxşı, yaxud pisliyindən asılı olmayaraq, diqqətini cəlb edən heç nəyin yanından laqeyd ötüb keçə bilmirdi”.

Şəhərdəki birotaqlı mənzilində kitaba ilişib yıxılardın. Hamısı da dövrünün şairlərinin avtoqraflı kitabları.

Oğlu Mətin Mirzə: “Atamla çox gedirdim teatra. Rollarını o qədər əzbər bilirdim ki, harda nə əlavə etdiyini, dəyişdiyini dərhal anlayırdım. Bir neçə tamaşada uşaq rollarında oynamışam da. “Dəli yığıncağı”, “İblis”, “Kəndçi qızı”... hamısının bütün məşqlərində olmuşdum, tamaşanı əzbər bilirdim. Mən indi oğlumu aparmağa yer tapmıram. Onu teatr çəkmir, çünki mühit başqadır. Mən bir dar otaqda böyümüşəm. O dar mənzilə nə qədər insan gələrdi, gecə yarıya qədər şeir məclisi, söhbətlər. Hayıf ki, o vaxt yazmamışam o söhbətləri”.

Cabbarlının “Aydın” pyesində Aydın rolu Mikayıl Mirzənin üsyankar qəlbinin obrazı idi. Onu hələ tələbə ikən İnstitutun Tədris Teatrında oynayıb.

30 il sonra yenidən sevdiyi Milli Dram Teatrının səhnəsində öz quruluşunda oynamaq istədi. Tamaşanı hazırladı, quruluş verdi, son anda Aydın obrazını tələbəsi Nurəddin Mehdixanlıya verdi.

O vaxta qədər içinin üsyanı, emosiyası ilə oynadığı rollar içərisində bu gün yaddaşlarda və arxivdə qalan bir obraz var. Ramiz Həsənoğlunun quruluşunda “Günahsız Abdulla” teletamaşasındakı Abdulla:

“Mehdi Məmmədovun tələbələri idi Rasim Balayev, Əlabbas Qədirov, Mikayıl Mİrzə. Üçü də parladı sonradan. Tələbə vaxtı şeir oxuyurdular televiziyada. Mən də o vaxt da televiziyada işləyirdim. Müstəqil tamaşalar hazırladığım vaxtlarda ilk dəfə onu “Topal Teymur” tamaşasında şair Kirmani rolunda çəkdim. Düzü, işə çox boş, məsuliyyətsiz yanaşması xoşuma gəlmədi, amma tamaşa, onun obrazı da həmçinin, yaxşı alındı. Sonradan tamaşaya baxanda mənə dedi ki, bilsəydim belə iş qoyacaqsan ortaya, daha ciddi yanaşardım. “Günahsız Abdulla” tamaşasını hazırlayanda gözümün qarşısında ilk canlanan Mikayıl Mirzə oldu.

Cavanşir Quliyev: “Mikayıl enerjili, dəli-dolu, güclü, içi dolu idi, elə bil içində nüvə reaktoru vardı. Yaxşı ki, Ramiz Həsənoğlu o vaxt Mikayılı çəkdi. Onun Abdulladan başqa boyuna biçilən, özünü realizə edən obrazı olmadı. Mikayıl Mirzədə olan bədii potensialın bir hissəsi belə istifadə olunmadı. Səbəbkar özüdür, həyatını elə qurdu. Allah ona elə bir istedad verib ki, biz onu bu gün də axtarırıq. “Hardasan, ay Mikayıl”, kəlməsini özüm belə dəfələrlə demişəm. Həmçinin deyiblər, eşitmişəm. Onun səsi, ifası lazım olur, ehtiyac duyulur”.

Mikayıl sənətkar idi, hələ qarşıda neçə-neçə oynamalı rolları, deyiləcək sözləri olan sənətkar. O yol tam başa vurulmadı, yarımçıq qaldı. Çünki o yaldan sapdı Mikayıl Mirzə, onu başqa yollarla əvəz etdi. Elə bildi ki, xalq bunu alqışlamaqla, onun arxasınca getməklə, gəl bizə millət vəkili ol, haqqımızı, sözümüzü yüksək pillələrdən de - deyir. Elə deyildi, tamaşaçı onu sevirdi, alqışlayırdı, amma öz sənətində, öz səhnəsində. Onu siyasət səhnəsində qəbul etmədi sevimli tamaşaçı. Tamaşaçı anlayırdı ki, Mikayıl Aydınla, Oqtay Eloğlu ilə, hələ oynayacağı neçə-neçə obrazların dili ilə daha doğru söz deyə bilər. Siyasət səhnəsi düzgün söz deyilən səhnə deyil. Sənət də bunu ona bağışlamadı. Sənət ona xəyanəti sevmir. Mikayıl Mirzə sənətə xəyanət etməmişdi, əslində, bütün qəlbi, könlü sənətdə qalmışdı, onunla nəfəs alırdı. Fikri-zikri siyasətdə, vəzifədə olduğundan sənətdən oldu. Azərbaycan teatrı və kinosu Mikayıl Mirzənin timsalında böyük sənətkarı itirdi. Azərbaycan siyasəti onun timsalında heç nə qazanmadı. O aləmdə öz yerində olanlar yerində idi. Mikayılın yeri sənətdə boş qalmışdı, siyasətdəki yer onun deyildi.

Çiyinlərində xalqın məsuliyyətini daşıyan ziyalı idi. Onun sözünü deməyi özünə borc bilən insandı. Xalq hərəkatındakı bu yönlü çıxışları onu siyasətə gətirib çıxartdı. Məhz gətirib çıxartdı.

Yuxarıda qeyd etmişdim, “Aydın” tamaşasındakı özü oynamaq istədiyi baş rolu son anda tələbəsi Nurəddin Mehdixanlıya verib. Buna onu həyat yoldaşı Elza xanımla oğlu Mətin inandırıb. İnandırıblar ki, bu yaşda (50-ni keçmişdi) elə bir rolu oynamağa ürəyinin sadəcə gücü çatmaz. Zatən, ürək o qədər yükə tab gətirib ki, daha çəkəcək gücü qalmayıb. Bu sonuncu cümləmi onun yazdığı “Döz” şeirini dinləyəndən sonra işlədirəm. Bir fikir verin:

Göz yaşı axıtdım giləsi dən-dən

İlahi, dən düşdü bu dən gilədən.

Barı, həm bəhəri getdi də əldən,

Bir azca da döz...

Nə qədər sürəcək, bu vəhşət, aman

Əlindən hayana qaçaq, ay zaman.

Aman istəyənə vermirsən aman,

Elə döz deyirsən, bir azca da döz.

Gözüm görə-görə danıldı haqqım

Neçə yol qurbanı oldum nahaqqın.

Bərk tut ətəyindən tutduğun haqqın

Bir azca da döz, döz, bir azca da döz.

Döndü arzuların qanadsız quşa

Hər addım başında çırpıldı daşa

Çırpına-çırpına yaşa ha yaşa,

Bir azca da döz, bir azca ada döz.

Bu səbrin dözümün yoxmudur sonu,

Ömür qaçaraqda, kim qovur onu.

Mikayıl, sinənə əzrayıl qonub,

Bir azca döz, bir azca da döz.

Elə bil, ömrünün son akkordlarını vurub bu misralarla. Bir az etiraf, bir az günahkarlıq hissi, bir az da “məni qınamayın” istəyi var bu misralarda.

Tələbəsi, XalqartistiNurəddin Mehdixanlı: “Mikayıl Mirzə Tanrının Azərbaycan xalqına bəxşetdiyidəyərli, istedadlıbir şəxsiyyətidi. Ölkəmizin mədəniyyəti tarixində, sənət salnaməsində Mikayıl Mirzənin imzasıdaimqalacaq. O, təkcəözüüçünyaşamayan, dostları, tələbələriüçünörnəkolabiləninsanidi. Mikayıl Mirzə gözəl müəllimidi. Mən və sənət dostlarım bugünnəyəsəsahibolmuşuqsa,AzərbaycanınteatrnəhəngləriAdilİsgəndərova, Əzizağa Quliyevə və Mikayıl Mirzəyəborcluyuq”.

Milli Dram Teatrında hazırladığı “Aydın” tamaşasının premyerasından çox keçmədi. Mikayıl Mirzə xəstələndi. Həkimlər ürəyində əməliyyat olunmalıdır-dedilər. Qapaqcıqlar işləmir. Eyni diaqnozu xarici ölkədəki həkimlər də qoydu. Oğlu Mətin Mirzə atasının xaricdə əməliyyat olunmasını istəyib. Təyyarəyə minmək üçün gedəndə Mikayıl Mirzə oğluna “bəlkə, lazım deyil, getməyək, hara qədər çatar ömrüm, qoy, ona qədər yaşayım” - deyib - Ürəyi yardırmaq asan məsələ deyil”. Oğlu razılaşmayıb. Əməliyyat çox uzun çəkib. Sonda həkim çıxıb və Mətinə deyib ki, mən ürəyi bir yerə yığıb tikə bilmirəm: “Təcrübəmdə belə şeylə rastlaşmamışam, ürək sapdan çıxıb, tökülür…”

Yadıma “Günahsız Abdulla”nın son səhnəsi düşür. Haqsızlıqlardan cana yığılmış Abdulla özü öz əli ilə kəndiri boğazına keçirib var gücü ilə sıxır və boğulub ölür. Əsərdə isə belə deyildi, əsərə görə, Abdulla sonda həbsdən azad olunur, ona azadlıq haqqı verilir.

Əsər, tamaşa insan əlindədir, sonda haqq verə də, bilərsən, verməyə də… Həyatda isə elə deyil… Həyat amansızdır, yaşamağa haqq verməyə də bilir…

Bu gün Mikayıl Mirzənin vəfatının ildönümüdür.