4986
14:57
07 İyun 2019

Zəhranın qonşuları QORXU İÇİNDƏ - başqa uşaq da qaçırılıbmış - REPORTAJ

Bir neçə gündür ki, hamı qaçırılan3 yaşlı Zəhradan danışır. Belə ki, 2 gün itkin düşən Zəhra paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verildi.

Lent.az baş verənlərlə bağlı olaraq təfərrüatları öyrənmək və Zəhraya, eləcə də ailəsinə baş çəkmək üçün ailənin yaşadığı əraziyə yollanıb.

Zəhranın atası Rəsul Bağırzadə bildirib ki, artıq 17 ildir, eyni evdə yaşayır və heç kimlə düşmənçiliyi olmayıb:

“Bu səbəbdən də kimdənsə şübhələnmirəm. Qızımı qaçıran xəstə adamdır. Mən düşünürəm ki, Zəhranı başqa bir sağlıqlı şəxs aparıb. Mənə deyildi ki, qızımın yanında tapılan Təzəgül Nəzərova Masallıdandır və talışdır. Həmçinin Zəhranı Günəşli qəsəbəsində, “Qismət” şadlıq sarayının, Təzə Bazarın yanında gəzdirib, diləndiriblər”.

3 yaşlı qızcığazın atası qeyd edib ki, dünən Zəhra ilə sakitcə təklikdə danışıb:

“Ondan necə getməsini, nə etməsini soruşdum. Bircə dedi ki, maşınla gedib. Mənim qızım bir dəqiqə dayanmır, ora-bura qaçır. Ona görə bilmirəm ki, tam olaraq onun qaçırılması necə olub. Qızımın belində isə dünən baxdıq ki, bir balaca cızıq var. O da bəlkə də dartıblar, yıxılıb. Ziyarətə gedib gəldikdən sonra qızımı xəstəxanaya apararaq, müayinədən keçirəcəm. Nitq qüsuru olduğundan da bir sözü dəqiq deyə, izah edə bilmir".

Zəhranın bacısı isə söhbətimizə qoşularaq Zəhranın onlar üçün çox darıxdığını deyib:

“Bizi görən kimi bunu hiss etdik. Ancaq evə gələndən nəsə yemədi. Zəhra yatanda həmişə istəyir ki, hansımızınsa, ayağında yatsın. Dünən isə birdən otağa girdik ki, yatıb. Çox yorulmuşdu. Səhər qalxandan isə bircə banan yeyib”.

Baş verən hadisədən xəbər tutan qonşuların hamısı yavaş-yavaş Zəhragilin yaşadığı evin ətrafına toplaşır. Qonşuların hamısının narahatlığı isə həmin 3 yaşlı körpəni qaçıran qadınla bağlıdır. Onlar ciddi araşdırmanın aparılmasını istəyirlər. Onlar bildirir ki, məhəllədə ilk dəfədir ki, belə hadisə baş verib və belə halın təkrarlanacağından, onların uşaqlarının da qaçırılacağından narahatdırlar.

Söhbətimizə qulaq asan digər qonşu isə 5-6 il əvvəl oradan 5 yaşlı oğlan uşağının qaçırıldığını və hələ də onun axtarılmasına baxmayaraq, tapılmamasını deyib.

Taksi şoferi isə bizi çağıraraq, Zəhra qaçırılan günü həmin qadını gördüyünü dedi:

“Mən bütün günü bu yolu gedib gəlirəm. O qadını gördüm ki, aşağı bu tərəflərə gəlir. Bilmirəm niyə amma diqqətimi çəkmişdi. Dünən isə televiziyada görəndə xatırladım ki, mən onu görmüşəm. Həmin şəxsi isə daha əvvəl görməmişdim”.

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.