280
10:46
12 İyun 2019

Təmir olunan yollarda niyə yenidən problemlər yaranır?

Xəbər verdiyimiz kim, iyunun 7-də Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib. Qeyd edək ki, bundan əvvəl də - mayın 31-də - Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində sızma baş vermişdi. Baş vermiş hadisələr nəticəsində “Azərsu” ASC əməkdaşları tərəfindən qazıntı işləri başladılaraq, yollar təmir edilib.
Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, qurum Bakı şəhərindəki küçə və prospektlərdə təmir işləri aparılmadan əvvəl aidiyyatı üzrə qurumlara müraciət edir:
“Məsələn, yerin altından keçən kommunikasiya xətləri üçün “Azərsu”, “Azəriqaz”, Azərişıq” və s. qurumlara müraciət ünvanlayırıq. Və bildiririk ki, hər hansısa işləri varsa, təmir və ya yenidənqurmadan əvvəl bunu gəlib etsinlər. Bu müddətdə xətlər köhnədirsə, yeniləyirlər və ya yararsızdırsa, bunları dəyişə bilirlər. Sözügedən qurumlar işlərini tam yekunlaşdırdıqdan sonra isə biz öz işimizə başlayırıq”.
A.Nəcəfli əlavə edib ki, yenidənqurma işləri bitdikdən sonra hər hansı bir kommunikasiya xəttində problem yaranırsa, aiddiyyatı qurum əraziyə gələrək problemi həll edir:
“Qurumun sözügedən ərazidə işi bitdikdən sonra isə həmin yerin bərpası agentlik tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, mövzu ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının da münasibətini öyrənmək istəsək də, qarşı tərəflə əlaqə saxlaya bilmədik.