188
12:14
12 İyun 2019

Uşaq əməyindən sui-istifadəyə daha çox bu sahələrdə rast gəlinir

"2019-cu ilin 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) uşaqları əməyə cəlb edən 3 işəgötürəni cərimələyib".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə rəisi Araz Bayramzadə bildirib.
Onun sözlərinə görə, uşaq əməyindən sui-istifadə hallarına ən çox avto-yuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir: "Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik. Qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar, valideynin razılığı ilə olan məqamlar var. Yəni, 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlərin yazılı razılığı ilə işləyə bilərlər. Ancaq DƏMX tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə halda uşaq əməyinin istismarı ilə bağlı daxil olan faktlara görə inzibati qaydada cəza tədbirləri aparılır. Məqsədimiz sadəcə cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır".