200
12:57
12 İyun 2019

"Azərbaycan bizim stabil və strateji tərəfdaşımız olaraq qalmalıdır" - Alman deputat

"Azərbaycandakı iqtisadi inkişaf və stabillik təsəvvür olunmazdır. Həm Almaniya, həm Avropa maraqlıdır ki, Azərbaycan bizim stabil və strateji tərəfdaşımız olaraq qalsın".
APA -nın xəbərinə görə, bunu Almaniya Bundestaqının deputatı Edqar Franke bu gün Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya ərazi bütövlüyü məsələsini həmişə nəzərdə saxlayır: "Çünki İkinci Dünya müharibəsindən sonra biz də parçalandıq. Biz ATƏT-in vasitəçilik missiyasını dəstəkləyirik və düşünürük ki, Şərq Tərəfdaşlığı bu məsələnin həllinə öz töhfəsini verəcək".
Edqar Franke deyib ki, Azərbaycanda bütün din nümayəndələri problemsiz yaşayırlar: "Azərbaycanda dini problemlərin olmadığını müşahidə edirik və burada dini problemlərin olmadığını düşünürük. Azərbaycan insan hüquqları sahəsində mütəmadi olaraq öz səylərini göstərəcək. 50 insanın azadlığa çıxması mühüm bir hadisədir".
Almaniya Bundestaqının deputatı bildirib ki, Azərbaycan və Almaniya arasında körpülərin qurulmasına ehtiyac var və o, bu platformanın buna təkan verəcəyinə ümid etdiyi diqqətə çatdırıb.