208
17:16
12 İyun 2019

Əməkdar artistə qarşı dələduzluq edən şəxsə cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, O.Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, O. Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb. Cinayət materialına görə, O. Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib. O. Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.