259
17:57
12 İyun 2019

Bina tikintisinə dair yeni tələb müəyyənləşib

Fövqəladə Hallar Nazirliyi AzDTN 1.6-2* “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda dəyişiklik edib.
APA -nın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının dövlət tikinti normaları (AzDTN) müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur.
Qüvvədə olan normalara əsasən, podratçı (baş podratçı) tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasını və təhlükəli iş zonalarını hasara almalı və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. Tikinti işlərinə başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin yerləşdirilməsi sifarişçi tərəfindən təmin edilməlidir. Dəyişiklik məlumat lövhəsində yerləşdirilməli olan məlumatlarla bağlıdır. Dəyişikliyə əsasən, bundan sonra məlumat lövhəsində tikintiyə icazənin surəti də yerləşdirilməlidir.
Dəyişiklik iyunun 11-dən qüvvəyə minib.
Beləliklə, bundan sonra məlumat lövhəsində aşağıdakılar nəzərdə tutulmalıdır:
- tikintiyə icazə vermiş orqan (qurum) haqqında məlumat;
- obyektin təyinatı, sifarişçisi, layihəçisi və podratçısı haqqında məlumat;
- tikintiyə başlanılması və tikintinin başa çatması ilə bağlı müddətlər haqqında məlumat;
- obyektin mərtəbə sayı, qabariti və görünüşü;
- tikintiyə icazənin, habelə Məcəllənin 75.11-ci maddəsinə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.
Podratçının (baş podratçının) adı və tikinti meydançasından kənarda yerləşən inventar hasarlama lövhələrində, iri qabaritli təchizat elementlərində, kabel barabanlarında və digər yerlərdə də göstərilir.