101
10:17
13 İyun 2019

Şair Gülağa Tənhaya qarşı dələduzluq edən şirkət rəhbərinin oğluna cinayət işi açıldı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarəsi rəisi, general Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınan “Real MTK”-nın təsisçisi İlham Qasımovun oğlu Lətif Qasımov barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Lətif Qasımov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilir.
Onun barəsində aparılan cinayət işinin istintaqı başa çatıb. L.Qasımov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə təyin ediləcək.
Cinayət işi üzrə iki zərərçəkən şəxs tanınıb.
Qeyd edək ki, “Real MTK”-ın rəhbəri İlham Qasımov da dələduzluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Qasımovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib. O, şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
Onu da qeyd edək ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.