24450
12:20
13 İyun 2019

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR: “Seksual tələbat çətin...”

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı isə artıb. Belə ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.
Lent.az mövzu ilə bağlı bu dəfə deputatlara, QHT rəhbərlərinə və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Bu dəfə boşanmış xanımlar öz real hekayələrini danışıblar.
İlhamə Həsənli:
“Ayrılmağımdan heç vaxt peşman olmamışam, həmişə də deyirəm ki, yenə olsaydı, yenə də ayrılardım. Bunu da deyim ki, zaman çərçivəsində hər ailədə çətinliklər olur və onu geridə qoyana qədər kaş ki, boşanmazdım, belə olmazdı deyə bilirsən. Bu hislər keçdikdə isə boşandığına şükür edirsən.
Həmçinin boşanmaq çıxış yolu deyil və kiçik problemlər varsa, bunu həll etmək olar. Məndə isə vəziyyət başqa idi, ya ayrılmalı, ya da ki, ömür boyu xəstə olmağa razı olacaqdım. Ona görə də seçimim boşanmaq oldu”.
Nigar Rzayeva:
“Artıq 2 ildir ki, boşanmışam. İnsanlardan qorxuram, utanıram və mənlə münasibət qurmaq istəyənlərlə də tanış ola bilmirəm. Özümlə isə bacarmıram, elə bilirəm ki, boşandıqdan sonra hamı mənlə pis davranacaq”.
Ülviyyə Qafarova:
“Mənim evliliyim cəmi 5 ay davam edib. Ayrılmağımıza səbəb baldızım olub. Evdə mən hamı üçün özümü artıq hiss edirdim. Yoldaşım nə qədər dedi ki, sus, yola ver, amma mən bacarmadım və atam evinə gəldim. Elə bilirdim ki, yoldaşım bununla problemlərin qarşısını alacaq, ancaq heç nə dəyişmədi. Sonradan eşitdim ki, bacısı ona boşanmaq əmrini verib və beləcə, bizim əlaqələrimiz tamamilə qopdu”.
İlahə Verdiyeva:
“Bu il ayrılmağımın 4 ili olacaq və peşman deyiləm. Bir oğlum var, ancaq tək ad olsun deyə, yanımda həyat yoldaşının olmasına görə yaşaya bilməzdim. Əlbəttə ki, heç kim boşanmaq istəməz, amma bəzən alınmır və çarə ancaq boşanmaqda qalır”.
Günel Qafarova:
“Bir il ərzində ailəli olduq. Uşağımız olmadığı üçün qaynanam, qaynatamla birlikdə bizi boşatdırdılar. İndi isə hamı problemin məndə olduğunu düşünür, bəzən də uşağın olsaydı boşanmazdın deyirlər”.
Sevinc Tanrıverdiyeva:
“Evlilikdə hörmətsizliyi, döyülməyə, söyülməyə, ailəyə baxmamağa göz yummaq olmaz. 4 ildir ki, boşanmışam, heç bircə dəfə belə peşman olmamışam. Şükür balamı da, qışqırıqsız, döyülüb söyülməkdən uzaq bir ailədə böyüdürəm”.
Gültac İsayeva:
“Mən sevərək ailə qurmuşdum. 1 il rəsmi nikahlı qalsaq da, 5 ayın gəlini oldum. Bacısı ailəmi dağıtdı. Onlar gəlin yox, kölə istəyirdilər. Buna dözmədim və indi peşman deyiləm”.
Nərmin Qasımzadə:
“Mənim sevdiyim var idi və həyat yoldaşıma xəyanət etməmək üçün boşandım. Əvvəllər də elə onu sevirdim, amma çox problemlər yaşamışdıq. Ayrıldıqdan sonra sevdiyimlə evləndim, indi isə uşaq gözləyirik və onunla xoşbəxtəm”.
Günel Əlizadə:
“Sevdiyimlə 5 il sevgili qaldıq və evləndik. Sadəcə, evlilikdən sonra hər şey dəyişdi. Onu hazırda insan, dost kimi çox istəyirəm, ancaq evli kimi davam edə bilməzdik. Ayrılmaq bizim üçün çətin olsa da, bunu etdik və birgə qərar verdik. İndi isə oğlumuz vasitəsilə görüşür, danışırıq. Heç birimiz isə evlənməmişik. Hələ də çoxlarına təəccüblü gəlir ki, biz necə ayrıldıq. Çünki aramızda yalan, xəyanət olmamışdı. Sadəcə, evlilik və kiçik problemlər bizi yordu”.
Xatirə İsmayılova:
“8 ildir ki, ayrılmışam və heç vaxt peşman olmamışam. Ondan sonra başqa biri ilə ailə qurdum və çox xoşbəxtəm. Hazırda azərbaycanlı qadınlar boşanmaqdan qorxur və dözür. İnsan xoşbəxtliyini düşünərək addım atmalıdır”.
Son olaraq Lent.az -a danışan psixoloq Rəna Mahmudova boşanmaq ərəfəsində olan xanımlara məsləhətlər verib:
“Boşanarkən həmişə tərəzinin bir gözünə qazancınızı, o birinə isə itkinizi qoyun və müəyyənləşdirin ki, boşanma sonrası nə qazanıb, nə itirəcəksiniz. O cümlədən - maddi, mənəvi, seksual, qalacaq yer ehtiyaclarını və s. düşünün. Seksual tələbat çətin deyil, onu tapmaq asandır, amma əksinə, bunda da yanılmaq mümkündür. Məsələn, avara, narkoman, kriminal biri ilə də rastlaşa bilərsən. Bəs yerdə qalan tələbatlar? Əsas olan o birilərdir. Onları həll edə bilməyəcəksinizsə boşanmağa tələsməyin”.
Psixoloq əlavə edib ki, boşandıqdan sonra mütləq qadınlar özlərini dolandıraraq, kiməsə möhtac olmamalıdırlar:
“Bundan başqa əgər ər evində daim əsəbiniz korlanırsa, ətrafınızdakı məsləhətçilərinizi dəyişə bilərsiniz. Bəlkə də ananız, bacınız, xalaqızınız onu sizin gözünüzdən salır, bəlkə də başqaları sizə ərinizi, baş verənləri fərqli təqdim edəcək. Hadisələrə başqa cür yanaşanda, baxanda bəzən problem daha asan həll olunur, əsəbilik itir.
Yox əgər heç biri mümkün deyil, heç bir tələbatınız təmin olunmursa, əksinə o sizin hesabınıza öz tələbatlarını ödəyir və ya ümumiyyətlə siz ancaq itirirsinizsə, bu ailə həyatından arxaya baxmadan getmək lazımdır. Çünki ailə qazanc (maddi, mənəvi, seksual və s.) əldə etmək üçündür. Yox əgər bu ailəlikdən siz heç nə qazanmırsınızsa, ondansa subay olmaq ondan yaxşıdır. Çünki bu zaman heç olmasa, əl-ayağına dolaşıb, yaşamağına mane olan şəxs olmur”.
Qeyd edək ki, yazıda hekayələrini danışan xanımların adları şərtidir.
Həmçinin bu mövzu ilə bağlı növbəti yazımızda kişilər öz boşanma hekayələrini, səbəbləri danışacaqlar.