5132
14:53
13 İyun 2019

Ərik mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
Bu dəfə sizi mətbəximizdə sosial şəbəkədə “Nenemin Metbexi Ruhiyye Vaqifle" adı ilə məşhur olan ustanın ərik mürəbbəsinin hazırlanma üsulu ilə qarşılayacağıq.
Ərik mürəbbəsi üçün tərkib:
2 kq ərik,
2 kq şəkər tozu,
3 litr su,
1 xörək qaşığı soda.
Qeyd: əriyin kiloqramı ilə şəkər tozunun miqdarı eyni (məsələn, 3 kq ərik olsa, 3 kq şəkər tozu, 5 kq ərik olsa, 5 kq şəkər tozu və s.) olmalıdır.
Hazırlanma qaydası:
Çox bərk, eləcə də dəymiş olmayan əriklər yuyularaq, qurudulur. Ərik kiçik və orta ölçülü olarsa, hər hansı bir alətlə (qələmlə və s.) tumu çıxarılır. Əgər iriölçülü ərikdən istifadə etmək istəsəniz əriyi yarıdan bölməyiniz və tumunu çıxarmağınız məsləhət görülür.
Kənarda bir qabda sodalı su hazırlanır. Belə ki, 3 litr suya 1 xörək qaşığı soda tökülərək qarışdırılır və hazırlanan əriklər həmin suya qoyulur. Əriklərin sodalı suya qoyulmasına səbəb isə onların qaralmasının qarşısını almaq, eyni zamanda bərk olması və əzilməməsi üçündür.
Daha sonra şərbətin hazırlanmasına başlayırıq. 2 kq şəkər tozuna qatmaq üçün 2 stəkan su götürürük (3 kq şəkər tozu üçün 3 stəkan, 5 kq şəkər tozu üçün isə 5 stəkan su və s. lazımdır). Şəkər tozu əridikdən, şərbətimiz hazırlandıqdan sonra sodalı suda olan əriklər çıxarılaraq yuyulur, qurudulur və şərbətin içərisinə tökülür. Şərbətin içərisində tam soyudulur və daha sonra yenidən 5-7 dəqiqə olmaqla qaynadılır. Bu proses 3 dəfə təkrarlanır. 4-cü dəfə isə mürəbbə tam bişirilir və kəfi götürülür.
Qeyd edək ki, ərik mürəbbəsini bişirən zaman qətiyyən qarışdırmaq olmaz. Bunun əvəzində isə qabı yellədərək əriklərin yerini dəyişmək mümkündür. Daha sonra tam soyumuş mürəbbə bankalara yığılır.
Həmçinin mürəbbənin qıcqırmaması və rənginin daha parlaq olması üçün yarım limonun suyunu və ya yarım xörək limon duzu da əlavə etmək olar.
NUŞ OLSUN!