786
16:40
17 İyun 2019

BOKT-un nizamnamə kapitalında mühüm iştirak paylarının əldə edilməsinə məhdudiyyətlər qoyulur

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması proseduru müəyyənləşir.
APA -nın məlumatına görə, bu, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hər hansı bir şəxs BOKT-un nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan iştirak paylarının və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud BOKT-un həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını müəyyən edilmiş qaydada əldə edə biləcək.
Beləliklə, BOKT kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı bildiriş göndərməlidir. O cümlədən BOKT kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payı əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı bildiriş göndərməlidir. Mühüm iştirak payının alınması üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir:
- Həmin sahib hüquqi şəxs olduqda adı, ünvanı, son maliyyə ilini əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarı, həmin hüquqi şəxsin icra orqanının üzvlərinin siyahısı (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və hər bir üzv tərəfindən imzalanmış vətəndaş nüsursuzluğuna dair ərizə;
- Azərbaycan hüdudlarından kənarda yaradılmış xarici hüquqi şəxs əlavə olaraq, onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədin, nizamnaməsinin (əsasnaməsinin), sonuncu maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının aə auditor rəyinin, rəhbər əcnəbi olduqda rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın, şəxs xarici bank və ya BOKT olduqda, həmçinin bankın və ya BOKT-un yerləşdiyi ölkənin nəzarət orqanı tərəfindən verilmiş və bankın və ya BOKT-un bu ölkədə müvafiq fəaliyyət həyata keçirmək üçün lisenziyasının olduğunu (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda) təsdiqləyən arayışın leqallaşdırılmış və ya apostili verilmiş surəti;
- bankların, BOKT-ların və ya başqa hüquqi şəxslərin həmin şəxsin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;
- həmin sahib fiziki şəxs olduqda soyadını, adını, atasının adını, vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədin surəti, məsuliyyət növünü göstərən məlumat və sənədlər, onun payçısı və ya səhmdarı olduğu hüquqi şəxslər və onların məşğuliyyət növü barədə məlumatlar, tərəfindən imzalanmış vətəndaş qüsursuzluğuna dair ərizə;
- fiziki şəxs əcnəbi olduqda qeyd edilən sənədlərdən əlavə, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayışın leqallaşdırılmış və ya apostili verilmiş surəti, bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və ya bank hesablarından çıxarışlar;
- həmin şəxsin bankların, BOKT-ların və ya başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat.
Maliyyə Bazarlarına Nəzarət Palatası ərizəyə ən geci 30 təqvim günü müddətində baxacaq. Həmin Palata ərizəyə dair münasibətini BOKT-a yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir.
Maliyyə Bazarlarına Nəzarət Palatası icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
- tələb edilən sənədlər və məlumatlar tam təqdim olunmadıqda;
- icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş sənədlər və məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;
- hüquqi şəxsin icra orqanının üzvləri (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və fiziki şəxs vətəndaş qüsursuzluğuna malik olmadıqda;
- mühüm iştirak payını əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;
- iştirak payının əldə edilməsi nəticəsində BOKT ilə bağlı olacaq xarici banka və ya BOKT-a onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Mərkəzi Bankının öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.
Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstəriləcək. Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, Maliyyə Bazarlarına Nəzarət Palatası həmin şəxsə şəxsin BOKT-dakı payının icazəsiz aldığı hissəsinin Palata tərəfindən müəyyən edildiyi tarixədək ləğv edilməsi barədə yazılı göstəriş verəcək. Mühüm iştirak payının əldə edilməsi üçün müəyyən edilmiş maksimum müddətlərə riayət edilməzsə, Maliyyə Bazarlarına Nəzarət Palatası həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verəcək. Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ səhmdarların ümumi yığıncağının iclaslarında nəzərə alınmayacaq.
Layihədə qeyd edilir ki, BOKT-un kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı məlumat verməlidir.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.