265
17:33
18 İyun 2019

Beynəlxalq təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu BU TARİXDƏN başlayır

İyulun 19-dan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır.
Dövlət İmtahan Mərkəzindən Lent.az -a verilən xəbərə görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Müsabiqədə iştirak etmək istəyənlər iyunun 19-dan iyulun 17-dək sənədlərini DİM-ə və ya Mərkəzin regional bölmələrindən birinə təqdim etməlidirlər.
1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.
Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar.
Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas üzrə və hər tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.