1265
20:15
18 İyun 2019

Miras uğrunda mübarizə: çılğın sevişmələr və qorxulu casus oyunları... – Tarixin sandığından

XV əsrdə dünya səltənəti sayılan, yer üzünü Portuqaliya ilə öz aralarında bölən və sonradan onun özünü də udan İspaniya XVII əsrin ikinci yarısında Avropanın başağrısına çevrilmişdi. Bu nüfuzlu məmləkətə Habsburqlar sülaləsinin axırıncı nümayəndəsi II Karl başçılıq edirdi. Avropanın kral saraylarında onu “zəif və məkrli” hökmdar sayırdılar. Onun məkri, bicliyi barədə bir söz deyə bilmərik, amma Karl nəinki fiziki, hətta əqli cəhətdən də zəif idi. Kralın fransız əsilli arvadı Mariya-Luizadan övladı da yox idi və bəlli idi ki, onun ölümündən sonra İspaniya taxt-tacı sahibsiz qalacaq, məmləkətə ya kral ailəsilə yaxın qohum olan Avstriya Habsburqları, ya da fransız Burbonları sahiblənəcək.

Haşiyə

“Ovsunlu” və “Divanə” adları ilə tanınan II Karl (Carlos II El Hechizado); Habsburqlar sülaləsinin ispan taxtındakı sonuncu nümayəndəsi irsiyyətilə əlaqədar çox xəstəhal, zəif adam olub. Karlın xəstəliklərinin sayı-hesabı yox idi, dərin epilepsiyası vardı, tez-tez huşunu itirirdi. Bütün bunların səbəbi Habsburqların ispan və avstriya qollarından olan şəxslərin, yəni yaxın qohumların bir-birilə evlənməsi idi. Karlın inbridinq əmsalı (bu göstərici iki şəxs arasında qan qohumluğunun, yaxud bioloji qohumluğun dərəcəsini müəyyən edir) 25% idi, yəni, bacı və qardaş arasında cinsi əlaqədən doğulmuş uşaqların göstəricisi kimi.

Hökmdarlığının böyük bir hissəsində onun qəyyumu anası olub. Karlın hakimiyyəti İspaniyanın dərin siyasi və iqtisadi böhran yaşadığı dövrə təsadüf edib. O zamanlar ölkənin əyalətlərində separatizm meylləri güclənib, neçə dəfə güclü aclıq, qıtlıq olub, Madrid sarayının özündə müxtəlif oliqarx dəstələrinin hakimiyyət uğrunda daimi mübarizəsi şiddətlə davam edib...

Madrid Avstriya və Fransa casusları ilə dolu idi və artıq gizli müharibə meydanına çevrilmişdi.

Fransız kəşfiyyatı neçə il idi ki, ispan mirasını ələ keçirmək uğrunda çoxgedişli bir əməliyyat başlamışdı və bu əməliyyat hələ ki, dinc şəraitdə aparılırdı. O zamanlar Fransanın rezidenti ölkənin Madriddəki səfiri qraf Rebenak idi, bir müddətdən sonra isə onun Arnur əvəz etdi. Fransa hökuməti bu mürəkkəb diplomatik oyunlarda özünə müttəfiqlər axtarır, İspaniyanın nəzarəti altında olan ərazilərin bölünməsini belə mümkün sayırdılar. Amma yeni fransız səfir Arnurun fikri belə idi ki, İspaniyanın bütün torpaqları bütöv qalmalı və miras olaraq mütləq fransız şahzadələrindən birinə çatmalıdır.

O dövrdə Parisin İspaniyada çox geniş və fəal casus şəbəkəsi vardı. Bu şəbəkəyə fransız tacirləri, bankirləri, zərgərləri, ustaları, saysız-hesabsız kurtizan-qadınlar daxil idi və bu insanlar hətta müharibə başlanandan sonra belə, ölkəni tərk etməyəcəkdilər...

Şəbəkədə fəaliyyət göstərən ən parlaq casuslardan biri Olimpiya Mançini adlı (sonradan o, qrafinya Suasson oldu) bir qadın sayılırdı. O, kardinal Mazarininin qardaşı qızı və fransız kralı XIV Lüdovikin ilk sevgilisi idi; Madridə 1686-cı ildə kraliça Mariya-Luizanın yaxın adamı kimi gəlmişdi. Kraliça saray intriqalarında Fransanın xeyrinə çalışır, Olimpiya Mançini isə bu işdə ona kömək edirdi. Onların rəqibləri avstriyapərəst qüvvələr də, kraliçanın ətrafında intriqalar quraraq, onun başını qatmağa çalışırdılar. Bu mürəkkəb “oyunlar” Versal və Madrid saraylarının ən üstün normalarına uyğun aparılır, ən rəzil vasitələrə belə əl atılırdı.

Gizli mübarizənin ən həssas anında qəflətən dövriyyəyə altında Mariya-Luizanın imzası olan saxta sevgi məktubları buraxıldı. Bunun dalınca gələn hadisələr isə çox qəribə idi. Məktub məsələsindən son dərəcə sarsılmış kraliça elə həmin gün naməlum bir azara tutuldu və ertəsi gün - 1689-cu il fevral ayının 11-də dünyasını dəyişdi. Avstriyapərəstlər bu hadisəni qadının gizli əməllərinin faş olunmasına dözə bilməməsilə izah edirdilər. Xalqın əksəriyyəti isə əmin idi ki, Mariya-Luizanı zəhərləyiblər. Fransa səfiri hadisə ilə əlaqədar bəyanatlarında birbaşa avstriyalıları ittiham edir, onlar isə eyni qətiyyətlə qrafinya Suassonun üzərinə kölgə salmağa çalışırdılar. Hərçənd ki, qrafinyanın öz sahibəsi və həmfikrini qətlə yetirməsi heç ağlabatan deyildi, çünki bu hadisənin zərbəsi ən çox, elə qrafinya Suassonun özünə dəyirdi.

XVI Lüdovik isə mübarizənin intensivliyini artırmaq üçün ölkəyə yeni-yeni casuslar yollayırdı. Onların arasında ikinci dəfə ərə gedəndən sonra markiza Güdan adını qəbul etmiş Anjelika de Kutelye də vardı. Bu qadının keçmişi sirr pərdəsi arxasında idi. Kurtizan qadın kimi ad çıxarmış, yüksək çevrələrdən olan bir çox ünlü şəxslərlə sevgi macəraları yaşamış, macərabaz təbiətə malik Anjelika lap gənc yaşlarından onu-bunu şantaj edib, pul qoparmaqla məşğul idi. Amma bir müddət sonra əməllərinin üstü açılır, məhkəmə təqibindən qorxan qadın təcili olaraq, Fransanı tərk etməli olur.

Beləliklə, markiza Güdan Romada qərar tutmalı olur və adəti üzrə, yenə qaynar, macəralarla dolu bir həyata baş vurur. Yüksək dairələrdə keçirilən ziyafətlərin birində çoxbilmiş qadın Fransa səfirliyinin katibi ilə tanış olur və onların arasında çılğın bir məhəbbət macərası yaşanır. Diplomat öz sevgilisinə tam etibar edirdi; ondan gizlin sirri yox idi. Görüşlərin birində, qadın sevgilisinin dolabından İspaniya hökuməti üçün fövqəladə maraq kəsb edən diplomatik sənədlə dolu bir çantanı oğurlayır. Həmin sənədləri alan kimi, İspaniya səfiri onların surətini çıxarıb, Madridə yola salır, çantanı isə markizaya qaytarır; o da sənədləri yerinə elə qoyur ki, sevgilisi duyuq düşməyə macal tapmır bilmir. Bu sənədlər ispanlar üçün o qədər dəyərli idi ki, hökumət markiza Güdana illik təqaüd kəsir və onun Madriddə yerləşməsinə icazə verir. Markizaya da əslində, elə bu lazım idi.

Bu hadisə çox güman ki, adi bir təsadüf yox, fransız kəşfiyyatının öz casusunu dövriyyəyə buraxması üçün düşünülmüş, incə bir əməliyyat idi.

Markiza Güdan Madridə heç də yoxsul bir qaçqın kimi gəlmir. O, casusluq etmək üçün son dərəcə sərfəli, mühüm hökumət binalarının lap yaxınlığında yerləşən, ayrıca bağı olan geniş bir malikanə alır ki, verilən tapşırıqları uğurla yerinə yetirə bilsin. Güdan səfir Arnurun tapşırığı ilə başqa fransız agentlərlə sıx əməkdaşlıq şəraitində, Madriddə salon açır və onun salonu qısa bir zamanda böyük şöhrət tapır. Markizanın salonuna saray əyanları, nazirlər, diplomatlar, o zamanın dəbdə olan şairləri, rəssamları, yüksək cəmiyyətə xidmət edən kurtizan qadınlar, parisli din xadimləri, ispan monastırlarının dominikan-rahibləri gəlir, məşhur şəxslər müntəzəm olaraq, bir-birilə görüşürdü. Markiza Güdan masa arxasında keçən belə görüşlərdən yaxşıca bəhrələnir, dəyərli məlumatlar toplayır, fransapərəst qüvvələrin güclənməsinə xidmət edən qurğular qurur, intriqalar toxuyurdu.

Fransa arxivlərində markiza Güdanın 1693 ilin fevralından dekabrınadək müntəzəm olaraq Parisə göndərdiyi məktublar hələ də qorunur. Həmin məktublarda ispan sarayının ab-havası, ölkədəki vəziyyət barədə qiymətli informasiyalar olurdu. Xanım casusun birbaşa ilk əllərdən – nazirlərdən və başqa hökumət adamlarından əldə etdikləri əsl kəşfiyyat məlumatları idi. Bu məktubları tədqiq edən tarixçilər onların dəyərini azaltmadan, bunu da qeyd edirlər ki, yazdıqlarının əhəmiyyətini artırmaq üçün markiza, bir qayda olaraq, informasiyanı çox şişirdirmiş...

Markiza Güdan yalnız məlumat toplamaqla məşğul deyildi. O, həm də şəbəkəyə yeni casuslar cəlb etməklə və başqa fəal əməliyyatlarla məşğul olurdu. Bu qəbil əməliyyatlar arasında Gessen baronessası Berlepşin Fransanın mənafeyinə fəaliyyətə cəlb edilməsi də vardı. Baronessa Berlepş yeni ispan kraliçası Neysburqlu Anna-Mariyanın favoriti idi. Ərini itirmiş baronessa yaşlaşmış gözəlçələrə xas şit bayağılığıyla fərqlənir, eyni zamanda, nəfsi çox iti olan sərvət düşkünü sayılırdı. Bu xanım kraliçanın gözündə elə dərin nüfuza malik idi ki, ona kimin yaxınlaşa biləcəyi barədə qərarı təkbaşına qəbul edirdi. Kraliça da öz növbəsində II Karlı öz oyuncağına çevirmişdi. Lakin Berlepş hərəkətlərində müstəqil deyildi. Qadını mənəvi atası və sevgilisi keşiş Recinald idarə edirdi. Markiza Güdan Recinaldı öz tərəfinə çəkməklə, baronessa Berlepşə təsir mexanizmi tapmışdı və acgöz qadın külli miqdarda pul müqabilində fransızlara kömək etməyə razılıq vermişdi.

Miras ətrafındakı mübarizələr elə gərgin gedirdi ki, 1698-ci ildə Avstriya tərəfdarları markiza Güdanı Madriddən sürgün etdirdilər. Bunun dalınca, 1700-cü ildə baronessa Berlepş də ispan sarayından hörmət-izzətlə yola salındı.

Nifaq toxumu artıq səpilmişdi. Avstriyapərəstlər məğlub oldular. II Karl ispan imperiyasının bölünməzliyinə zəmanət qazanmaq üçün öz taxt-tacını Filip Anjuyskiyə vəsiyyət etdi. 1700-cü ildə, Karlın ölümündən sonra, XIV Lüdovikin oğlu V Filip adı ilə İspaniya taxtına çıxdı. Bundan dərhal sonra bu vəsiyyətin həqiqiliyini başqa iddiaçılar şübhə altına aldılar.

Hadisələrin sonrakı inkişafı bir il sonra, yəni 1701-ci ildə Fransa ilə Hollandiyanın, Avstriyanın, əksər Alman knyazlarının, Danimarkanın, Portuqaliyanın və Savoyyanın dəstəklədiyi İngiltərə arasında müharibə başlanmasına səbəb oldu. Bu müharibə faktiki olaraq, qitədə fransız hökmranlığına son qoymaq uğrunda əsas Avropa dövlətlərinin mübarizəsinin başlanğıcı idi və tarixə elə İspaniyanın irsi uğrunda aparılan müharibə kimi yazıldı. 1714-cü ilədək davam edən müharibədə sırf hərbi itkilər yarım milyon nəfər təşkil etdi.

Haşiyə:

Bu müharibənin nəticələri İspaniya üçün çox ağır oldu. Utrext sülh sazişinə əsasən, V Filip fransız taxtından imtina edib, İspaniya kralı oldu və beləliklə, iki ölkə arasında qohumluq əlaqələrinə son qoyuldu. Filip İspaniyanın okeanın o üzündəki torpaqlarını qoruya bildi, amma İspan Niderlandı, Neapol, Milan, Prezidiya və Sardina Avstriyaya qismət oldu; Siciliya və Monferrat Savoyun, Yuxarı Geldern Prussiyanın; Cəbəllütariq və Menorka adası Böyük Britaniyanın ixtiyarına keçdi. Britaniyalılar həm də Amerikadakı ispan müstəmləkələrində qul alveri üzrə monopolistə çevrildi.

Beləliklə, Utrext müqaviləsi İspaniyanı Avropa siyasətilə bağlı məsələlərdə ikinci dərəcəli dövlətə çevirdi, Avstriya İtaliyada aparıcı qüvvə oldu və Avropadakı mövqeyini qat-qat gücləndirdi.