10836
20:15
20 İyun 2019

“Tabutu həyətə gətirəndə qarşısına keçdim...” – Şəhid zabitin xanımı danışır

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid baş leytenant Ziya Həsənovun evindən hazırlanıb.

Baş leytenant

Ziya Niyazi oğlu Həsənov 1989-cu il oktyabrın 11-də Ağdamın Boyəhmədli kəndində doğulub. 2004-2007-ci illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2007-ci ildə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib.

Ziya Həsənov göstərdiyi qəhrəmanlığa görəAzərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sərəncamı ilə"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalıilə (ölümündən sonra) təltif edilib.

Fəhm...

Qızılgül kolları ilə əhatələnmiş həyətdən keçib gedəndə, daş döşəmənin üzərində o yan - bu yana qaçan balaca qızcığaz mənə əhəmiyyət vermirdi. Amma evə keçib diktofonu işə salanda bir anlıq dayandı, diqqətlə çantamdan çıxardım dəftər-qələmə, bir də atasının divardan asılan iri şəklinə baxdı. Dünyanı hələ yenicə tanımağa başlayan bu qızcığaz mənim söhbətə hazırlıq mərhələmi və anasının xeyli həyəcanlandığını görüb, fəhm etdi ki, bu söhbət həmişəkilərdən deyil və balaca olsa belə bu söhbətə onun da aidiyyatı var. Bu qızcığaz 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş baş leytenant Ziya Həsənovun üzün görə bilmədiyi, amma adını hələ sağlığında qoyduğu qızı Yağmur idi.

Şəkil

Ayişə xanımla Ziya Həsənov uzaq qohum olublar. Tanışlıqları isə şəkildən, yəni görücü üsulu ilə olur. Nə Ziyanın, nə də Ayişənin belə şeylərdən xoşu gəlməsə də, tale öz işini görür. Ayişə xanımın toyda qohumlarla çəkdirdiyi şəkil əldən-ələ dolaşaraq gedib çıxır Ziyanın anası Tərlan xanıma. Bir müddətdən sonra Ziya hərbi hissədən məzuniyyət götürüb, evlərinə gəlir. Ana şəkli oğluna göstərmək istəyəndə Ziya anasının inciyəcəyinə məhəl qoymadan əsəbiləşir, evlənmək istəmədiyini deyir. Bir neçə saatdan sonra peşman olur. Həm də elə belə maraq xatirinə masanın üstündə qalan şəklə baxmaq istəyir. Və şəkildəki qızdan xoşu gəlir. Anasını çağırıb, elə ertəsi gün qızı görmək istədiyini bildirir: “Yay vaxtı idi. Mən də işə getmirdim, tətildəydim. Evimizin bir otağı təmir olunurdu, hər tərəf dağınıq idi. Səhər yuxudan oyananda hardasa saat 10 olardı. Xalamqızı zəng vurdu ki, hazırlaş bir azdan sizə qonaqlar gələcək. Tez ev-eşiyi səliqəyə saldım. Hardasa bir saatdan sonra onlar bizə çatdılar. Xalamqızı məni aldatmışdı, demişdi ki, narahat olma, oğlan özü gəlmir. Amma Ziya özü də gəlmişdi. Hətta mətbəxdən otağa keçənə qədər şkafın güzgüsündən məni görmüşdü. Bunu sonralar özü mənə dedi. O da hamı ilə birgə keçib divanda əyləşdi. Mən onda başqa otaqdaydım. Qaynanam gəlib dedi ki, Ziyaya bir stəkan soyuq su ver. Mən istəmirdim, çünki belə şeylərdən xoşum gəlmirdi. Qaşqabaqla dedim ki, mən suyu süzüm siz verin, amma bir də baxdım ki, qaynanam məni itələyib Ziya olan otağa atdı. Suyu Ziyaya verəndə hər ikimiz bir-birimizə baxdıq. Mən onu elə görən kimi bəyəndim. Suyu içəndən 3-4 dəqiqə sonra qalxıb getdilər. Heç çay da içmədilər. Həmin gündən bir-birimizlə telefonla yazışıb, söhbətləşirdik. 3-4 günə nişanlandıq. Toyumuz olandan sonra Ziyanın Beyləqanda kirayə tutduğu evə köçdük”.

Toydan sonra gənc ailə Beyləqandakı üç otaqlı mənzildə həyatının ən xoşbəxt günlərini yaşamağa başlayır. Gündüzlər işdə olan Ziya axşamları mütləq bütün günü tək-tənha qalıb onun gəlişini gözləyən həyat yoldaşının yanına qayıdır. Ayişə xanım deyir ki, Ziya hərbçi olsa da şən xasiyyətli, deyib-gülən adam idi. Yaxınlarının ona görə narahat olmamasına çalışırdı. Ayişə xanımın sözlərinə görə, Ziya iki il yarım Ağdam cəbhəsində xidmət etsə də bunu uzun müddət ailəsindən sirr kimi gizlədib. Ağdamda yox, Ağcabədidə olduğunu deyib ki, valideynləri narahat olmasınlar.

Vətən sevgisi

Ayişə xanım, həyat yoldaşının vətənə bağlılığının bir neçə dəfə şahidi olduğunu da qeyd edir: “Ziya hərbə aid evdə bir kəlmə də danışmazdı. Mən belə söhbətləri qonşuluqda yaşayan hərbçilərin xanımlarından öyrənərdim. Hamiləliyimin üçüncü ayında Ziya ilə söhbət edirdim. Birdən ondan soruşdum ki, müharibə başlasa, yəqin ki, sən məni belə vəziyyətdə qoyub cəbhəyə getməzsən. Mənim bu sözlərim ona çox pis təsir etdi. Hirslə mənə baxıb dedi: “Elə şey olar ki, müharibə başlasın, mən də getməyim? Mən müharibəyə getməsəm, zabit yoldaşlarım, tabeçiliyində olduğum rütbəli hərbçilərin üzünə heç vaxt baxa bilmərəm. Sabah müharibədə bir ayağını, bir qolunu itirən dostlarımdan biri ilə rastlaşsam, onlara qoşulmadığıma görə vicdan əzabı çəkərəm. Özümü heç vaxt bağışlamaram”. Bu söhbətdən sonra onunla bir də heç vaxt belə mövzularda danışmadım. Onun büruzə vermədiyi, amma daxilən yaşadığı vətən sevgisini mən dəfələrlə hiss etmişdim. Bəlkə də torpağının, Ağdamın işğal altında olmasının da bu məsələdə böyük rolu vardı”.

Yağmur

Ziya Həsənovla Ayişə xanım yeddi ay birlikdə yaşayıblar. Ayişə xanım üç aylıq hamilə olanda həkimə gedirlər. Həkim gələcək övladlarının bətndəki şəkilini Ziyaya göstərmək istəsə də, o, utandığından həkimin otağına girmək istəmir. Xəstəxanadan qayıdandan sonra dünyaya gələcək qızının adının Yağmur olmasını istədiyini dilə gətirir. Ayişə xanım keçmiş günləri xatırlayır: “Ziyanın dəfnindən sonra Bakıya atamgilə gəldim. Özümü həm fiziki, həm də mənəvi cəhətdən çox pis, lazımsız, gərəksiz adam hiss edirdim. Axşama yaxın dizlərimi sinəmə yığıb hönkürtü ilə ağladım, hətta qışqırıb, isterika keçirdim. Ancaq sonra analıq hissi üstün gəldi. Düşündüm ki, özüm cəhənnəm, axı, bətnimdəki körpəyə zərər vura bilərəm. Məni birtəhər sakitləşdirdilər. Həmin gecə Ziya yuxuma girdi. Mənə dedi ki, ağlama, sakitləş. Niyə ağlayırsan? Bizim qızımız olacaq, onu düşün, yatanda isə ayaqlarını uzat.

Gediş

2016-cı ilin aprel döyüşlərinə hələ on gün vardı. İki nəfərlik ailə Novruz bayramını qeyd edir. Martın 31-də isə Ayişə xanımın ad günü olur. Günorta evə gəlib xanımını təbrik edən baş leytenant Ayişə xanıma çox diqqətlə baxıb, gülümsəyir. Ayişə xanım, həmin günləri göz yaşları ilə xatırlayır: “Çox vaxt şəhid olan hərbçilərimizin xanımları xatirələrindən danışarkən son dəfəni çox əlamətdar formada xatırlayırlar. Amma nə gizlədim, bizdə elə şeylər olmayıb. Nə gedərkən pəncərədən əl yelləmələr, nə son dəfə geriyə boylanıb baxmalar... Amma ad günümdə ikilikdə yemək yeyirdik. Birdən o, diqqətlə və doğmalıqla mənə baxıb, gülümsədi. Bəlkə də həmin ərəfələrdə aprel döyüşləri barədə nələrisə bilirdi, amma mənə demirdi. Çünki son vaxtlar hərbi geyiminə xüsusi diqqət göstərir, müəyyən gərginlik keçirdiyini duyurdum”.

Ziya Həsənov aprelin 1-də evdən gedir. Ayişə xanımla telefon vasitəsi ilə əlaqə saxlasa da, evə gələ bilmir. Aprelin 3-ü isə Ziyanın valideynləri gəlinlərinin evdə tək qalmaması üçün onu Bərdəyə öz yanlarına aparırlar: “Qayınanamgil gəlib məni apardılar. Mən getmək istəmirdim. Bilirdim ki, Ziya gələcək. Hətta onun ən çox xoşladığı yarpaq dolmasını da bişirmişdim. Paltarlarını yumuşdum. Bayırda hava pis olduğundan paltarlarını gətirib evdə stulların başına sərdim. Heç ağlıma da gəlməzdi ki, o evə bir də Ziyanın ölümündən sonra qayıdacam. Mən qayınanamgilə gedəndə onu uzaqdan gördüm. Biz onun yolladığı hərbi maşınla Bərdəyə getməliydik. Ziya maşının qarşısında dayanmışdı. Mən maşına minəndə çox pis oldum, ağladım. Elə bil onda şüuraltı hiss etdim ki, nəsə olacaq. Həmin günün gecəsi çox gözəl mesajlar yazdı, məni sakitləşdirdi”.

Şəhidlik

Vaxtilə yaxın dostlarından birinin ayağını döyüşdə itirdiyini eşidəndə Ziya çox pis olur. Bir neçə gün özünə gələ bilmir. Hətta bir tərəfi olmadan yaşamaqdansa, ölümün rahat olmasını dilə gətirir. Amma tale elə gətirir ki, özü anası və xanımı ilə danışandan düz yarım saat sonra ayağını itirir və güclü qanaxmadan şəhid olur: “Qaynanamgilə gedəndən sonra Ziya tez-tez zəng vururdu. Amma sonralara bildim ki, girib qapalı yerlərdə, maşının içərisində mənimlə danışırmış ki, mən kənardan gələn silah səslərini eşidib qorxu keçirməyim. Sonrakı günlərdə ara-sıra zəngləşirdik. Yaxşı olduğunu desə də, suallarımdan yayınır, konkret cavablar vermirdi. Aprelin 5-də səhər saat doqquzun yarısında onunla danışdım. Dedi ki, narahat olmayın, qorxulu heç nə yoxdu”.

Amma növbəti dəfə ona zəng çatmır. Ayişə xanım qayınanasına zəng vurur. Xəttin o başından möhkəm qışqırıq səsləri eşidir. Heç nə başa düşmədən telefonu bağlayır: “Bir az keçmiş baxdım ki, qayınanamıhəkim yoldaşları təcili yardım maşınında gətirdilər. Onun sifəti qıpqırmızı idi. Elə bildim ki, təzyiqi qalxıb.Nə baş verdiyini soruşanda o, iş yoldaşını göstərib dedi ki, ondan soruş. İş yoldaşına tərəf dönəndə, o üzünü məndən yana çevirdi. Bir anın içərisində həyət adamla dolmağabaşladı. Elə bu vaxt yoldaşımın əmisi oğlu dedi ki, Ziyanın hərbi paltarda şəkli varmı? Mən yenə də heç nə anlamadım. Kimsə dedi ki, yaralanıb. Fikirləşdim ki, yəqin yaralanıb. Şəklini istəyirlər ki, onu yaralılardan tanıyıb seçə bilsinlər.
Vaxtın necə keçməyindən xəbərim olmadı. Bir də gördüm ki, Ziyanı tabutda həyətə gətirdilər. Özümdə güc tapıb, tabutun qarşısına keçdim. Hiss edirdim ki, sinəmin altındakı körpə çox narahatdır. Gah bədənimin bir tərəfinə, gah da o biri tərəfinə qısılırdı. Mənim bütün həyəcanlarımı, atasının ölümünü körpəmiz hiss edirdi. Onun qorxduğunu hiss edirdim...”

Baş leytenant ailəsi ilə tanış olandan sonra minomyotdan açılan atəşdən şəhid olur. Övladının üzünü belə görməyən, səsini eşitməyən Ziya sonralar dəfələrlə həyat yoldaşının yuxusuna girib, xəyallarında özünə yer edir:Ziya şəhid olarkən onun ruhunu bir neçə dəfə özümün və Yağmurun ətrafında hiss etmişəm. Yağmur anadan olandan sonra onu beşiyə qoyub yatırmışdım. Birdən baxdım ki, Yağmur yuxudan ayılıb tərpənir. Amma ağlamır. Adətən həmişə oyanan kimi ağlayırdı. Evin hər tərəfini isə Ziyanın istifadə etdiyi ətrin qoxusu bürümüşdü. Bizim evdə heç kim o ətirdən istifadə etmirdi. Onda hiss etdim ki, Ziyanın ruhu bizimlədir.

Həmişə Ziyanın adı gələndə yaşadığımız kirayə mənzilimiz yadıma düşür. Ora mənim üçün çox qiymətlidir. Çünki xoş günlərimiz o evdə başladı, ayrı-ayrı yerlərdə bitdi. O ev bizim dava-dalaşsız, söz-söhbətsiz balaca yuvamız idi. Ziya həmin evdə kiçicik şeylərlə məni xoşbəxt etməyi bacarmışdı. Fəxr edirəm ki, o mənim yoldaşımdır və onun qanını daşıyan övlad dünyaya gətirmişəm.

Aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qadınlarını bir araya yığaraq, onlara başsağlığı verdi. Belə ağır gündə birinci xanımın təsəllisini eşitmək bizim üçün çox böyük güvənc idi. Qayınanamgil belə məsləhət gördülər ki, həmin görüşə mən gedim. Mehriban xanım bütün şəhid anaları və xanımları kimi mənimlə də eyni məhəbbətlə, ağrı ilə görüşdü. Hər birimizlə ayrıca söhbət etdi. Mənim hamilə olduğumu biləndə dedi ki, qız uşağı anaya çox yaxındır. Möhkəm olmağı, dərdə sinə gərməyi tövsiyə etdi. Və yas məclisinə yığılanları göstərib dedi ki, Sizin arxanızda bu qədər xalq dayanıb. Dövlət dayanıb...”