9880
11:55
22 İyun 2019

Qapını döyən canavarlar, Telliyə vurulan üç güllə, dağlar qoynundakı sirli ev – Səbuhi Məmmədli yazır

- Yadımda deyil, a bala, çiynim çıxan il idi, özü də qış, bir sürü canavar gəldi oturdu doqqazın ağzında, ula ki, ulayasan. Tüfəng atdım, uzaqlaşdılar. Yarım saat sonra yenə gəldilər. İtlər də, inan, qorxularından hürüşmürlər. Səhəri dirigözlü açdım. Bu yazıq qız da vaqona girib gizlənmişdi.

Hə, vaqonda gizlənmişdi həmin gün Sevinc. Əslində Sevinc elə orada yaşayır. Anadan olandan. Düz 44 ildir. Anası, 75 yaşlı Şurayla. Lent.az -ın oxucularına bu sirli ailənin yaşamını çatdıracağıq...

***

Sanqalandağının ətəyindəyik. Yerli rəvayətə görə, Sanqalan, Savalan və Babadağ üç qardaş olublar. Xəlfə baba bu qardaşlara qarğış edib. Savalana deyib səni görüm iraq olasan, qardaş üzünə həsrət qalasan. Babadağa deyib, üstündən qar əksik olmasın. Sanqalana isə qarğış edib ki, başında həmişə duman olsun. O gündən Savalan qərib ölkədədir. Babadağın başı qarlı, Sanqalanınkı dumanlıdır...

Sanqalana qalxırıq. Rəvayət dalınca yox, gerçək, nağıldakı kimi bir hekayətin dalınca. Sürücümüz Səyyadın “Niva”sı azı 3-4 dəfə yolda qızdırır. Üzü dağlara qalxdıqca bütün Şirvan sanki ayağının altında qalır. Uzaqdan Şamaxı şəhəri görünür. Bir tərəfdən İsmayıllı dağları və elə həmin Babadağ, başından qar əksik olmayan dağ.

- Hələ çox gedəcəyik?

- Bu “podyom”u da aşırıq, qalır ikisi.

“Niva” nərildəyə-nərildəyə qalxır.

- O aşağıda qalan meşəni görürsən? Ora bəlkə də insan ayağı dəyməyib. “Qaranlıq meşə” deyirik ora. Çünki gün tutmur. Canavar, çaqqal, qaban, ayı… Nə desən var orda. Gecələr buralarda vəhşi heyvan səsindən adamın tükləri biz-biz durur.

- Və bunlar da burada yaşayır.

- Hə, illərdir. Heç yerə də getmirlər.

***

…Çatırıq. Göy üzü elə yaxındır ki, elə bil əlini atsan, sanki bir əlçim buludu tutub salacaqsan yerə. Ətrafdakı sükutu ancaq quşların, daha sonra isə bizi darvazada qarşılayan itin səsi pozur.

Bir də bizim harayımız:

- Şura xala, Şura xala…

Əlində çomaq, beli bükülmüş bir qarı boylanır. Yanında da elə özü kimi az qala beli bükülmüş qızı. Geyimləri o qədər nimdaşdır ki, sanki bu dəqiqə süzülüb əyinlərindən töküləcək. Qızın geyimi ümumiyyətlə aydın deyil. Onun yubka, kofta, jilet və ya dondan ibarət olduğunu belə müəyyən etmək mümkün deyil. Sanki nə tapıbsa, daha doğrusu, evdə nə tapılıbsa, keçirib əyninə. Yəni evdə olandan. Əslində onların evləri şəkildə gördüyünüz bu balaca vaqondan ibarətdir. Burda yatıb, burda dururlar. Tövlədə isə həm yemək bişirirlər, həm də ərzaq saxlayırlar.

Hə, on illərdir ki Şura qarı, qızı Sevinclə ətrafdan, necə deyərlər, sivilizasiyadan kənar bir yerdə, Sanqalan dağının ətəyində, vəhşi meşəliyin əhatəsində, bəni-adəmin olmadığı yerdə yaşayırlar.

İllərdir onların qonşusu insan övladı yox, saxladıqları sadiq köpəkləri, canavarlar, çaqqallar, qabanlar, hansı növdən olduğunu özlərinin belə bilmədiyi zəhərli ilanlardır. Onların əsr anlayışı yoxdu, təbii. Çünki onlar il, ay, necə deyərlər, zaman anlayışını belə itiriblər. Onlar hansı ildə yaşadıqlarının fərqində deyillər. Və bu anlayış onlar üçün o qədər maraqsızdır ki...

Sevincin əlimizdəki telefona maraqla baxması belə diqqətimizdən yayınmır. Onların nə işığı var, nə qazı. Televizor nə olduğunu bilmirlər. Az qala mənim yaşda kiçik bir radioqəbulediciləri var. O da elə hey xırıldayır. Xəbər deyə qulaqlarını ona dikirlər, di gəl bu dağlar o radioya dalğa buraxmır ki, buraxmır.

- Bir də görürsən səs gəldi. Deyirsən, ay Allah, bizdən başqa da adam danışarmış. Amma bu da ki dənə batareya ilə işləyir. Tez də qurtarır. İki aydan bir Şamaxıdan gələn olsa, deyirəm undansa, mənə batareya gətirin, bir də kibrit.

Əlindəki kiçik radionu yenə qurdalayır, amma hələ ki adam səsi yox, xırıltı gəlir.

Bura əvvəl kənd olub. 50-60 evdən ibarət kənd. 60-cı illərin əvvəllərində nə fikirləşiblərsə, kəndi köçürmək qərarına gəliblər. Amma Əliəşrəf kişi köçməyib. Mal-qoyun saxlayıb. Qızlarını ərə verib, oğlanlarını evləndirib. Onlar da Şamaxıya , Bakıya köçüb ailə-uşaq yiyəsi olublar. Bircə qızı Şura əri Durxanla qalıblar. Onların da bir uşağı olub, bax, bu Sevinc.

Əvvəl Əliəşrəf rəhmətə gedib. Bir neçə il əvvəl isə Durxan. Şura indi Sevinclə yaşayır burda, vəhşi təbiətdə.

- Səhər durub neynirəm deyirsən? Malı rahatlayıram. Qoyunlara baxıram, toyuq-cücəyə yem verirəm. Sonra da günorta olur. Qapıda, bacada işləyirəm. Axşam olur, yıxılıb yatırıq.

- Səhər yenə?

- Hə, a bala. Başqa nə edək ki?

Şura xala deyir ki, 160 manat pensiya alır. İki aydan bir Şamaxıdan qohumları ona lazım olan ərzaqı alıb gətirir.

- İyirmi manat ona verirəm, gətirənə. Qalır 140 manat. Ona da 5-10 kilo un, nöyüt, sabun-zad alıram. Bəsimdi. Çaya pul vermirəm, qəndə pul vermirəm. İndi sizə çay dəmləyəcəm. İçərsiz, görün bu dadda çay içmisiz.

Sevinc samovarı qalayır. Şura xala daxmasındakı kisədən müxtəlif otları çıxarır.

- Bu, gülxətmidi, bu dazıotu. Bu da raykomgülü.

- Nə gülü?

- Vallah, belə deyirlər. Mən uşaqlığımdan belə eşitmişəm. Bunları qarışdırıram, olur qıpqırmızı çay. Gedəndə yadıma sal, sənə verim bundan.

Bir azdan qıpqırmızı çay gəlir süfrəyə. Süfrə deyəndə ki, artıq çürüməkdə olan taxta stoldur. Bir də ağac kötüyündən olan stullar. Ortaya qənd də qoyur.

- Qəndi qonaqlar üçün qoyuruq. Biyan doludu buralarda. Onun kötüyü bal kimidir. İndi belim əyilib, ağaca çıxa bilmirəm. Meşədə ağacın koğuşunda arılar elə bal qoyardılar ki, min bir dərdin dərmanıdır. Yığıb gətirərdim, il boyu yeyərdik. Qocalmışam, a bala. Həmin Şura deyiləm. At belində əlimdə qoşalülə gəzərdim bu dağları. Şamaxıya belə at belində gedərdim. Deyrdilər, odu eee Şura gəlir. Durxan rəhmətlikdən sonra çox düşdüm. İlyarım, bax o vaqonda zarıyıb qaldım. Otla-ələflə birtəhər ayaq üstə qaldım. Bu qız da xəstədir. Başında ağrılar var. Qorxuram bir şey olar.

Bir neçə il əvvəl qohumları gəlib, Sevinci geyindirib-keçindirib toya aparıblar. Deyir, elə sevinirmiş ki, təzə paltar geyindiyinə. Quş kimi uçurmuş. Hələ rayondakı gözəllik salonuna aparıb, saçını düzəltdiriblərmiş, makiyaj etdiriblərmiş. Amma Sevincin sevinci cəmi yarım saat çəkib. Otura bilməyib şadlıq evində. Musiqinin səs-küyündən ürəyi gedib. Az qala ölü sükut içində yaşayan birisi tab gətirməyib bu gurultuya.

Sevinc həmin paltarlarını indiyədək saxlayır. Geyindikləri isə köhnə əski parçalarını xatırladan pal-paltardır.

Şura xala deyir ki, sonuncu dəfə nə vaxt paltar aldığını çoxdan unudub. 20 il olar yəqin deyir.

- Həm də neynirəm paltarı. Hara gedirəm ki?

Əslində onun getməyə yeri var. Şamaxıda bacısı var. Zivər. Bu adam nələr yaşamayıb, nələr?

2004-cü ildə qardaşı Mais Zivərlə birgə Şura xalagilə qonaq gəliblər, bir qış günü. İki gün qalıblar. Üçüncü gün məlum olub ki, həmin vaxt Şura xalagildə olan digər bacıları Telli itkin düşüb. Hamı başlayıb Tellini axtarmağa. Ağsu polisi, Şamaxı polisi, qonşu kəndlərdən olanlar az qala halqa düzəldib Tellini axtarırmış meşədə, dağlarda. Mais polisdən bacısını tapılmasını tələb edirmiş. Tapılmasa “özümü yandıracam” deyirmiş. Necə də olmasa, qardaşdır axı. Bir neçə gün axtarışdan sonra Tellinin bir qızıl dişini tapıblar. Qarla ortülmüş ərazini metr-metr aramağa başlayıb polislər və ətraf ərazinin camaatı. Və dəhşət: Sanqalanın ətəyində Tellinin vəhşi heyvanlar tərəfindən parça-parça edilmiş meyiti aşkar edilir. Meyitin sinəsində isə güllə izləri. Və…

Və ilkin dindirmələrdən sonra məlum olur ki, Tellini qardaşı Mais və bacısı Zivər qətlə yetiribmiş. Sən demə, atalarından onlara bir qızıl kəmər qalıbmış… bir də Tellinin qızıl dişləri. Ağır Cinayətlər Məhkəməsi Mais və Zivər Hacıyevlərə müvafiq olaraq 13 və 9 il müddətinə həbs cəzası kəsir.

***

- Biz çox varlı olmuşuq. Dünənəcən mən inəkləri sağırdım, südü bilmirdik neyləyək. Qalırdı bidonlarda çürüyürdü. Mən elə pendir tuturdum ki, yeməklə doymaq olmazdı. İndi həmin vaxtım deyil. O qədər malım da yoxdu. Bir-ikisini canavar yedi. Sonra da tənhalıq. Bu qız da yarımcandı. Bacarmıram, a bala. Əldən düşmüşəm. Ay qız, gətir o radionu görüm nə deyir?

Sevinc kiçik radionu gətirir. Qurdalayır ora-burasını, amma səs gəlmir.

- Axşam qaş qaralanda danışacaq.

- Axırıncı dəfə nəyə qulaq asmısan Şura xala?

- Bir xeyli olar. Dedilər zəlzələ olub Şamaxıda və Ağsuda.

- Siz hiss eləmədiz?

- Yox ay bala, bu dəmirin içində nə hiss edək?

Dəmir dediyi bu kiçik vaqonda yaşayır Şura xala qızıyla. Yay, qış. Gecə qapısını bağlayıb yatırlar. İçərisi - şəkillərdə də görürsünüz - plastik su qabları, köhnə vedrə, döşək, yorğan əvəzinə cır-cındır. Görəsən burada şirin yuxu görmək mümkündürmü?

- Qışda bir də gördün gəldilər. Bu tərəflərdə vəhşi itlər də var. Nə bilim, canavarlar da olur. Gecələr gəlib sürtünürlər bu vaqona. Hiss edirlər ki, canlı var da, ona görə gəlirlər.

- Bəs ayı necə, gəlib bura?

- Hə, bir bədheybət ayı vardı, bir az əvvələ qədər. Amma çıxıb getdi İsmayıllıya.

- Niyə İsmayıllıya?

- O tərəflərdə görüblər də…(Gülür)

Mən onu ilk dəfə gülən gördüm. Mən ondan soruşmadım, sizin ayaqyolu haradı, hamamınız varmı? Harada çimirsiz. Mən sadəcə sonda bir şey soruşdum:

- Axı nə vaxta qədər burda yaşayacqasız?

Cavabı qısa oldu.

- Mənə hökumətimiz kənddə kiçik bir koma tiksin, bir də tövlə. Mən mal-qarasız yaşayammaram. Bu qızıma da pensiya ayırsın. Vəssalam. Səndən xahiş edirəm, nə olar, hökumətimizə de.

Heç nə demirəm. Sadəcə qucaqlayıb, saçlarını öpürəm.

***

- Sən indi Bakıya gedirsən qadoyu alım?

- Hə, Şura xala.

- 50 il əvvəl getmişəm Bakıya, rəhmətliklə. O qalaya da çıxmışıq. Dururmu?

…Burda cavab verməyin yeri yox idi…