1666
writer1

Samirə Əşrəf

Məqalə sayı

10
12:59 02 İyul 2019

Eyni kişini sevən iki qadın

Kitablarla tərbiyə olunan adamları həyatın ən çətin mərhələlərində elə kitablar da xilas edir. İnsan şüurunun, bəsirət gözünün açılmasına xidmət edən ən mükəmməl əsərlərdən biri də Mixail Şoloxovun “Sakit Don” əsəridi. Dünya ədəbiyyatında Mixail Şoloxov qədər insan əzablarını dərindən anlayan, onların ürək sancılarını və bu sancıların yaratdığı ən kiçik məqamları həssaslıqla hiss edən yazıçı o qədər də çox deyil.

“Sakit Don” başdan-ayağa məhəbbəti, ayrılığı, həsrəti, müharibəni xatırladan əsərdi. Əsərin bütün qəhrəmanlarının özünə görə dərd-səri, yaşayış tərzi, həyat hekayəsi var.

 

 

 

 

Əsər boyu öz xarakterləri, taleləri ilə oxucunu dəhşətli dərəcədə kədərləndirən, ağrıdan iki qadın obrazı vardır. Aksinya və Nataliya. Bu iki qadını eyni kişiyə olan məhəbbət birləşdirir. Həmin məhəbbət həm də onları bir-birinə nifrət etməyə məcbur edir. Onlar hər ikisi Qriqorini o birindən daha çox sevdiyini fikirləşir. Aksinya xəyanətkar, ehtiraslı və ömürlük Qriqorini sevməyə məhkumdur. Nataliya isə hələ gənc yaşlarından Qriqorinin uğursuz sevgisinə tuş gəlmiş, xəstəlik kimi canına hopan məhəbbətə boyun əyməyə məcburdu. Biri məşuqə, o biri isə nikahlı qadın. Lakin, bu qadınların heç biri öz məhəbbətlərinə tam şəkildə sahib çıxa bilmirlər. Müharibə, ailə dəyərləri, kazak elinin adətləri hər addımda bu üç insanın başı üzərindən domokl qılıncı kimi asılıb qalır. Əsər boyu baş verən hadisələr, faciələr bu qadınların məhəbbətinə toxuna bilmir. Qriqori isə həm Aksinyanın ehtiraslı, təmənnasız məhəbbətinə sadiq qalır, həm də Nataliyanı uşaqlarının anasını köməksiz qurbanı kimi sevir. Görünür bu səbəbdənir ki, Melexovlar ailəsinə soxulan ölümlərin içərisində Qriqori üçün ən sarsıdıcı və gözlənilməz ölüm də Nataliyanın ölümü olur. Bu itki onu dərindən yaralayır. Sonralar atasının, anasının, hətta balaca qızının ölümü belə onu Nataliyanın ölümü qədər ağrıtmır. Qriqori peşmançılıq çəkir. Bir insanın ölümündə böyük payı olduğunu, taleyin ona amansız oyun oynadığını dərk edib, ömürlük vicdan ağrısına məhkum olur. Elə əsərin ən təsirli hissələrindən biri də məhz Nataliyanın ölümü ilə bağlı səhnədir.

Şoloxov “Sakit Don” əsərində müharibənin insan həyatına vurduğu zərbələri, xalqların başına gətirilən zülmləri ustalıqla qələmə almışdır. Vaxtilə öz kəndində cavanlıq edən, sevib, sevilən, təhlükələrdən qorxmayan Qriqori Melexov müharibədə keçirdiyi yeddi il nəticəsində evinə saç-saqqalı ağarmış, beli bükülmüş, ona əziz və doğma olan hər kəsi itirmiş heybətli varlıq kimi qayıdır. Yorğunluqdan və mənəvi ağrılardan ağlını itirməməkdən özünü güclə saxlayan Qriqori üçün sevdiyi qadının ölümü artıq son hədd olur. O, Aksinyanı dəfn etdikdən sonra anlayır ki, onun həyatında bundan dəhşətli heç nə ola bilməz. Və nə baş verməliydisə, artıq baş verib. Şoloxovun qəhrəmanı mənən ölür, məhv olur.

Əsərdəki hadisələrin ardıcıllığı, qəhrəmanların həyatında baş verənlər, müharibə xronologiyasının təsvirindəki yazıçı dəqiqliyi insanı sadəcə olaraq heyrətə salır.

Dünya ədəbiyyatında xüsusi yeri olan “Sakit Don” əsəri hər kəs tərəfindən oxunulması, oxuyub dərs çıxarılası ən vacib əsərlərdən biridir. Çünki bu və bu qəbildən olan romanların var olması insanın ruhuna, qəlbinə yığılmış çirkin pasın təmizlənməsinə xidmət edir.