191
09:40
10 İyul 2019

“Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan üstündür” - Kapitan

“Komandamız “Qarabağ”la oyuna hazırdır. Üç həftədir yeni mövsümə hazırlaşırıq. Bir neçə yeni oyunçumuz da var”.
APA -nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun futbolçusu Alban Hoca deyib.
Komandasının kapitanı olan təcrübəli qapıçı Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la bu gün keçiriləcək görüşü barədə fikirlərini açıqlayıb: “Yaxşı komandamız var və çalışacağıq ki, rəqiblə başabaş mübarizə aparaq. Evdə yaxşı nəticə əldə edəcəyimizə ümidliyəm. Bundan sonra cavab matçı barədə düşünəcəyik. Çempionlar Liqasında bütün komandalar güclüdür. Amma “Qarabağ” indiyədək qarşılaşdığımız komandalardan daha üstündür. “Maribor”la qarşılaşmalarda bəxtimiz gətirməmişdi”.
A.Hoca havanın isti olmasından da şikayətlənib: “Belə qrafiklə, yayda oynamaq çətindir. Amma əlimizdən heç nə gəlmir. Yaxşı ki, oyun günü günəşli hava olmayacağı proqnozlaşdırılır. Yoxsa ki, yüksək temperaturda maksimum qüvvə sərf etmək olmur. Görüşün şam yeməyindən sonra keçirilməsi yaxşı olardı. Son vaxtlar çox qol buraxmağımız oynadığımız oyuna görə deyil. Bir az diqqətsizliyin acısını çəkirik. Bunu aradan qaldıracağıq. Ansi Aqolli ilə əlaqə saxlamamışam. Rəqibi məşqçimiz təhlil edərək bizə güclü və zəif tərəflərini deyib”.
Qapıçı cütün taleyi barədə düşünmədiklərini bildirib: “Mərhələ keçən komanda penaltilər seriyasında müəyyənləşsə, yaxşı olar. Çünki belə olan halda hər şey mənim əlimdə olacaq. Amma biz iki matçı deyil, ilk qarşılaşmanı düşünməliyik. Yalnız bu matçdan sonra mərhələ keçmək haqda danışmaq olar”.