788
12:49
11 İyul 2019

Bu gün Dilqəm və Şahbazın girovluğundan 5 il ötür - SON FOTOLARI

Bu gün həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsindən 5 il ötür.
Lent.az xəbər verir ki, bununla bağlı olaraq tanınmış astroloq Səbuhi Rəhimli Dilqəmlə Şahbazın səfərdən iki gün öncəki görüntüsünü sosial şəbəkə hesabında yayaraq, bu sözləri yazıb:
“Bu gün dostlarımın girov götürülməsindən 5 il keçir - Şuşa türməsində, Şuşa havasında nəfəs alan dostlarımın. Sonuncu dəfə yola salanda Dilqəmin söhbətini 7 dəqiqəlik videoya çəkmişdim. Onu ancaq hər ikisi qayıdandan sonra paylaşa bilərəm. Çəkilişdən 1 sutka sonra onların hər ikisi artıq erməni səngərlərindən kilometrlərlə içəridə idilər”.
Məsələyə münasibət bildirən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Lent.az -a bildirib ki, keçən 5 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda çağırışlar edib:
"Ancaq təəssüflər olsun ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamı girovluqdan azad edə biləcək tək bir insan, tək bir dövlət və tək bir xalq var ki, bu da Azərbaycan Prezidenti, Azərbaycan Dövləti və Azərbaycan Xalqıdır".
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.
2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Daha sonra işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.