5388
17:07
12 İyul 2019

"Həyat yoldaşımla ayrı-ayrı evlərdə qalacağıq, ...şou biznesin "pult"u onun əlindədir, Damladan heç vaxt ulduz olmaz..." - Samiraldodan QALMAQALLI MÜSAHİBƏ

Azərbaycanın keçmiş stilisti Samiraldo (Samir Əliyev) Lent.az -ın qonağı olub.

Müsahibimizlə olan söhbəti oxuculara təqdim edirik:

- Samir bəy, əvvəllər sizi tez-tez efirlərdə görürdük. Hətta bir çox verilişlərdə münsif kimi iştirak edirdiniz. Hazırda isə demək olar ki, kanallarda görsənmirsiniz.

- Belə deyim, indi yeni “aparıcılar”, “rəhbərlər” peyda olub ki, mənə efir qadağaları qoyurlar. Paxıllıqmı, qısqanclıqmı deyim, gözləri götürmür məni. Düzdür, özüm istəsəm, efirə çıxaram, amma lazım bilmirəm. Kanallara baxmıram, çünki kim nə istəyir onu edir. Heç nədən başı çıxmayan insanları telekanallara götürürlər, onlar da qarşılığında vəzifələrindən sui-istifadə edirlər.

- Bu qadağalar təkcə efirləmi bağlıdır, yoxsa getdiyiniz məclislərə də mane olurlar?

- Açılışlara dəvət alıram, hətta beh də verirlər. Hazırlaşıram ki, sabah məclisə gedim, amma sonradan telefonlarımı açmırlar. Ya da gedirəm, məni orda təhqir etdirirlər. Sonradan məlum olur ki, bu hansısa adamların tapşırığıdır. Mənim həyatımla, çörəyimlə oynayırlar. İnsan nə qədər susar? Niyə üstümə bu qədər gəlirlər? O adamlara görə, səhhətimdə ciddi problemlər yaranıb. Hər tərəfdən vurmaq istəyirlər. Bu yaxınlarda Aysel Əlizadənin ad günündə iştirak etdim, lakin çox peşman oldum. Çünki insanların süni gülüşləri məni çox əsəbiləşdirir.

- Əvvəllər bir çox salonlarda stilist kimi çalışırdınız, indi isə uzaqlaşmısınız. Bunun səbəbi də sizin yolunuzu bağlayan insanlardır?

- Bəli, yolumu dəfələrlə bağladılar. Şəhərin ən bahalı salonlarında işləmişəm, lakin məni işdən də kənarlaşdırıblar. Elə məhz həmin insanların tapşırığı ilə. İstirahətə yollanmışdım, gələndə dedilər ki, şələ-şüləni yığ, çıx get. Ona görə də bu sənəti birdəfəlik atdım. Hazırda kimdənsə asılı olmaq istəmirəm.

- Sizcə , sizə qarşı bunları niyə edirlər?

- Paxıllıq və gözü götürməzlik. Ulduz, ulduz deyirlər, elə o ulduz mənəm də. Əvvəllər bir nömrə idim, artıq iki ildir stilist kimi çalışmıram. Hansı yeniliklər var??? Məndə vergi idi bu. Yaratdığım obraz özümə məxsus olurdu, amma digərləri indi kiməsə baxıb nəsə edirlər və özlərinə aid heç bir yenilikləri olmur.

- Bəs indi hansı işlə məşğulsunuz?

- Banketlərlə işləyirəm, çünki bağlı məkanlara əlləri çatmır.

- Açılışların birində Anar Ağakişiyevlə birlikdə iştirak edirdiniz. Həmin tədbirdə görünürdü ki, bir-birinizi danışdırmırsınız. Sonra necə oldu?

- Mən heç kimlə küsmürəm, insanlardan uzaqlaşıram. Kimsə məndən küsürsə, özü-özündən küsüb deməkdir. Bizim ixtiyarımız yoxdur ki, eyni məclisdə iştirak edib danışmayaq. Anarın məndən xoşu gəlməsə, o tədbirə gəlməzdi, çünki əvvəldən soruşurdu ki, tədbirdə kimlər iştirak edəcək.

Onu da deyim ki, Anar mənə çox yaxşılıqlar edib. Dəfələrlə məclisə getmişəm və məlum olub ki, o məni həmin insanlara məsləhət görüb.

- Tədbirlərdə lent kəsirsiz ha, bunun qiymətini bilmək olar?

- 500 manat (gülür).

- Gəlin, bir az da mövzunu dəyişək. Maraqlıdır, Samir Əliyevin həyatında sevdiyi biri varmı?

- Xeyr, sevgi görmüşəm ki, sevgi də yaşayım? Ailə qurmaq istəyirəm, ancaq əvvəlcədən bu barədə danışmayacam. Bir dəfə istədim toy edim, mane oldular. Gərək heç kimə bu barədə əvvəlcədən deməzdim. Bunu deyim ki, əgər ailə qursam, həyat yoldaşımla ayrı-ayrı evlərdə qalacağıq, çünki mən artıq tək yaşamağa öyrənmişəm. Sadəcə, istəyirəm ki, övladım olsun və var-dövlətim ona qalsın.

- İnternatda deyil, valideynlərinizin əhatəsində böyüsəydiniz, bu qədər məşhur olardınız? Bu barədə heç düşünmüsünüzmü?

- Mənim valideynlərim çox ziyalı, imkanlı olublar. Onların yanında böyüsəydim, əminəm ki, başqa bir sahədə olardım. Bu cür ağıllı olmağım isə gendən gəlir (gülür).

- Valideynləriniz haqqında indi kifayət qədər məlumatınız varmı? Heç danışırsınızmı?

- Açığı deyim ki, onlarla əlaqə saxlamıram. İllər öncə onları axtarışa verdim, anamı Dubayda tapdılar. O da soruşub ki, vəziyyəti necədir? Eşidəndə ki, mənim heç nəyim yoxdur və pansionatda qalıram, nə anam, nə də atam məni görmək istəməyib. Sonradan da hər şeylərini itiriblər. 40 yaşımda onlar məni axtarıb tapdı, indi də mən onları istəmirəm. Bundan sonra elə valideynlər mənim nəyimə lazımdır?

- Qayıdaq, əvvəlki söhbətimizin davamına. İndi sizinlə Tolik (Tarix Əliyev) arasında soyuq müharibə gedir. Düzdür, gərginliyi göstərməməyə çalışırsınız, amma bir-birinizi sevmədiyiniz hiss edilir.

- Mənim heç kimlə işim yoxdur. Onsuz da, Toliklə yaxın münasibətim olmayıb. Tolikin bir sifəti yoxdur, burada səni tərifləyir, üzünü çevirən kimi eşidirsən ki, haqqında pis danışır. Bir sözlə, bu adam maska taxır, ona görə də onu qəbul etmirəm.

Murad Dadaşov məni “Maşın şou”ya dəvət etmişdi. Mən də bildirdim ki, iştirak etmək istəmirəm. Sonra Tolik mənə zəng vurdu ki, sən kimsən, şoudan imtina edirsən? Sənin minnətin olsun. Mən də cavabını verdim. “İnstagram”da da onu bloka atmışam.

- “İnstagram”dan söz düşmüşkən, orada kimləri izləyirsiniz?

- Təkcə Günay İbrahimovanı izləyirəm. Səmimi insanları sevirəm və adam ulduzdur, amma ona baxmayaraq, məni izləyir və bütün paylaşımlarıma münasibət bildirir. Digərləri isə girib səhifəmə baxırlar, amma özlərini elə aparırlar ki, guya mənimlə maraqlanmırlar. Düşünmürlər ki, axı mən bunları görürəm.

- Həyatınızda “kaş ki” dediyiniz məqamlar olubmu?

- Bəli, çox olub. Çox açıq-saçıq geyinən insan olmuşam. Dincəlmək üçün qatıldığım gecə məclislərinə rahat geyimdə getmişəm və sabah baxmışam ki, şəklimi çəkib sosial şəbəkələrdə yayıblar. Səmimi olmağım başıma bəla olub hər zaman. İndi heç vaxt o şeyləri etmərəm, çünki ağıllanmışam.

- Həyatınızdan razısınızmı, yoxsa özünüzü yalnız hiss edirsiniz?

- Özümü çox xoşbəxt hiss edirəm və yaşamağı sevirəm. Bu qədər məni sevənlər var, nədən narazı olmalıyam?

- Hamı bilirdi ki, şou-biznesin idarəçiliyi İlhamə Quliyevanın əlindədir, ondan qorxurdular. Heç kim ona cavab qaytara bilmirdi. Sizcə indi kimdədir bu idarə?

- İndi şou biznesin "pult"u Roza Zərgərlinin əlindədir. Siz görmədiniz onu “Maşın şou”da? O, təsadüfən həmin şouda özünü göstərdi və çaqqallar başladılar ondan qorxmağa. Hər şey Rozanın əlindədir, şou-biznesin "pultu"nu o idarə edir. Roza ilə heç kim axıra qədər mübarizə apara bilməz, istəsə, çoxlarının yolunu bağlayar.

- Yəqin bilirsiniz ki, bu yaxınlarda iki stilist omba əməliyyatı etdirib. Sizin buna münasibətiniz necədir? Siz də etdirərdinizmi?

- İnsan əməliyyata bir dəfə gedirsə və müsbət tərəfə nəticə görürsə, başlayır davamını gətirməyə. İnsanlar belədir, əməliyyat etdirdikcə yuxarıdan aşağı dəyişirlər özlərini. Yəqin o hissəni böyütmək həmin insanlara maraqlıdır. Mən heç vaxt etdirmərəm, çünki bu mənə maraqlı deyil.

- Keçmiş stilist kimi, hansı müğənninin stilini bəyənirsiniz?

- Günay İbrahimovanı bəyənirəm və son zamanlar Brilliant Dadaşova da çox dəyişib, hətta İrina Ponarovskayaya bənzədirəm onu. Amma mahnılarını bəyənmirəm, Murad Arif tərzdə mahnılara müraciət edir. Məncə, Brilliant xanıma bu tərzdə mahnılar yaraşmır. Damla, Şəbnəm Tovuzlu (Əsədova), Zemfira İbrahimova çox zövqsüzdür. Onlardan heç vaxt ulduz ola bilməz. Ulduz doğulur, sonradan olmur. Mən Röyanı görən kimi demişdim ki, bu ulduzdur.

- Bu yaxınlarda Afət Fərmanqızının da qalmaqalı oldu. Sizcə, Afət xanım haqlı idi?

- Afətin hamını yerində oturtmağı canıma yağ kimi yayıldı (gülür). Hamısını yandırıb tökdü. Mənə qarşı elədiklərini ona da eləmək istədilər, ancaq Afət hamısını yerində oturtdu.

- Son olaraq, elə özünüz də xəbərdarsınız ki, sizi qınayanlar çoxdur, bu niyə belədir?

- Məni qınayan insanlar, inanın, mənə sevgisini göstərənlərdən daha çox istəyirlər məni. Onlar sevirlər, lakin paxıllıq edirlər. Mənim əhatəmdə də elə insanlar var ki, mənimlə dostluq edir, amma gözü götürmür.