1226
22:32
13 İyul 2019

Goranboyda silahlı insident zamanı xəsarət alan şəxs xəstəxanada ölüb  - YENİLƏNİB-1

Goranboyda baş vermiş insident zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

APA -nın Mingəçevir bürosu xəbər verir ki, güllə yarası iləGəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Təbriz Əmrahov orada keçinib.

Hazırda digər faktlar üzrə istintaq araşdırmaları aparılır.

***

Saat 09:12

Goranboyda baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA -ya verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib.

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahovadəyərək onu yaralayıb. Bunu görən Təbrizin qardaşı Pərviz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən P.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib.

Hadisə yerinə dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və T.Əmrahov xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA -ya faktı təsdiqləyiblər.

***

Saat 04:47

Goranboyda baş verən silahlı insident nəticəsində ikinəfər xəsarət alıb.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində olub.

Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu və Goranboy rayon sakini, Əmrahov Təbriz Xaliq oğlu xəsarət alıblar.

Hadisə Vüsal Kərimovla rayon sakini Lətif Əmrahov və onun əmisi oğlu Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verib.

Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.