89
11:34
23 İyul 2019

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

Bu il Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizənin effektivliyini artırmaq üçün “Qaynar xətt” yaradılacaq.
APA -nın məlumatına görə, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu 2019-cu ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq, aidiyyəti nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılmasını təmin etməlidir.