905
16:39
23 İyul 2019

İnsan əti yeməyin rəsmən qadağan edildiyi yer - Lent.az-da yeni LAYİHƏ

VƏHŞİ QƏBİLƏLƏR
Bu gündən Lent.az -ın oxucuları üçün maraqlı planetar mövzularda silsilə yazılara başlayıram. Dünyamızda sivilizasiyanın nəfəsindən uzaq, tədqiq edilməmiş sirli-möcüzəli yerlər çoxdur. Bu yerlərdə hələ də daş dövrü, ibtidai icma quruluşu davam edir. Qeyri-adi inanclara, maraqlı həyat tərzinə malik cəngəllik qəbilələrinin arasında nitqdən, sadə əmək alətlərindən, geyimdən xəbərsizlərdən tutmuş, ağlasığmaz əcaib qanunlarla yaşayan, hətta adamyeyən icmalara da rast gəlinir. Bu silsilədə sivilizasiyanın müdaxilə edə bildiyi həmin vəhşi və yarımvəhşi qəbilələrin həyat tərzi, inancları və dünyagörüşündən yazacağıq.
Beləliklə, Lent.az -ın növbəti “ilk”lərindən biri – “Vəhşi qəbilələr” layihəsinə start veririk!
“Papuas-Karavaylar” qəbiləsi
İndoneziyanın şərq hissəsindəki Papua-Yeni Qvineya adlı cəngəllikdə Karavay qəbiləsinin, təxminən 3 minə yaxın sakini var. Onları Afrikanın digər vəhşi dəstələrindən fərqləndirən önəmli cəhət isə bu qəbilənin adamyeyən keçmişindən əl çəkməmələri haqda gəzən söhbətlərdi. İndoneziyada həmin ərazi ilə bağlı ehtiyatla danışılır, orada müşahidə aparmaq istəyən tədqiqatçılara və səyyahlara dövlətdən təhlükə ilə bağlı xəbərdarlıq edilir. İndoneziya hökuməti Karavay qəbiləsini insan əti yeməyi qadağan edən qanunlarla tanış etsə də, karavayların bu qanunlara əməl edib-etməməsi sual altındadır. Çünki tədqiqatçılar Papua-Qvineya cəngəlliyinin müxtəlif yerlərində insan cəsədinin qalıqları ilə rastlaşdıqlarını söyləyirlər. “Karavaylarla ünsiyyətə girmək üçün həddən artıq cəsur və riskli olmalısan. Çünki onların sənə ov gözü ilə baxmadıqlarından əmin deyilsən”, - səyyahlarla Karavay qəbiləsinin üzvləri arasında tərcüməçilik edən indoneziyalı kişi belə söyləyir.
Bir dəfə qəbilə başçılarından biri, hannibalizmə davam edib-etmədikləri barədə ona sual verən tədqiqatçıya belə müəmmalı cavab vermişdi: “Ağ adamların əti dadsız olur”.
Bu, həm də müasir dünya insanının keyfiyyətsiz qida rasionu ilə bəsləndiyinə bir eyham idi.
Karavaylar öz tarixi keçmişləri və ölənlərin ruhları ilə yaşayırlar. Ruhlara inam onların inancının əsasını təşkil edir. Karavayların inancına görə, bu tayfanın mövcudluğuna əbədiyaşar müqəddəs ruhlardan biri son qoyacaq. Onlar bu inancla yaşayır və həmin əfsanəni nəsildən-nəsilə ötürürlər. Karavayların yaşadığı vəhşi tropik meşəlik uzaq şəhər və kəndlərlə əhatə olunsa da, bu qəbilənin adamları dünyada başqa insanların yaşadığı barədə 70-ci illərdə xəbər tutublar.
Karavay qəbiləsinin tədqiqinə isə ilk dəfə 1980-ci illərdən başlanıb. Ölümdən və xalq arasında yayılan qorxunc əhvalatlardan qorxmayan cəsur ekspedisiya qrupu həmin cəngəlliyə yollanaraq, öz vəhşi dünyalarında yaşayan karavaylarla ünsiyyətə girmişdi.
Karavaylar indiyədək hündür Banyan ağaclarının başında yaşayır. Belə ki, onlar ağacın kəllə hissəsindəki budaqları kəsərək, özlərinə evcik düzəldirlər. Onlar bu yolla həm vəhşi heyvanlardan qorunur, həm də özlərinə təhlükə kimi gördükləri qonşu qəbilələrə nəzarət edirlər. Bundan başqa, Karavay inancına görə bəd ruhlar hündür ağaclara dırmaşa bilmir. Onlar ağac başında 10-15 metr hündürlükdə yerləşən evciklərinə qalxmaq üçün sarmaşıqdan asma nərdivan düzəldirlər.
Həmin ağac evlər adətən, iki “otaq”dan ibarət olur: kişilər, qadınlar və uşaqlar üçün. Karavaylarda poliqamiya (çoxarvadlılıq) hökm sürür. Buna uyğun olaraq, çoxarvadlı kişinin evciyi də “çoxotaqlı” olur.
Karavay ailəsinə baş çəkməyə gələn kənar qonaq, bir qayda olaraq, qadın otağında gecələməli olur. Ev sahibi öz qadınlarını yanına apararaq, onların otaqlarını qonaqlara ayırır. Bu da vəhşi adamların həddən artıq ehtiyatlı olduğundan xəbər verir.
Karavay qəbiləsi konkret olaraq, hər hansı bir geyimi qəbul etmir və örtünmür. Lakin qadınlar muncuq və vəhşi heyvan dişlərinin düzüldüyü boyunbağıya bənzər əşya ilə məhrəm yerlərini örtürlər. Bu, onların yeganə qarderobudur. Yalnız xüsusi mərasim və rituallar zamanı qəbilə üzvləri yarpaq, rəngli gil və digər təbii elementlərdən hazırladıqları örtükləri geyinirlər.
Onlar daş balta ilə döyərək saqo ağacının gövdəsindən un hazırlayırlar. Bu, onların əsas qida mənbəyidir.
Papuasların – Karavayların dünyagörüşünə görə dünya dörd hissəyə bölünür: Ümumi dünya: insanlar, heyvanlar və mifik varlıqların dünyası, ikinci: ruhlar aləmi, üçüncü: nəhəng balıq üzən “Böyük Su” dünyası, dördüncü: səma, günəş, ulduzlar və ayın yaşadığı dünya. Onların inancına görə bu dörd dünya bir-biri ilə daim təmasdadır və onların həyatına birbaşa təsir göstərir.
Karavayların dini inancında onların bu dünyada tək insan növü olduğu qeyd olunur. Onlarla əlaqə quran müasir insanlarla tanışlıqdan sonra qədim inanclarına şübhə ilə yanaşırlar. Karavaylar sivilizasiyanın bir çox üstünlüklərini qəbul etsələr də, “ağ adamlar”ın dünyasına qoşulmağa tələsmirlər. Çünki naməlum “müqəddəs ruh”un onları çox pis şəkildə cəzalandıracağından qorxurlar.