124
07:39
22 Avqust 2019

Dünyaca məşhur “Matrix 4” filminin çəkilişləri başlanır

Dünyanın ən böyük kino film və televiziya şirkətlərindən biri olan “Warner Bros” bir vaxtlar çox məşhur olan elmi-fantastika filminin - “Matrix”in dördüncü hissəsinin çəkiləcəyini açıqlayıb.
APA “BBC”yə istinadla xəbər verir ki, “Matrix 4”-də baş rollarda yenə Keanu Rives və Karrie-Anne Moss olacaq.
Keanu Reeves "Neo", Karrie-Anne Moss isə "Trinity" rollarını canlandıracaq.
“Warner Bros” və “Village Roadshow Pictures” ortaqlığı ilə çəkiləcək filmin rejissoru və senari müəllifi Lana Wachowski olacaq.
Yeni “Matrix 4”ün əvvəlkilərin "davam filmi" olub-olmayacağı isə açıqlanmayıb.
“Warner Bros” sadəcə filmin "Matrix dünyasında baş verəcəyini" bəyan etməklə kifayətlənib.
“Matrix 4”ün nə zaman çəkiləcəyi və göstəriləcəyi də açıqlanmayıb.
"Biri var baş verən həqiqət, biri də var baş verəndən uzaqdakı həqiqət" anlayışı ətrafında hazırlanan “Matrix” filmlərinin ilk hissəsi 20 il əvvəl çəkilib.
ABŞ-da bu ay filmin xüsusi nümayişlərlə yenidən göstərilməsi planlaşdırılır.
“Matrix” filmlərindən üçüncüsü olan "The Matrix Revolutions" 2003-cü ildə dünya üzrə eyni saatda nümayişə təqdim olunan ilk film olub.
“Matrix” filmlərinin hər üç hissəsinin birlikdə nümayişindən əldə olunan məbləğ 1 milyard 600 milyon dollar olub.
Qeyd edək ki, "Matrix Revolutions" filminin axırında insanla texnika arasındakı müharibə həssas bir həll yolu ilə başa çatıb.