202
12:12
22 Avqust 2019

FHN: Yanğınların baş verməsinə bir çox halda insan faktoru səbəb olur

Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə baş verən yanğınların söndürülməsinə cəlb olunan texnikaların və canlı qüvvənin sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Lent.az -a bildirib ki, avqustun 21-də nazirliyə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və müvafiq qüvvələr cəlb olunub:
“Bir neçə gün ərzində Quba, Göygöl, Şirvan, Lerik və s. rayonların dağlıq ərazilərində baş vermiş yanğınlardan yalnız biri, Hirkan Milli Parkı ərazisindəki yanğının söndürülməsində müəyyən çətinlər var. Səbəb ərazinin dağlıq, mürəkkəb relyefli olmasıdır. FHN-in Aviasiya Dəstəsinin 3 helikopteri, eləcə də, 1 amfibiya təyyarəsi yanğını söndürmək üçün hadisə yerinə cəlb olunubr. Bundan başqa, nazirliyin 251 nəfərlik canlı qüvvəsi - Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti də yanğının söndürülməsi işinə səfərbər ediliblər. Digər yanğın hadisələrinin çox qısa zamanda lokallaşdırılaraq söndürülməsinə nail olunub. Ümumilikdə bu hadisələrə 344 nəfərlik canlı qüvvə və 28 müxtəlif növ texnika cəlb olunub”.
G.Mehdiyeva həmçinin qeyd edib ki, yanğın baş verən ərazilərdə əhali məsul qurumlara kömək etməyə çalışır:
“Lakin qeyd etməliyik ki, yanğınların başvermə səbəbi bir çox halda insan faktoru olur. Araşdırmalar göstərir ki, hazırda istər biçilmiş sahələrdə, istərsə də meşə massivlərində olan yanğınlar vətəndaşların ehtiyatsızlığı nəticəsində baş verib. İl ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən kütləvi informasiya vasitələri, müxtəlif növ əyani vəsait və maarifləndirici tədbirlərlə, əhali arasında “meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, vətəndaşlarımız hələ də, meşələrin yanğın təhlükəsizliyi işində məsuliyyətsiz davranırlar. Meşə massivlərində fəaliyyət göstərən istirahət mərkəzlərinin məsul şəxslərini də bu işdə diqqət və səylərini əsirgəməməyə çağırırıq. Vətəndaşları təsərrüfat işləri görərkən və ya təbiətdə istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə səsləyirik”.