132
02:52
24 Avqust 2019

Hərbi orkestrimiz “Qızıl Meydan”da keçirilən beynəlxalq festivalda çıxış edib - FOTO

Moskvada “Qızıl Meydan”da "Spaskaya qülləsi” beynəlxalq hərbi musiqi festivalı start götürüb.
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, 12-ci dəfədir ki, keçirilən festivalda ilk dəfə olaraq Azərbaycan da təmsil olunur.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Orkestrinin təmsil olunduğu festivalda Azərbaycandan başqa daha 11 ölkənin 30 hərbi orkestri iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Etibar Əliyevin APA -ya açıqlamasında ölkəmizin ilk dəfədir ki, bu beynəlxalq hərbi musiqi festivalında iştirak ediretdiyini söyləyib: “Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi və göstərişi ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestrı “Spasskaya qülləsi” festivalında iştirak edir. Orkestrin rəhbəri mayor Fariz Məmmədzadədir. Ümumilikdə 80 nəfərlik heyət bu festivalda Azərbaycanı təmsil edir”.
MN rəsmisi Azərbayanın hərbi müsiqiçilərinin festivala böyük ruh yüksəkliyi ilə hazılaşdığını vurğulayıb: “Artıq neçə gündür ki, kollektiv “Qızıl Meydan”da məşqlər edir. Festivalın açılışında hər bir ölkəyə 7 dəqiqəlik vaxt ayırılıb. Bizim kollektivə həm də rəqs qrupu daxildir. Rəqs qrupunu Bakıda Azərbaycanın xalq artisti, tanınmış rəqs ustası Təranə Muradova hazırlaşdırıb. Hərbi orkestrimiz isə festivalda dahi Üzeyir Hacıbəyovun “Cəngi marşı”, Müslüm Maqomayevin “Azərbaycan” mahnısını, muğamlarımızdan da parçalar səsləndirəcəklər. Bundan başqa qədim musiqi alətlərimiz olan zurna və balabandan da istifadə olunmaqla musiqi nömrələri ifa olunacaq”.
Axşam saatlarında start götürən festival iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubu oxunub. Daha sonra Rusiya hərbi orkestrinin ifasında musiqi nömrəsi səsləndirilib.
Festivalın açılış mərasimi həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, “Spasskaya qülləsi” hərbi müsiqi festivalı sentyabrın 1-dək davam edəcək.