304
19:21
26 Avqust 2019

Bakı və Abşeronda rəqəmli radionun test yayımı başladı

Bakı və Abşeron yarımadasında Avropanın “DAB+” (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Bunu “ APA -Economics”ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.
Qurumdan bildirilib ki, hazırda “DAB+” rəqəmli radionun əhatə dairəsinin ölçülməsi məqsədilə onun bütün texniki parametrləri Dövlət Radiotezliklər İdarəsinə təqdim olunub.
“Ölçülər aparıldıqdan sonra “DAB+”un əhatə dairəsi ilə bağlı dolğun məlumat almaq mümkün olacaq. İlkin yoxlamalara görə, Abşeron yarımadası tam əhatə olunub. Yeni radio standartın özəlliyi ondan ibarətdir ki, rəqəmli televiziyada olduğu kimi, “DAB+”da bir multipleksin üzərindən bir neçə radio kanalın yayımını təşkil etmək mümkündür”, - İstehsalat Birliyindən qeyd ediblər.
Qeyd edək ki, hazırda ölkədə DAB+ standartını dəstəkləyən radioların sayı olduqca azdır. Lakin bu texnologiyanın tətbiqindən sonra onların sayının gələcəkdə artacağı gözlənilir.