258
02:04
05 Sentyabr 2019

Rəssam Sakit Məmmədovun İstanbulda sərgisi açılıb

Azərbaycanın tanınmış rəssamı, İngiltərə kraliçası II Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli sənətkar Sakit Məmmədovun əsərləri “Socar Türkiyə”nin dəstəyi ilə İstanbul sənətsevərlərinin qarşısına çıxıb.
“Socar Türkiyə”dən APA -ya verilən məlumata görə, Opalizm üslubunun əsasını qoyan məşhur rəssamın əsərlərinin sərgisi “Tophane-i Amine Kültür və Sənət Mərkəzi”ndə (Mədəniyyət və İncəsənət Mərkəzində) 1 ay nümayiş olunacaq.
SOCAR Türkiyənin Korperativ Əlaqələr Müdiri Murad Pilevneilinin koordinatorluğu ilə təşkil edilən sərgidə rəssamın “14 gözəl”, “Yatmış mələk”, “Yozulmamış yuxular”, “Şahzadə”, “Dünyadan qovulanlar” kimi dünyaca məşhur əsərləri daxil 160-dan çox rəsmləri nümayiş olunacaq.
Murad Pilevneili bildirib ki, “SOCAR Türkiyə” Azərbaycan və Türkiyənin ortaq dəyərlərini yaşatmaq və bu daimi dəyərləri daha yüksək səviyyələrə çatdırmaq üçün mühüm layihələr həyata keçirir: “Azərbaycan və Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq əlaqlərini iqtisadiyyatdan sosial və mədəni sahələrə daşıyan “SOCAR Türkiyə” Sakit Məmmədovun İstanbuldakı sərgisi ilə incəsənətə verdiyi dəstəyə davam edir.
Bu çərçivədə Azərbaycanın canlı əfsanəsi kimi tanınan əsərləri ilə incəsənət dünyasına yenilik gətirən belə dəyərli rəssamı dəstəkləmək, onun əsərlərini Türkiyədə incəsənət həvəskarlarına təqdim etmək bizə sevinc bəxş edir. Məmmədovun bu sərgisində iştirak edənlər ilham verən qeyri-adi personajların əksini tapdığı əsərlərlə fərqli dünyalara yelkən açıb sənətin ehtişamını hiss etmək fürsəti əldə edəcəklər”.
Sakit Məmmədov isə bildirib ki, sərgiyə “Opalizm” adı verilməsi onun əsərlərinin ən rəngarənk təbii opal daşlarına bənzədilməsindən irəli gəlir.
Rəssam növbəti sərgisinin Rusiya Dumasında, noyabr ayında isə Rusiyada Puşkin Muzeyində nümayiş olunacağını deyib.
Qeyd edək ki, sərginin ilk gününə Türkiyənin məşhur sənət adamları da qatılıb.