5226
14:03
06 Sentyabr 2019

Pendirin, püstənin, kotletin içində... - Heç şeytanın da ağlına gəlməyən üsullar - ARAŞDIRMA

Azərbaycanda qadın buduna ülgüclü bıçaq yapışdırıb həbsxanaya keçirirdi, hələ xırda püstələrin içərisinə xüsusi üsulla qoyulan heroini ötürmək istəyənlər də olub. Bu hələ harasıdır? Plastik qabların ortasına konteyner yerləşdirilir, həmin konteynerin içərisinə də narkotik maddə qoyurlar. Narkotiki mədəsində və daha hansı formalarda cəzaçəkmə müəssisələrinə keçirmə faktları olub. Lent.az -ın əməkdaşı bu istiqamətdə araşdırma apararkən heç "şeytanın da ağlına gəlməyən" variantlarla rastlaşıb.

Həbsxanaya məhkumlarla görüşə gedən insanların bir çoxu özləri ilə qadağan olunmuş vasitələr də aparırlar. Penitensiar Xidmətin nəzarətçiləri, əsasən də əməliyyatçılar əksər hallarda həmin şəxsləri müəyyən edərək cəzaçəkmə müəssisəsində istifadəsinə icazə verilməyən məhsulun ötürülməsinin qarşısını alırlar. Amma bu həmişə belə olmur. Heç kimə sirr deyil ki, həbsxanalara kəsici, deşici alətlər, narkotik maddələr, mobil telefonlar, qadağan olunmuş kitablar və s. keçirənlər olub. Bu hərəkətlər isə çox vaxt növbəti cinayət əməlinə gətirib çıxarır.

Bəs Azərbaycanda qadağan olunmuş vasitələr həbsxanalara daha çox hansı üsullarla keçirilir? Ümumiyyətlə, cəzaçəkmə müəssisələrinə hansı maddələrin gətirilməsi və müəssisədə istifadəsi qadağandır? Sizə təqdim edəcəyimiz yazıda əməkdaşımız bu suallara cavab tapmağa çalışır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polkovnik Mehman Sadıqov bu mövzu ilə bağlı Lent.az -a danışıb:

"Son zamanlar ən çox qeydə alınan faktları vurğulamaq istəyərdim. Qadağan olunmuş vasitələrin ötürülməsində ən çox istifadə olunan üsul bu maddələrin gətirilən yemək və sovqatın içərisində gizlədilməsidir. Corabın içərisinə narkotik qoyub sovqatın içərisində gizlədirlər. Sellofanın içərisində bükülü vəziyyətdə xüsusi üsulla heroin qoyub ötürməyə çalışırlar. Son bir-iki həftə ərzində pendirin, kotletin, püstənin içərisinə xüsusi üsula qoyulan heroin və digər narkotik maddələrin aşkarlanması faktlarını misal çəkmək olar. Sovqatdan əlavə cibində, şampun qabında, alışqanların içərisində qadağan olunmuş vasitə keçirmək cəhdləri qeydə alınıb və qarşısı alınıb. Həmçinin narkotik maddələrdən əlavə telefon, danışıq kartları, qulaqcıq və USB kabelləri keçirmək cəhdləri tərəfimizdən aşkar edilib. Hətta görüşə gələn qadının üzərinə baxış keçirən zaman ayağına yapışdırdığı ülgüclü bıçaq da Penitensiar Xidmətin əməkdaşları tərəfindən tapılaraq götürülüb. Hər bir hadisə ilə bağlı araşdırmalar aparılıb”.

“Milli Hüquq Evi”nin rəhbəri, hüquqşünas Nicat Gözəlovun da bu mövzu ilə bağlı maraqlı fikirləri var. O, Lent.az -a açıqlamasında qadağan olunan maddələrin adlarını çəkib. Nicat Gözəlov həmçinin həmin maddələrin hansı qaydalara əsasən qadağan edildiyi barədə də danışıb:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1 və 317-2-ci maddələrinə əsasən, cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan edilən vasitələrin ötürülməsi, o cümlədən, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qadağan olunmuş vasitələri hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadə olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub. Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilən qadağan olunmuş vasitələrlə bağlı cəzaçəkmə müəssisələrində daxili intizam qaydaları var. Həmin qaydalarda satılmasına icazə verilməyən, saxlanmasına icazə verilən və məhkumlara saxlanmasına icazə verilməyən vasitələr var. Bu siyahı daxili intizam qaydalarında qeyd olunub. Siyahıda əlbəttə ki, əsas yeri narkotik maddələr tutur. İkinci yerdə rabitə vasitələridir. Növbəti yerdə spirtli içkilər yer alır. Gətirilməsi və ötürülməsi ağlabatan olmasa da, qaydalarda odlu silahların da ötürülməsi və saxlanılması qadağandır. Bunlardan əlavə həmçinin pul, qiymətli əşyalar, küt alət, dərman vasitələri, oyun kartları, fotoaparat və ona aid olan materiallar, bəzi kimyəvi maddələr, pornoqrafik nəşrlər - istər jurnal, istərsə də kitablar, hərbi geyimlərin gətirilməsi və istifadə olunması, şüşə qablarda konserv məhsulların gətirilməsi qadağandır. Həmçinin cəza müddətinin bitməsinə 1 ay qalmış mülki geyimlərin gətirilməsinə də qaydalara əsasən icazə verilmir. Qaydalara əsasən ülgüclərdən elektrik və mexaniki cihazlardan istifadəyə də qadağa var. Ancaq elektrik üzqırxana və suqızdırıcıya icazə verilir. Cəzaçəkmə müəssisələri növlərinə görə fərqlidir və müəssisələr ağırlaşdıqca məhbuslara verilən hüquqlar da azalır. Daxili intizama görə məhkumların birinə 8 dəfə, o birinə 2 dəfə görüş vaxtı verilir. Bu zaman da gətirilən sovqata, bağlamaya nəzarətçilər tərəfindən baxış keçirilir. Əgər pul gətirilirsə məhkumun hesabına köçürülür, dərmanlar tibb məntəqəsinə verilir. Qadağan olunmuş əşya gətirdikdə isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur”.

Cəzaçəkmə müəssisələrində istifadəsinə icazə verilməyən məhsulların gətirilmə variantlarından bəzilərini qeyd edən hüquqşünas, bu məsələyə ABŞ və Avropada daha loyal yanaşıldığını deyib: “Spirtli içkiləri meyvə şirələrinin içərisində keçirməyə çalışırlar. Köhnədən belə bir dəb var ki, narkotik maddələri çörək bişirən zaman içinə qoyurlar. Yaxud əsasən qara rəngli şirələrin olduğu ikitərəfli bağlanan plastik qabların ortasına konteyner yerləşdirilir. Həmin konteynerin içərisinə də narkotiki yerləşdirirlər. Uzunmüddətli görüşə gələnlər arasında həmin vasitələri sellofanla birgə udma hallarına da rast gəlinir. Hətta dolmanın içində belə narkotik maddələrin keçirilməsinə cəhd olunub. Görüşə gələnləri yoxlayan nəzarətçilər əslində psixoloq kimidirlər. Onlar xırda söhbətdən, əlavə nəsə gətirilib-gətirilmədiyini hiss edirlər. Bizdən fərqli olaraq ABŞ və Avropada bu kimi hadisələrə loyal yanaşma var. Onlarda əsas məsələ cəza müddəti deyil, məhkumun islah olunmasıdır. Məlumdur ki, qərb ölkələrində məhkumlara kitab, jurnal, hətta kompüter verilir”.

Bizim cəzaçəkmə müəssisələrimiz ötən illərə nisbətən daha müasirləşir. Və qadağan olunmuş maddələrin içəri keçirilməsinə qarşı mübarizə də güclənir. Lakin bununla yanaşı məhkum yaxınları daha kreativ variantlar tapıb hamını təəccübləndirə bilirlər. Doğrudan da heç şeytanın ağlına gəlməyən üsullarla...

Mehman Nəbiyev