455
18:45
06 Sentyabr 2019

Əsassız yerə şişirdilən qiymətlər: süni bahalıq yaradanları nə gözləyir? - RƏSMİ CAVAB

Artırılan maaşların bu aydan veriləcəyi xəbəri özü ilə bərabər qiymət artımını gətirməyə başladı.

İri marketlərdə və bazarlarda qiymətlərin yüksəlməsini alıcılar artıq hiss edir.

Əhali ilə apardığımız kiçik sorğudan belə məlum oldu ki, daha çox kənd təsərrüfatı məhsullarının qiymətində artım özünü göstərir.

Məsələ ilə bağlı Lent.az -a fikirlərini açıqlayan millət vəkili Vahid Əhmədov əməkhaqlarının artırılması ilə bağlı Prezident sərəncamlarından sonra süni bahalaşma olacağını açıqladığını xatırlatdı: “Bu ayın 1-dən maliyyə bazarlarına təxminən 2,5 milyarda yaxın vəsait buraxılıb. Belə ki, sahibkarlar maaş artımı olmamışdan qiymətləri bahalaşdırmağa başlayırlar. Bu subyektiv qiymət artımıdır”.

V.Əhmədovun fikrincə, vətəndaşın maaşının artan hissəsi süni şəkildə ondan alınır. Onun sözlərinə görə, süni qiymət artımı olacaqsa, əməkhaqlarının artmasının mənası qalmır.

Millət vəkili hesab edir ki, İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vəziyyəti öyrənmək üçün monitorinqlər aparmalıdır: “Mal-məhsul xaricdən dollarla alınıb gətirilirsə, milli valyutada dəyişiklik olursa, bu, obyektiv bahalaşma yaradır. Bəs yerli məhsulun qiyməti hansı səbəbdən tez-tez dəyişməlidir? Sərəncamlardan sonra qiymət artımından narahat idim. Bu hal artıq özünü göstərir”.

Millət vəkili Fazil Mustafa bildirib ki, bazarı inzibati qaydalar deyil, iqtisadi qanunlar tənzimləməlidir: “Tutaq ki, bazara getdin və qiymətin aşağı salınmasını tələb edib buna nail oldun. Amma məsələ bununla bitmir. Əmək haqqı artdıqca bazarda bu istiqamətdə artım müşahidə olunur. İlk növbə monopoliyanı aradan qaldırmaq, rəqabət mühitini yaratmaq lazımdır. Rəqabət mühiti olsa və insanlar buna əməl etsə bu qədər möhtəkirlik anlayışı geniş yayılmaz. Amma indiki şərtlərdə qiymət artımının qarşısını ancaq inzibati yolla almaq olar. Bu zaman da hamıya nəzarət etmək mümkün deyil. Hər kəs malını satıb pul qazanmaq istəyir. Malı valyuta ilə alırlar. Sonradan gətirmə xərcləri və s. elə səviyyədə olur ki, məcbur olub üzərinə əlavə pul qoyub satırlar”.

Millət vəkili deyib ki, bu sahədə problem yalnız malların qiymətində deyil, keyfiyyətində var və keyfiyyət aşağıdır: “Qida bazarında inhisarçılıq tamamilə ləğv olunmalıdır. Digər sahələrdə də inhisarçılığı ləğv etmək lazımdır ki, sərbəst rəqabət mühiti olsun. Müşahidə etmişəm ki, maaş və pensiyaların artacağı xəbəri ilə bərabər qiymətlər də artır. Ən çox ərzaq məhsullarının qiyməti artır. Üstəlik də keyfiyyətsiz məhsullar çoxdur. Geni dəyişdirilmiş məhsullara nəzarət çox cüzi səviyyədir. Qida təhlükəsizliyi sistemində bu məsələyə nəzarət etmək imkanları mümkün deyil. Çünki imtiyazlı inhisarçılıq mövcuddur. Buna görə çətinliklər bundan sonra da qalacaq”.

Ekspert Akif Nəsirli bildirib ki, bazar iqtisadiyyatı modeli ilə çalışan ölkədə süni qiymət artımı məfhumunu qəbul etmir: “Süni qiymət artımı inzibati qaydada idarə edilən iqtisadiyyatlarda ola bilər. Hansı ki, orda dövlət konkret qiymət qoyur və satıcılar standart qiyməti süni şəkildə qaldırırlar. Amma bazar iqtisadiyyatında qiyməti tələb və təklif müəyyənləşdirir. Qiymətlər kənardan diktə olunmur, bazarda formalaşır. Ona görə də Azərbaycandakı qiymət artımını süni qiymət artımı kimi qəbul etmirəm. Sadəcə olaraq qiymət artımının səbəbləri var. Müşahidə etdiyimiz qiymət artımının bir hissəsi psixoloji təsirlərdən yaranır. Bu gün ölkə bazarlarında hamı bilir ki, maliyyə sferasına artıq pul kütləsi daxil olacaq. Bu pul kütləsinin təsiri altında ticarət dövriyyəsi genişlənəcək. Bu genişlənmədən iş adamları əlavə vəsait əldə etmək istəyirlər”.

A.Nəsirli bildirib ki, bu prosesin qarşısını almaq üçün ölkədə yalnız rəqabət yönümlü ticarət artırılmalıdır: “Sahibkarlar qiymət artımı barədə düşünəndə öz rəqiblərinin təsirini də nəzərə almalıdır. Yəni bazarı itirmək təhlükəsi qiymət artımı zamanı sahibkarı düşünməyə məcbur edəcək. Digər tərəfdən ölkədə bahalaşan məhsulların bolluğunu yaratmaq barədə düşünmək lazımdır. Bolluğun yaradılması üçün islahatlar aparılmalıdır”.

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mətbuata verdiyi açıqlamada bildirilib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə Dövlət Xidməti tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Qeyd olunub ki, daha çox istifadə olunan istehlak malları üzrə ölkənin bütün regionlarını əhatə edən gündəlik qiymət monitorinqi aparılır, nəticələri təhlil edilir. Baş vermiş qiymət dəyişikliklərin səbəbləri araşdırılır və nəticələrinə uyğun olaraq tədbirlər görülür.

Rəsmi məlumatda bildirilib ki, aparılmış monitorinq və nəzarət tədbirləri zamanı süni qiymət artımı halları qeydə alınmayıb: “İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Süni qiymət artımı müəyyən edildiyi təqdirdə bu cür hallara yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.