255
06:01
07 Sentyabr 2019

Kitablarımız Moskvada Beynəlxalq müsabiqədə mükafatlandırıldı - FOTO

Azərbaycan kitabları MDB ölkələri “Kitab incəsənəti” 26-cı Beynəlxalq müsabiqəsinin qalibi olub.
APA -nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya paytxatında keçirilən 32-cı Beynəlxalq Moskva Kitab Yarmarkası çərçivəsində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin, yarmarkada təmsil olunan Azərbaycan Nəşriyyat evlərinin və kitab mərkəzlərinin nümayəndələri iştirak ediblər.
MDB-nin 7 ölkəsinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirak etdiyi müsabiqə Azərbaycan kitabları üçün uğurlu olub.
Belə ki, “Şərq-Qərb” Nəşriyyatında çap olunan Nizami Gəncəvinin “Xosrov və Şirin poeması” kitabı beynəlxalq müsabiqənin “Qran-Pri” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda iştirak edən daha 11 kitabımız mükafat və diplomlara layiq görülüblər.
Bundan başqa MDB ölkələri arasında ən yaxşı kitab ticarəti mərkəzi nominasiyasının qalibi açıqlanıb. Bakı Kitab Mərkəzi bu nominasiyanın qalibi olub. Mükafat Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızına təqdim olunub.
Qeyd edək ki, 32-ci Moskva Beynəlxalq Kitab Yarmarkası sentyabrın 8-dək davam edəcək.