468
writer1

Qadir İbrahimli

Məqalə sayı

2
19:10 09 Sentyabr 2019

Uşaqpulu niyə bərpa olunmalıdır?- TƏHLİL

 
Son vaxtlar sosial şəbəkələrdə uşaq pulunun bərpası ilə bağlı müzakirələr gedir. İctimai fəalllar hökumətdən 2016-cı ildə ləğv edilmiş uşaq pulunun bərpasını tələb edirlər. İlk baxışdan haqlı görünür – dövlət yetkinlik yaşına qədər uşaqların qayğısına qalmalıdır. Ancaq məsələ bundadır ki, problem düzgün qoyulmayıb.
 
2006-cı il yanvarın 1-dək Azərbaycanda uşaq pulu verilirdi. Məbləği də yüksək deyildi. Ailədə adambaşına düşən gəlir 3,3 manatdan az olduqda, uşaq doğulduğu andan 16 yaşına çatana qədər ayda 1,8 manat müavinət alırdı. 2006-cı il yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başladı.
 
Rəsmi statistikaya görə, 2019-cu ilin 6 ayında 63 min 98 ailənin 260 722 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 199,15 manat olub və ÜDSY-nin maliyyələşdirilməsinə 64 milyon manat xərclənib. Ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır.
 
Ünvanlı sosial yardımların verilməsində təbii ki, ciddi qanun pozuntuları, korrupsiya və rüşvət halları olub. İndi də prosesin tam şəkildə şəffaf aparıldığını iddia etmək mümkün deyil. Ancaq bu faktdır ki, ünvanlı sosial yardımın verilməsi artıq elektronlaşmağa başlayıb. Şəffaflaşma prosesi tam başa çatarsa, kasıb ailələrin ünvanlı sosial yardımın əhatə dairəsinə problem olmayacaq. Təəssüf ki, bu problemlər hələ qalır. İctimai fəallar hökumətdən uşaq pulunu bərpa etməyi yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində prosesin tam şəffaflaşdırılmasını tələb etməlidir ki, yadımdan bütün aztəminatlı ailələr faydalana bilsin.
 
Ölkədə yoxsulluq həddi 5 faiz olduğundan yoxsul əhalinin sayı 500 min nəfərdir – ortalama 100-110 min ailə. Bu baxımdan ünvanlı sosial yardımın əhatə dairəsində olmayan daha 40-40 min ailə var. Təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin ailələrin də yardım alınmasını təmin etməlidir – problemin kökü budur.
 
Uşaq pulunun bərpası və istisnasız olaraq hamıya şamil edilməsi həm də sosial ədalətsizlikdir. Aylıq gəliri yüksək olan ailələrə niyə uşaq pulu verilməlidir? Məsələn, dövlət niyə 5 min maaş alan deputatın, rəsmi gəliri 1500-3000 olan hakimlərin, prokurorların, eləcə də iş adamların, yüksək maaş alan digər adamlara uşaq pulu verməlidir? Əksinə, dövlət həmin ailələrdən yığdığı vergilər hesabına aztəminatlı ailələrə yardım etməlidir. Bu həm də gəlirlərin yenidən bölüşdürülməsi deməkdir. Yoxsulluq kriteriyalarına yenidən baxıla, yoxsulların əhatə dairəsi genişlənə bilər, bununla bağlı müzakirələr normaldır, ancaq hamıya uşaq pulu ödənilə bilməz – bu anormal və ədalətsiz yanaşmadır.
 
"Doğumun yüksək olması səbəbindən uşaq puluna ehtiyac olmaması səbəbindən uşaq puluna ehtiyac yoxdur" deyən deputatların fikirlərini isə müzakirə etmək belə ayıbdır. Dövlət öz ərazisində doğulan hər bir uşağa sahib çıxmalıdır.