156
11:28
10 Sentyabr 2019

Keçmiş səfir Qarabağ münqişəsinin nizamlanması imkanlarından DANIŞDI

“Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana məxsus olması ilə bağlı səsləndirdiyi bəyanat onun əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir”.
Bunu APA -nın Gürcüstan bürosuna açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bu cür bəyanatların səsləndirilməsi münaqişənin həllinə yardım etmir və ATƏT-in Minsk qrupu prosesinin ruhuna ziddir: “Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl Dağlıq Qarabağın müstəqil olduğunu da demişdi. Dağlıq Qarabağ eyni anda həm müstəqil, həm də Ermənistan ərazisi necə ola bilər?! Reallıq budur ki, bu bəyanatlar ziddiyyətlidir. Bu bəyanat Minsk qrupu prosesinin ruhu ilə də tamamilə ziddiyyət təşkil edir. Məsələ bundadır ki, Dağlıq Qarabağın yekun hüquqi statusu sadəcə müzakirələr prosesi nəticəsində müəyyən ediləcək. Aydındır ki, müzakirəyə gedən tərəflər nələrisə verir və nələrisə alırlar. Müzakirə prosesi başa çatmadan tərəflərdən birinin istədiyini əldə etdiyini iddia etməsi məsələnin həllinə yardım etmir və ədalətsizdir”.
M. Brayza bildirib ki, münaqişənin nizamlanması üçün ABŞ-ın imkanları genişdir və ABŞ Prezidenti riskli görünən siyasi addımlar atmaq üçün münaqişə tərəflərinə yardım edə bilər.
“Keçmiş həmsədr kimi, deyə bilərəm ki, ABŞ münaqişənin nizamlanması istiqamətində böyük imkanlara malikdir. ABŞ Prezidenti tərəfindən münaqişənin həlli üçün bir qədər maraq da var. Biz həmsədrlər uzun illər məsələni Xarici İşlər nazirləri ilə, daha da önəmlisi Prezidentlərlə müzakirə etmişik. Düşünürəm ki, məhz ABŞ Prezidenti həm Azərbaycan, həm də Ermənistan rəhbərlərinə bu illər ərzində aparılan müzakirələrin siyasi cəhətdən riskli görünən addımlarını atmağa yardım edə bilər və prinsip etibarı ilə hər iki tərəf bu addımları atmağa razıdır”, - M. Brayza vurğulayıb.