687
20:15
10 Sentyabr 2019

“Bəyaz Xanım”, ölüm qorxusu altında mübarizə - Tarixin sandığından

Birinci Dünya müharibəsi zamanı Belçika vətənpərvərləri gizli bir təşkilat yaratmışdılar. Onun yaranması müttəfiqlərin heç bir xüsusi xidmət orqanı ilə əlaqədar deyildi və yalnız belçikalıların öz təşəbbüsündən qaynaqlanırdı. Təşkilatın adını əvvəlcə, “Mişlen xidməti” qoydular. Bu, təsadüfi bir addır. Maraqlıdır ki, bu adı Belçikanı müharibə ərəfəsində öz malları ilə işğal etmiş avtomobil şinləri istehsalçısı, məşhur “Mişlen” şirkətindən götürmüşdülər...

Sonralar təşkilatın yaradıcıları və ilk rəhbərləri – Lyej Teleqraf və Telefon şəbəkəsinin baş mühəndisi Deve və fizika professoru Şoven ona başqa ad verdi – “B129”, daha sonralar isə təşkilat “Bəyaz Xanım” adı ilə tanındı. Bu ad da rəmzi idi. Belçikada qədim bir əfsanə var. Bu əfsanədə deyilirdi ki, hakim Gogentsoller sülaləsinin son hökmdarı devrilənə yaxın, onun sarayında “Bəyaz Xanımın” kabusu dolaşırmış...

22 iyun 1916-cı ildə Deve və Şoven keşiş Dez-Oney ilə vacib bir yığıncaq keçirdilər. Deve öz yoldaşlarını xəbərdar etdi ki, Lyejin ən məşhur bankçı ailəsinin davamçısı Marsel Nagelmakers yeni təşkilata zəruri vəsaitin ayrılmasını öz boynuna çəkir. Dez-Oney isə dedi ki, dəmir yollarında köhnə nəzarət postları (onları hələ “Mişlen Xidməti”nin təşkilinədək yaratmışdılar) öz fəaliyyətini bərpa edib.

Təşkilatın əks-kəşfiyyatı da vardı. Şovenin qaynı Aleksandr Nejan alman istilası zamanında da Lyejdəki Belçika polisinin rəisi olaraq qalırdı. Kömək üçün ona müraciət etdilər. Belçika polisi almanların gizli polisinin nəzarətində olduğundan, Nejan Lyej şəhərindəki bütün alman casuslarını üzdən tanıyırdı. O, Deve və Şoveni həm casusların fotoları ilə təmin edir, həm də vətənpərvərlərə vaxtında çatdırdığı xəbərlər təşkilatın faş edilməsinin qarşısını alırdı. Nejan həm də, almanların belçikalılar arasından seçdiyi agent-provokatorların ifşa olunmasına yardım edirdi.

Məxfi təşkilatın məqsədi müttəfiqlərin xeyrinə kəşfiyyat tədbirləri həyata keçirmək idi. Yüzlərlə vətənpərvər bu təşkilata işləməyə hazır idi. İşlər yoluna düşürdü, amma ən çətin və təhlükəli bir iş hələ dururdu – müttəfiqlərlə əlaqə yaratmaq!

Haşiyə: I Dünya müharibəsində “Müttəfiqlər” ifadəsi Böyük Britaniya, Fransa və Rusiyadan ibarət “Antanta” hərbi bloku ilə sonradan müttəfiq olmuş İtaliya, Yaponiya, Belçika, Serbiya, Çernoqoriya, Yunanıstan, Rumıniya və Çexoslovakiya aid edilirdi.

Müttəfiqlərlə bu əlaqəni “Mişlen Xidmətindən” də əvvəl yaratmaq istəyən bir şəxs - Valter Devenin xalası oğlu Lambrext o vaxt uğur qazana bilməmiş, almanların əlinə keçərək, 1918-ci il aprelin 18-də güllələnmişdi. Ona görə də, müntəzəm və təhlükəsiz rabitənin yaradılmasına “Mişlen Xidməti”nin rəhbərləri müstəsna əhəmiyyət verirdilər.

Onlar əvvəlcə fransız kəşfiyyatının nümayəndələri ilə Hollandiyada əlaqəyə girməyə nail oldular. Artıq sərhəddən keçirmək üçün bir xeyli kəşfiyyat məlumatı toplanmışdı ki, “Mişlen Xidməti”nin əks-kəşfiyyat xidmətinə rəhbərlik edən Nejan üç Fransa agentinin həbs olunduğunu mərkəzə xəbər verdi. Əlaqəni təcili olaraq kəsməli oldular. Az sonra isə Fransadakı Belçika agenti ilə əlaqəyə girmək qərarına gəldilər. Lakin Hollandiyadan göndərilən kuryer agentlərin məktubunu onlara gətirdi. Məktubda təlimatlar, tapşırıqlar vardı və onların hamısı açıq mətnlə yazılmışdı. Məktub almanların əlinə keçsəydi, hər şey məhv olacaqdı. Beləliklə, “Mişlen Xidməti” bu cür bəsit əlaqədən imtina etdi.

Sonra iş elə gətirdi ki, “Mişlen Xidməti”nin kuryeri Hollandiyada müttəfiqlərin bir agentinə - İngiltərə baş qərargahının rezidenti mayor Kamerona çıxa bildi. Ona cəmi bir neçə məlumat göndərmişdilər ki, kuryer almanlar əlinə keçdi. Bu təşkilatı tam iflasdan xilas edən, yalnız o oldu ki, həmin kuryer eyni zamanda, nüfuzlu bankir olan Snukun (o, həm də təşkilatın üzvü idi) qurumunda çalışırdı. Snuk almanları inandıra bildi ki, ələ keçən kuryer vasitəsilə yalnız özünün bank hesablarını göndərir. Beləliklə, təşkilat salamat qaldı, amma Hollandiya ilə bütün əlaqələr yenə kəsildi.

İngilislərin Baş qərargahının “Mişlen Xidməti” ilə əlaqələri yalnız bir neçə aydan sonra - 1917-ci ilin fevralında bərpa olundu. Lakin bu dəfə də kuryerin özü satqın çıxdı və təşkilatın dörd üzvü, o cümlədən də Dez-Oney həbs edildilər. Yeri gəlmişkən, Dez-Oneyi elə məktəbdə, dərs dediyi yerdə tutmuşdular. O isə casusluğunu isbat edən sənədlərdən elə polisin gözü qabağında can qurtara bilmişdi – müəllim sənədləri dəftərin arasına qoyub, şagirdlərindən birinə ötürmüşdü...

Həbs olunanları məhkəmə qarşısına çıxardılar. İki nəfər 12 il katorqa cəzasına məhkum olundu, daha ikisi (o cümlədən, Dez-Oney) isə Almaniyadakı həbs düşərgəsinə göndərildi. Bu, gülüş doğuracaq dərəcədə yüngül cəza idi, çünki Birinci Dünya müharibəsinin həbs düşərgələri Hitlerin ölüm düşərgələrindən tamam fərqlənirdi.

“Mişlen Xidməti”nin birinci mərhələdəki fəaliyyəti elə bu hadisələrlə başa çatdı.

1917-ci ilin iyun ayında Hollandiyada müttəfiqlərin kəşfiyyat fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş verdi. Fransızlar öz fəaliyyətlərini yığışdırıb, İsveçrəyə keçirdilər, Belçika kəşfiyyatının fəaliyyəti vəsait çatışmazlığı üzündən heçə endi.

O vaxtlar uğurla, effektiv çalışan yalnız Britaniya kəşfiyyatı idi – həm, admirallığın, həm hava donanmasının, həm də Baş qərargahın iki strukturu ilə yanaşı, beşinci qurum – Britaniyanın məxfi xidməti də şıdırğı işləyirdi. Amma az sonra bu beş qurumun özü də iki strukturda birləşdi. Əsas kəşfiyyat qurumu dörd şöbəsi olan Məxfi Xidmət orqanı oldu. Şöbələrdən birinə sonradan, “Bəyaz Xanım”ın “xaç atası” olan Henri Landau rəhbərlik edirdi.

1916-cı ildə Hollandiyaya gələn Landau anladı ki, əsas problem sərhədyanı əlaqənin qurulmasıdır. Almanlar Belçika ilə işğal olunmamış Hollandiya arasında əlaqəni son dərəcə çətinləşdirmişdilər. Sərhəd boyu hasarlar tikilmiş, tikanlı məftillərdən çəpərlər ucaldılmışdı və həmin çəpərlərə yüksək gərginlikli elektrik cərəyanı buraxılırdı; keçidlərin hamısı minalanmışdı. Sərhəd xətti boyu patrullar gəzir, sərhəd zolağı güclü projektorlarla işıqlandırılırdı...

Landau sərhədyanı ərazidə agent şəbəkəsinin qurulmasına başladı. Şəbəkəyə Belçika dəmir yollarının hərbçi məmurlarından birinin oğlu olan Moro adlı şəxs başçılıq edəcəkdi. Bu, təsadüfi seçim deyildi, çünki agent şəbəkəsi əsasən, bir zamanlar dəmir yolunda qulluq edən, sonradan Hollandiyaya qaçıb, sərhəd boyu məskunlaşan şəxslərdən ibarət olurdu. Həmin adamların, onların Belçikada qalan dostlarının vasitəsilə sərhəd boyu altı yerdə məxfi keçid məntəqəsi yaradıldı.

“Mişlen Xidməti”nin nümayəndəsi, özünü Sen-Lamber kimi təqdim edən Lemer Hollandiyaya gələndə, vəziyyət belə idi. İngilis konsulu onu Henri Landaunun yanına göndərdi. Bir neçə dəqiqə söhbətdən sonra Landau bəxtinin necə gətirdiyini artıq başa düşmüşdü. O, “Mişlen Xidməti”nin mövcudluğundan xəbərdar idi; onlara inanır və bu təşkilatı kimsənin əlinə vermək istəmirdi. O, “Mişlen Xidməti”ni öz qurumunun nəzarətinə verməyə hazır idi ki, Lemer qəflətən dedi:

- Lakin bizim iki şərtimiz var: əvvəla, “Mişlen Xidməti”nin məsrəflərini qarşılamaq lazımdır, ikincisi, təşkilatın üzvləri israr edir ki, onlar hərbi qulluqda sayılsınlar.

Landau həmsöhbətinə maraqla baxır. Əgər birinci məqam problem deyildisə, ikinci şərt onu lap dalana dirəyirdi. Belçika vətənpərvərlərinin tələbi ona təbii gəlmişdi. Lakin Britaniyanın Hərb nazirliyi Belçika vətəndaşlarını ingilis əsgərinə necə çevirə bilərdi axı? Belçika hökumətinin özü belə, bu adamları hərbi qulluğa qəbul etməkdə aciz idi, çünki bu şəxslərin siyahısını xaricə göndərmək çox təhlükəli idi. Və nəhayət, “Mişlen Xidməti”ndə həddindən çox qadın vardı. Onları necə əsgər edəsən? Axı, o vaxtlar qadınlar orduda xidmət etmirdilər...

Landau həmsöhbətinə ehtiyatla bir sual verdi: öz tələblərinin təmin edilməsi üçün hansı yollar görür və təşkilat üzvlərinin andiçmə mərasimini necə təşkil etmək olar?

- Bilmirəm – Lemer cavab verdi. – Bu məsələni siz həll etməli olacaqsınız. Tələblərimiz ingilislər tərəfindən yerinə yetirilməsə, mənə Fransadakı Belçika hökumətinə müraciət etmək tapşırılıb.

“Yox bir... – Landau fikirləşdi, - bu təşkilatı belçikalılara vermək olmaz, çünki onların heç bir fəaliyyət imkanı yoxdur. Bunların tələblərini şərtsiz qəbul etmək lazımdır – o ümidlə ki, ingilis hökuməti bu tələbləri müharibədən sonra yerinə yetirə biləcək”. O, Lemerə dedi ki, İngiltərədəki rəisi ilə əlaqə saxlayıb, iki-üç günə cavabı deyəcək...

Landau yaxşı bilirdi ki, rəhbərliyə belə bir xahişlə müraciət etmək faydasız işdir. Odur ki, ertəsi gün təmiz vicdanla Lemerə məlumat verir ki, məsələnin həll olunduğu barədə xəbəri öz rəhbərliyinə çatdıra bilər. Lemer ondan heç bir yazılı zəmanət istəmirdi. O, məsələni artıq bitmiş hesab edirdi.

Maliyyə məsələsi lap tez həll olundu. İngilis kəşfiyyatı “Mişlen Xidməti”nin hesabına fəaliyyət üçün zəruri olan həftəlik vəsaiti keçirməyə başladı. Pulu isə iki bankir – Nagelmakers və Filippardan borc götürmüş, müharibədən sonra qaytaracaqlarına söz vermişdilər (yeri gəlmişkən, elə də oldu: müharibədən sonra bankirlərə Belçika valyutasında 150 min dollar dəyərində vəsait ödəndi).

İngilis Baş qərargahının kəşfiyyatı üçün “Mişlen Xidməti”ndən imtina etmək heç də asan deyildi. Amma Landau bu təşkilatdan ikiəlli yapışmışdı. O, özünün Baş qərargahdakı rəqibinin məlumatları ilə ancaq müharibədən sonra tanış ola bildi. “Mişlen Xidməti” qrafasında belə yazılmışdı: “Onu məndən Hərb nazirliyinin kəşfiyyatı “oğurladı”.

İndi, bütün təşkilati məsələlər artıq həllini tapandan sonra, “Mişlen Xidməti”nin rəhbərləri diqqəti Belçikanın içindəki fəaliyyətlərinə yönəltmək imkanı əldə etdilər. Onlar artıq məlumatlarının sərhəddən ötürülməsinin qayğısını çəkmirdilər: ingilis kəşfiyyatının qurduğu şəbəkə bu sənədlərin həftədə azı iki dəfə Hollandiya vasitəsilə çatdırılmasını təmin edirdi.

“Mişlen Xidməti”nin həyatında yeni dövr başlanmışdı. Təşkilat, hər şeydən qabaq, adını dəyişdi. Bunu ona görə etdilər ki, almanlar “Mişlen Xidməti”nin öz fəaliyyətini dayandırdığını düşünsünlər. Təşkilat əvvəlcə, “B129” adı altında qeyd olunurdu, sonradan, “Bəyaz Xanım”a çevrildi və kəşfiyyat tarixinə də məhz elə bu ad altında düşdü.

Deve və Şoven təşkilatı hərbi-bürokratik tərzdə yenidən qurmağa girişdilər. Mərkəzləri Lyej, Namyure və Şarleruada olan üç batalyon yarandı. Hər batalyon üç rotaya, hər rota vzvodlara bölündü. Hər bölmə adını daşıdığı rayona xidmət göstərirdi. Bu, yetkin adamların oynadığı oyuna bənzəyirdi, amma bu oyunda hər an ölümcül təhlükə vardı.

Hər rotanın dördüncü vzvodu sırf digər üçündən məlumatları toplayaraq, rotanın “poçt yeşiyinə” ötürməklə məşğul olur, məlumat ordan da yuxarılara ötürülürdü. Bu “poçt yeşikləri” və onlara xidmət edən kuryerlər təşkilatın qalan hissəsindən tam təcrid olunmuşdular. Kuryer xidmətini həyata keçirənlər yalnız vəzifələrinə bilavasitə aid olan məsələləri bilirdi. Təşkilatın başqa üzvləri barədə kimsəyə sual vermək onlara yasaqlanmışdı.

Hər batalyon və baş qərargahın öz katibliyi vardı. Məlumatlar orda incələnir, analiz edilir, makinadan çıxarılaraq, Hollandiyaya göndərmək üçün hazırlanırdı.

Xüsusi kuryer sənədləri baş qərargahın katibliyindən sərhəddəki “poçt yeşiyinə” aparırdı və orda Britaniya Hərb nazirliyinin kəşfiyyat xidməti iş başına keçirdi. Sənədləri götürüb, sərhəddən Hollandiyaya ötürürdülər. Ən təhlükəli iş sərhəddəki “poçt yeşiklərinin” işi idi və bu səbəbdən onlarla kontakta girənlərin hamısı ətraf aləmdən təcrid olunurdu.

Baş qərargah iki rəisdən, səkkiz üzvü olan ali şuradan, keşişdən, əks-kəşfiyyat, maliyyə, rabitə şöbələrindən, katiblikdən, ifşa olunmuş agentləri aradan çıxarıb sərhəddən keçirən xüsusi şöbədən və nəhayət, təşkilatın fəaliyyətinin genişləndirilməsinə cavabdeh olan şöbədən ibarət idi.

“Bəyaz Xanım”ın bütün üzvləri sədaqət andı içirdilər; onların hər birinə üzərində adları, təvəllüd tarixi və anadan olduğu yerin adı, şəxsi nömrələri cızılmış jeton təqdim olunurdu. Bu jetonu torpağa basdırıb, müharibə bitənə kimi çıxarmamalı idilər.

Təşkilat üzvlərinə başqa işlə, məsələn, Belçika əsgərlərinin məktublarını çatdırmaq, Vətənpərvər “Libr Beljik” qəzetini yaymaq qadağan idi.

Təşkilatın hərbiləşməsi “Bəyaz Xanım”da olan və hərbi mükəlləfiyyət daşıyan bir çox belçikalı üçün mənəvi dayaq idi. Onlar əmin olmaq istəyirdilər ki, müharibədən sonra nə Belçika hökuməti, nə də ictimaiyyət onları sərhədi keçib, Belçika ordusu sıralarına qoşulmamaqda ittiham edə bilməyəcəkdi. Nəhayət, sülh sazişindən sonra hərbi tribunala düşmək təhlükəsi alman polisinin əlinə keçənlər üçün susmağa əlavə stimul idi.

“Bəyaz Xanım”ın bütün üzvlərinin konspirativ ləqəbləri olurdu; rəhbərlərin isə bir neçə belə ləqəbi vardı.

Baş qərargahın konspirativ mənzilləri xüsusi ehtiyatla seçilirdi. Əsas mənzil-qərargah bütün mənalarda ideal idi. Onun beş çıxışı vardı - küçəyə; bağa və ordan da qonşu döngəyə; tavandakı lyuk vasitəsilə dama; müxtəlif mərtəbələrdə olan daha iki çıxış isə, qonşuları ilə heç ünsiyyət saxlamayan ziyansız bir qarının yaşadığı qonşu binaya aparırdı. Təşkilatın əsas mənzil-qərargahından savayı, daha bir neçə konspirativ mənzili, habelə üç malikanəsi vardı ki, ifşa olunmaq təhlükəsinə məruz qalan agentlər orada gizlənirdi.

İşin təşkilati tərəfinə ona görə bu qədər çox fikir veririk ki, kəşfiyyat fəaliyyəti öz yerində, amma “Bəyaz Xanımı” lazımsız itkilərdən məhz parlaq təşkilati fəaliyyət sığortaladı və ona özünün mübarizə qabiliyyətini müharibənin sonunadək qoruyub saxlamaq imkanı verdi.

Landau öz xatirələrində yazır: “Deve və Şovenin təşkilati dühası ilə idarə olunan “Bəyaz Xanım” alman məxfi polisi ilə ilyarımlıq ölüm-dirim savaşına girdi”. Bu savaş müharibənin son akkordlarınadək davam etdi...

Davamını Lent.az -da oxuyacaqsınız...