7501
14:54
18 Sentyabr 2019

Rusiyanı şoka salan xanım məmur Lent.az-a danışdı: “Şokolad vannası deyildi...” - EKSKLÜZİV - FOTO

“Biz ailəlikcə Azərbaycanı, Bakını çox sevirik. Naftalanda isə ilk dəfə deyildi ki, olurduq”. Bu sözləri Lent.az -a eksklüziv açıqlamasında Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun müşaviri Svetlana Openışeva bildirib.

Xatırladaq ki, bir qədər əvvəl xanım Openışevanın Naftalandakı sanatoriyaların birindən “şokolad vannası” adıyla zarafatyana paylaşdığı foto Rusiyada böyük rezonans doğurmuşdu. İş o yerə çatmışdı ki, Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov Naftalanda “şokalad vannası”ndakı müşaviri barədə araşdırma aparmağı tapşırmış, araşdırmanın sonunda “dəbdəbəli həyatı nümayiş etdirməyə görə” onun işdən azad edilə biləcəyini demişdi.

Amma ilkin araşdırma zamanı məlum oldu ki, söhbət heç bir şokolad vannasından getmir. Foto Naftalanda, Naftalan nefti ilə dolu vannada çəkilib. Bir vannanın qiyməti isə 300 rubl, təxminən 6 manat təşkil edirmiş.

Amma foto Rusiya və region dövlətlərin mediasında böyük rezonans doğurduğundan xanım məmur üzr istəməyə məcbur olmuşdu.

Sitat: “Dostlar. Postumdan hiddətlənən və ya özünün təhqir olunmuş sayan hər kəsdən üzr istəyirəm. Sadəcə olaraq, möhtəşəm Azərbaycan dövlətində bahalı olmayan və möhtəşəm istirahətə diqqəti cəlb etmək istəyirdim, amma görünür, uyğun forma seçməmişəm. Bir daha məni bağışlamanızı xahiş edirəm”.

Bu üzrxahlıqdan və araşdırmadan sonra xanım məmurun işdən azad olunma təhlükəsi artıq arxada qalıb.

Xanım Openışeva Lent.az -ın müxbiriylə söhbətində bildirib ki, hər şeyin xoş sonluqla bitdiyi üçün şaddır. “Başqa cür ola da bilməzdi. Azərbaycan və Naftalan bir yerdə gücdür”.

Xanım məmurun dediyinə görə, o, Azərbaycana istirahətə və müalicəyə tək gəlməyib. Svetlana xanım Bakıda çəkdirdikləri ailə fotosunu da Lent.az -ın əməkdaşı ilə bölüşüb.

“Mən Azərbaycana ailəmlə birgə getmişəm. O sanatoriyada istirahət və müalicə hər bir sıravi rusiyalının cibinə uyğundur. Biz Azərbaycanı çox sevirik. Onu da deyim ki, ilk dəfə deyil Naftalan gəlirik” - deyə Openışeva bildirib.

Lent.az -ın araşdırmasına görə, xanım məmur Naftalandakı “Qarabağ” sanatoriyasında dincəlib və onların ümumi xərci heç 1000 dollar təşkil etməyib.

Sonda Svetlana Openışeva Ulyanovskda güclü Azərbaycan diasporunun olduğunu da qeyd edib: “Ulyanovskda azərbaycanlıları sevirlər. İslam Hüseynova təşəkkür düşür. Çünki güclü Azərbaycan diasporu yaradıb”.