371
13:32
22 Sentyabr 2019

Şahin Atamov daha bir qələbə qazandı

Karate üzrə Azərbaycan milli komandasının uzun illər kapitanı olmuş və Dünya Karate Federasiyasının (WKF) bir çox ən nüfuzlu rəsmi titulların sahibi Şahin Atamov, Karate Combat "Evolution" peşəkar karate liqasında debütünü qələbə ilə başa vurub.

Lent.az -ın məlumatına görə, idmançımız rəqibini birinci raundun 2-ci dəqiqəsində nokauta salıb. Liqada "Aslan" ləqəbi ("The Lion") ilə çıxış edən Şahin Atamovun ağır çəkidə (93 kq) rəqibi isə liqada birinci döyüşünü qələbə ilə başa vuran Dominikanlı Xorxe Peres olub. Görüş 22 sentyabrda ABŞ-ın Florida şəhərində keçirilib. Qeyd edək ki, döyüşlər hər biri 3 dəqiqəlik 3 raunddan ibarətdir və mübarizədə aşırma fəndlər də tətbiq olunur. Karate Combat liqası dünyada ilk tam kontakt peşəkar karate liqasıdır, mənzil-qərərgahı Nyu-Yorkda yerləşir. Liqanın 30-dan artıq ölkədən 100-dən çox tanınmış karateçi ilə müqaviləsi var və təşkilat yalnız titullu karateçiləri turnirə qəbul edir. Karate Combatın təşkilatçıları yeni qaydalara görə çempiona "Qızıl kəmər" təqdim edəcək və döyüşçü kəməri özü ilə apara biləcək.