1580
writer1

Məhəmməd Tanhu

Məqalə sayı

1
14:51 25 Sentyabr 2019

Öz məşuqəsini öldürən tələbə

Görüntü; ilahi, mistik, əlahiddə bir haşiyədir. Bir görünüb bir itən kəpənək kimi yazıçının dalınca ayaq yorması gərəkən fövqaladə nüansdır, yazarın başına gələn ən möhtəşəm nöqtədir. Bir çox əsər, o görüntünü çatdırmağa yazar "qələminin nəfəsi yetmədiyi", yorulduğu üçün tamamlanmayıb.

Görüntü, ideyadan çox-çox öncə özünü tanıdır, "salamməleykim" edir yazıçıyla. Qismən, az nümunələrdə ideyadan görüntü yarandığını oxuyuruq yazarların master-klasslarından. İdeya boyunduruğuyla düşünülmüş səhnələrlə görüntü qarışdırılmamalıdır. Örnək kimi: yazıçı türkçülük, millətçilik ideyası daşıyan bir əsər, daha doğrusu, fraqment planlaşdırdığında, cızma-qara edəndə baş qəhrəman bayrağı öpüb cibinə qoyacaq, yaxud vətən torpağını ovuclayıb burnuna yaxınlaşdıraraq dərindən qoxlayacaq tipli səhnələr düşünməsi görüntü deyil, ideyanın hekayə üzərindəki ağalığından qaynaqlanan zoraki təcəssümlərdir. Görüntünü qəribə səslənsə də, yazıçıdan gəlmir, qəfil ildırım çaxması təkin təxəyyül ekranında anidən həyatilik qazanır.

Bir əsərdə görüntü yazıçının tər tökdüyü, hadisələri qolundan yapışaraq dartıb yanına gətirib, başına pərvanə etdiyi orbitdir, mərkəz deyil.

Yazarlar, bəzən yaxın bildikləri dost-tanışlarıyla öz yaradıcılıqlarından, yazı-pozularından mövzu açarkən, istəyirəm filan bir əsər var onu yazam, yaxşı bir "ideya" gəlib ağlıma onu işləmək istəyirəm deyərkən təxəyyül ekranlarında görünüb, yaddaşın bir künc-bucağında yerləşmiş o görüntünün sevinciylə sərxoş olduqlarından xəbərsizdirlər; görünütünü özlərinin təxəyyül gücündən gələn sıravi epizodlarla tay tuturlar.

Qanlı-qadalı filmlər rejissoru Tarantinonun "Billi öldürmək" adlı ikihissəli filminin ilk seriyası üçün baş yorduğu final səhnəsində, qar ağır-ağır yağarkən bu ilahi və şeirvari mənzərədə tamaşaçı ölümünə qılınclaşan, müxtəlif sivilizasiyadan çıxmış iki qadın, bir az da irəli gedirəm: şərq və qərb kəllələşməsi görür. Bu unikal səhnənin fonundakı Santa Esmeraldanın "Don't Let Me Be Misunderstood" musiqisini də üstünə gəlsək, bu görüntü rejissor üçün film istehsal etməyə bəs edər. Tarantino həm də ssenaristdir axı; onun ilham pəriləri yaraq-yasaqlı, əlisilahlıdır, fınxıran ilham atlarının tərkindəysə, qanqsterlər əyləşib.

Əsəri ərsəyə gətirən həmin əlahəzrət görüntünü uzun-uzadı baş sındırmaqla müəyyənləşdirmək məziyyəti yazıçının ayaq yeri qoymasıyla yekun tapır. Bu sırf yazarın yazı-pozu maneralarının daxilində qalıb hadisələrin kölgəsində daldalanan bir özəl vəziyyətdir.

Oxucu tam dolğunluqla yalnızca yazarın əsəri haqqında həddən-ziyadə səmimi danışdığı müsahibəsində görüntünün yaranışı, inkişafı, hərəkəti haqda məlumatlana bilər.

Görüntü amili əsərin süjet xəttinin döyünən qəlbi kulminasiya nöqtəsiylə oxşarlıq göstərə bilər. Görüntü, romanı yazdırmağa sövq edən qüvvədir, kulminasiya nöqtəsi isə hadisələrin gedişatında ortaya çıxır və ədəbi tənqidçilər kulminasiyanı müəyyən edərkən fərqli epizodları seçib müdafiə edə bilərlər. Görüntü, yazarın içində yaşayır və əsər yazılmır və həmin görüntü yazarla birlikdə qeyb olur.

Tamamilə o sirli reallığı əks etməsə də görüntü detalını anlamaq üçün sırf mənim gəldiyim yarı sənədli, yarı təxmini örnəklər: Servantesin "Lamançlı hidalqo Don Kixot" romanında külək dəyirmanına nizə sancma səhnəsi, Dostoyevskinin "Karamazov qardaşları"nda iyerosximonaxın bədənindən üfunət qalxması səhnəsi, Pamukun "Bəyaz qala"sında bir gecəyarısı saraya doğru addımlayan kahin səhnəsi, Əlif Şəfəqin “Həvvanı üç qızı”nda dindar ailədə böyüyən Pərinin agnostik professora aşiq olma səhnəsi, Stendalın "Qırmızı və Qara"sında universitetdə tələbənin öz yaşlı məşuqəsini öldürməsi detalı, Şərifin "Haramı"sında Qoç Səməndərin polislərlə əlbəyaxa olduğu səhnə, Aqşinin "Göləqarğısancan"ında Leş Əlinin şəhərə ilk dəfə ayaq basmağı epizodları, Sərdar Aminin "Su sərgisi"ndə qəhrəmanın gözləri qapalı maşın sürdüyü səhnə..